Sabirabadın kəndləri ayağa qalxdı

Problem həll edilməsə, növbəti aksiya Prezident Aparatının qarşısında olacaq

 

Sabirbadlılar kompensasiya və evlərinin tikilməsini tələb edirlər

 

Sabirabadda Kür daşqınlarından zərər çəkən vətəndaşlar ötən gün etiraz aksiyası keçirdilər. Zərərçəkənlərin məqsədi Əsgərbəyli kəndində yığışıb rayon icra hakimiyyətinin binası qarşısına gəlmək idi. Səhər saat 9-a təyin olunan aksiya yarım saat gecikdi. Etirazçılar Əsgərbəyli, Muradbəyli, Yuxarı Axtaçı və Qasımbəyli kəndlərindən olan yüzərlə insan ötən il Kür daşqınları zamanı dəymiş zərərə görə kompensasiyaların ödənilməsi və yeni evlərin tikilməsi haqda verilən vədlərin yerinə yetirilməsini tələb edirdilər.

Haqqı tələb etdinsə, dilənçisən!

Azərbaycan bayrağı, Heydər və Ilham Əliyevlərin portretləri ilə küçəyə çıxan sakinlər haqlarını tələb edirdilər. Jurnalistlər hadisə yerinə çatanda artıq icra hakimiyyətinin bir neçə nümayəndəsi izdihamın içərisində idi. Az keçməmiş Sabirabad rayon polis şöbəsinin rəis müavini Zülfü Isayev də “hadisə yerinə” gəldi. Sakinlərdən açıqlama aldığımız vaxt o, bizdən vəsiqə tələb etdi. Sənədlərimizdə “qüsur” tapmayıb kənara çəkildi. Təxminən yarım saatdan sonra icra başçısının müavini Heydər Yaqubov kəndə etirazçılarla söhbətə gəldi. Etirazçılar onu görən kimi “Yenə bu gəldi?”, “O bizə heç nə etməyəcək”, “Həmişə gəlib bizi dinləyib, çıxıb gedir”, “Bizi bədbəxt edənlərdən biri də Heydərdir” sözlərini şüar kimi səsləndirdilər. Deyilənlərə əhəmiyyət verməyən icra başçısının müavini sakinlərlə söhbətə başladı. O, dəftərçəsinə qeydlər edəndə zərərçəkənlər şikayətləndilər: “Yenə başladı yazmağa. Burdan çıxan kimi yazdıqlarını Kürə atacaq”.
Deyilənlərə əhəmiyyət verməyən Heydər Yaqubov öz işindəydi. Sakinlər həm bizə, həm də icra hakimiyyətinin səlahiyyətli nümayəndəsinə toplaşmaqlarının səbəblərini çatdırdılar. Onlar deyirlər ki, əhalinin məqsədli şəkildə heysiyyatı ilə oynayırlar: “Beş-on manat pul verirlər. Ancaq nə üçün verdiklərini demirlər. Bilmək olmur kompensasiya qəzalı evlərimizə görə verilir, yoxsa əkin sahələrimizin yararsız hala düşməsi üçün. Pulumuzu tələb edəndə bələdiyyə sədrləri (bir neçə kəndin bələdiyyə sədri nəzərdə tutulur – R.D) deyir ki, camaat dilənməyə başlayır. Anlamaq olmur, adam öz haqqını tələb edəndə dilənçi olur?”.

