Qızıl kimi torpaq…

Bu torpağın hər addımından qızıl çıxır. Ağı ağ, qarası qara, sarısı sarı…ölkənin başına sərvət yağır. Rəng çeşidiylə müqayisə etsək, təbii, “qara qızıl” birinci gəlir. Neft milyardları haqqında, demək olar ki, hər gün eşidirsiniz. Amma diqqətinizə təqdim edəcəyim bu faktlar məcazi anlamda deyil, həqiqi anlamda sarı rəngdə olan gerçək qızılımızla bağlıdır. Rəsmi mənbələrin məlumatına görə, təxminən üç il əvvəl istismar olunmağa başlayan Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 min ton mis ehtiyatı var. Bu ehtiyatları çıxarmaq üçün Azərbaycan tərəfi bir sıra xarici şirkətlərlə müqavilə imzalayıb. Həmin müqaviləyə əsasən,  Gədəbəy yatağından təkcə qızıla görə 710 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir. Gümüş və mis də nəzərə alınsa, ölkəyə əlavə olaraq 360 milyon dollar da gələcək… Bu, nümunə üçün göstərdiyim yataqlardan yalnız biridir. Hazırda ölkəmizdə işlənməkdə olan belə yataqların sayı onlarladır.

Rəqəmləri oxuyanda, bəlkə də, çoxunuzun qanınız qaralacaq. Bu ölkənin illərdir milyardlar gətirən “qara qızıl”ndan qara qəpik də pay almayan insanlarımız var. “Qarasından hansı günümüz ağardı ki, qaldı sarısı..” – deyə düşünəcəksiniz, bəlkə də. Doğru sözə nə deyəsən… Sovet zamanında “ağ qızıl”la gələn bayraqları xatırlayın! Gerçəkdən, bu millət hansı sərvətindən nə zaman bir fayda gördü ki?

Əksinə, zaman-zaman bu qızıl dəyəri daşıyan əlvan rəng palitrası ölkəni bahalı bir tablo kimi ələ keçirmək istəyənlərin savaş meydanına çevrildi. Dönüb tarixə baxanda, xalq arasında məşhur olan “neyləyirəm o qızıl teşti ki, içinə qan qusam” deyiminin də buradan yarandığını düşünürəm. Tarixən o sərvətlərin bu torpağın insanlarına gəlib çatmamasının səbəbləri məlum. Bu xalq nə zaman öz sərvətlərinin sahibi oldu ki, ondan qazanında da bir şey qaynasın…Axı dünya təcrübəsi də göstərir ki, zəngin sərvətləri olan ölkələrdə yalnız hökumət başında milli demokratik qüvvələr olanda, insanların rifahı gündən-günə yüksəlir. Əks halda, heç bir şey etmək mümkün olmur.

Bütün bunlar öz yerində. Amma məni heyrətləndirən başqa bir şey var. Bizim kimi “qara qızıl”ı olan elə ölkələr var ki, onu tamamilə istismar edib bitirməyə nəinki tələsmir, əksinə onu “dar gün” üçün ehtiyat halında qoruyub saxlayır. Azərbaycanda bu məsələnin təfərrüatları hər kəsə bəlli. Yəni olan-olub, keçən-keçib. O zaman heç olmasa başqa sərvətlərə münasibətdə fərqli davranmaq insafdan sayılmazmı? Bir halda ki, bu gün üçün neft milyardları var və ondan sadə insanlara bir şey çatmır, o zaman qızıl ehtiyatlarına toxunmayın.

Heç olmasa, torpağın altındakı bu sərvətlərdən gələcək nəsillərə nəsə qalsın. Heç olmasa, torpaqdakı son neft damlası bitib tükəndikdən sonra bu ölkənin insanları həyatın yalnız qara rəngdə olduğunu düşünüb hər şeydən əllərini üzməsinlər….

Bir də… hər kəs üçün torpağın  qızıl dəyəri təkcə onun təkindəki sərvətlə ölçülmür ki. Insanlıq tarixində ən qanlı savaşlar torpaq uğrunda baş verdiyinə görə, dünyanın ən böyük dəyəri də elə odur. Azərbaycan torpağının önəmli bir hissəsini itirmiş ölkədir. Əslində, belə ölkə üçün normal addım bütün çalışmaları əldə olanı eşib dağıtmağa deyil, itiriləni geri almağa yönəltməkdir. Amma bunu kimə deyəsən?..