Sabunçu cəbhəçiləri konfrans keçirdi

AXCP-nin rayon təşkilatı yeni orqanlarını və rəhbərliyini seçib

Bazar günü AXCP-nin Sabunçu rayon təşkilatının konfransı keçirildi. Konfransın gündəliyində duran əsas məsələ AXCP Sabunçu rayon şöbəsinin sədrinin, bu şöbədən AXCP Ali Məclisinə üzvün və Nəzarət Təftiş Komissiyasının (NTK) seçilməsi, rayon şöbəsinin tərkibinin təsdiq edilməsi və ölkədə ictimai-siyasi vəziyyət idi.
Konfransda 28 nümayəndədən 24-nün iştirak etdiyi deyən təşkilat komitəsinin sədri Zöhrab Ibrahimli tədbiri giriş sözü ilə açdı və dövlət himni oxundu. Daha sonra rayon şöbəsi sədrinin seçilməsi üçün namizədlər irəli sürüldü. Zöhrab Ibrahimli yekdilliklə sədr seçildi.
Ali Məclisə üzv seçilməsi üçün nümayəndələr iki nəfərin – Ziya Zöhrabov və Rəfael Həsənovun namizədliyi irəli sürüldü. Hər iki şəxs özü haqda məlumat verəndən sonra səsvermə keçirildi. 19 səs lehinə, 1 səs bitərəf olmaqla Ziya Zöhrabov Ali Məclisin üzvü seçildi.
Rayon şöbəsinin tərkibinin təsdiq edilməsi üçün Z.Ibrahimli 15 dayaq dəstənin rəhbərlərinin adlarını konfrans iştirakçılarına təqdim etdi. 1/3 tərkib əlavə olmaqla dayaq dəstələri məclisi təsdiq edildi.
AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlı, AXCP Ali Məclisinin sədr müavini Iradə Əliyeva konfransda çıxış edərək ölkədəki ictimai-siyasi durumdan danışdılar.

Ramin