Heydərovun qisası

Etirazçıların sözlərinə görə, özünü FHN-in regionda səlahiyyətli nümayəndəsi kimi təqdim edən Sənan Abdullayev rüşvət müqabilində zərərçəkənlər üçün ev tikdirir: “Ev tikdirmək istəyən gərək rüşvət versin. Rüşvət 1000 manatdan başlayır. Sənin üçün tikiləcək otaqların sayı nə qədər çox olsa, bir o qədər çox pul verməlisən. Elə ailələr var ki, daşqından öncə üç otaqlı evi vardı. Indisə özünə beş-altı otaqlı ev tikdirib. Belə haqsızlıq olmaz”.
Etirazçılar bizə danışdıqca Heydər Yaqubov da qeydlər aparırdı. O, şikayətçilərin adlarını da bir-bir yazırdı. Halbuki ümumi problemi, adamların nədən şikayətləndiyini yaza bilərdi. Sadəcə bunu etmirdi. Elə bu da etirazçıların narazılığına səbəb oldu. Onlar problemin ümumilikdə qeyd olunmasını tələb etsələr də, heç bir faydası olmadı. Sakinlərdən biri: “Heydər bilərəkdən danışan adamların adlarını yazır ki, gedib başçıya ”doklad” etsin. Yəni kim haqqını tələb edir, kim aktivdir. Məqsədi fəal adamları gözaltı etməkdir” – söylədi.
Etirazçılar Ilham Əliyevin Əsgərbəyli, Muradbəyli, Yuxarı Axtaçı və Qasımbəyli kəndlərinə ayrılan 10 milyon manat kompensasiyanın 3 milyondan bir qədər artığının əhaliyə çatdığını söylədilər. Heydər Yaqubov da bu faktı haradan əldə etdiklərini soruşanda hamı ucadan “AzTV” dedi. O, bu cavabı da kitabçasına qeyd etdi.
Zərərçəkənlər bildirirlər ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov insanları bilərəkdən incidir: “O istəyirdi ki, bu kəndlərin əhalisini yalnız ilan olan yerə – Zəngənəyə köçürtsün. Özü isə burada balıq vətəgəsi yaratsın. Çünki Sarısu vətəgə üçün əlverişlidir. Hətta bizə deyirdilər ki, Zəngənəyə köçün, hər bir ailəni 4-5 otaqlı evlərlə təmin edəcəyik. Yalandan deyirdilər ki, bu torpaqlar yararsızdır. Indi necə oldu burada ev tikildi? Deməli, hamısı yalan imiş. Insanlar buna etiraz etdiyindən Kəmaləddin Heydərovun niyyəti baş tutmadı. Məhz buna görə bizə çatacaq kompensasiyaları kəsdi”.
Etirazçılar Heydər Yaqubova etirazlarını bildirdilər: “Burda elə ailələr var ki, 3 nəfərdilər, ancaq onlara dörd otaqlı ev tikilib. Elə insanlar var ki, onların qamışdan tikililərinə ”gücləndirmə” yazılıb. Qamışdan tikilən evlər necə gücləndirilə bilər?”. Icra başçısının müavini “bunları kim edir” deyə soruşanda – “haqsızlığa dəstək verənlərdən biri də sənsən”- cavabını aldı.

“Siz gəlməsəniz, biz gələcəyik!”

Kimi evi olmadığı üçün oğlunu evləndirə bilmir, kimi koması əldən getdiyinə görə məktəblərdə və digər Sovetdənqalma köhnə idarə-müəssisələrdə gecələyir. Elə sakinlər var ki, onlar nə bir qəpik kompensasiya alıb, nə də evini təmir etdirə bilib. Onlar bildirirlər ki, kəndə komissiya gətirmək üçün də pul verilməlidir: “Biz həm rüşvət verməliyik ki, komissiyanı kəndə gətirək, həm də evimizin tikintisi üçün pul ödəməliyik. Kasıb olanlar yavaş-yavaş taxta-şalban alır. Məsələn, 20 manat verib, bir ”KAMAZ” daş almaq olar”.
Sakinlər dərdlərini söylədikcə Heydər Yaqubov “əsəbiləşməyin, hər şey qaydasına düşəcək” – dedi.
“Narahat olmayın, evinizə gedin, bütün problemlərinizi başçıya çatdıracam” – deyən Heydər Yaqubov Zülfü Isayevlə birgə ərazini tərk etdi. Etirazçılar bir daha onlara bildirdilər ki, ayın 7-nə qədər problemləri həll edilməsə, Prezident Administrasiyasının qarşısına toplaşacaqlar. Beləliklə, etiraz aksiyası “iyulun 7-də bizə gəlməsəz, 8-də biz gələcəyik” şüarıyla yekunlaşdı.
Əsgərbəylidən çıxıb Bakıya yol aldığımız vaxt xəbər verdilər ki, daşqınlardan əziyyət çəkən başqa kəndlərin onlarla sakini Icra Hakimiyyətinin binası qarşısına toplaşıb. Adıçəkilən ünvana üz tutduq…
Məlum oldu ki, Bala Həşimxanlı, Azadkənd, Çöl Beşdəli, Poladtoğay, Qasımbəyli, Qaragünə, Dadaşbəyli kəndlərinin sakinləri səhər saat 8-dən icra başçısının qəbuluna düşmək üçün binanın önünə toplaşıblar. Saat 13-ü ötsə də, qəbula düşmək müşkül idi. Bura yığışanlar da evlərinin tikilməməsindən, kompensasiya ala bilməmələrindən şikayətçi idilər. Reportaj hazırlayan zaman polislər bizə yaxınlaşıb “siz icra hakimiyyətindən icazə almısınız” sualıyla müraciət etdilər. “Icra hakimiyyətindən yox, sakinlərin problemlərindən reportaj hazırlayırıq, bunun üçün icazə gərək deyil” cavabını verdik. Onlar da “işinizdə olun” deyib uzaqlaşdılar.

***

Sakinlərlə söhbət edəndə polislərdən biri – “nə danışırsınız danışın, biz onsuz da onların qeydlərini alıb cıracağıq” – deyə etirazçılara hədə-qorxu gəldi…
Bizsə kompensasiya ala bilməyən, evləri tikilməyən, orda-burda gecələyən insanların dərdlərini dinlədik. Və işimizi yekunlaşdırıb Bakıya qayıtdıq. Biz rayondan çıxanda çərəsiz insanlar hələ də icra hakimiyyətinin binası qarşısında idi…

Ramin DEKO,
Bakı-Sabirabad-Əsgərbəyli-Bakı