Mən bir müəllimdən yazacağam. Gizlətməyək, bizim ölkədə müəllimlər haqda o qədər də xoş danışmırlar. Yox, mən “eh, bir vaxtlar müəllimi biz görəndə qaçıb gizlənərdik” nostaljisinin əsiri deyiləm. Əksinə, mənə elə gəlir ki, elə indi bizim yaşadığımız bu zəmanədə müəllimdən qaçırlar. Müəllim özü elmdən qaçaq düşüb nadana, robota dönübsə, o, əsl qorxu mənbəyidir. Ancaq mən sevimli müəllimdən yazacağam.
Elə bir müəllimdən ki, biz, uşaqlarınızı bu cür müəllimə etibar etmək istəyirik. Elə bir müəllimdən ki, müəllim, pedaqoq sözünün bütün əzəmətini özündə əks etdirir. Təzəxan Mirələmli – bu ad artıq qəzet oxucuları üçün tanış olmalıdır.
Təxəzan Mirələmli elə bir insandır ki, mən ona ürək dolusu bəy də deyə bilərəm, müəllim də. O, Cəlilabadda müəllimlik edən bir müxalifətçi fəal, AXCP-nin yerli təşkilatının rəhbəridir.
Təxəzan müəllimi 2 aprel aksiyasına qədər yəqin ki, ancaq cəbhəçi cameə tanıyırdı. Indi onu çoxları tanıyır, bu ad öz qətiyyətliyi və mərdanəliyi ilə ürəkləri fəth edir. Onu 2 aprel aksiyasında qəddarlıqla döydülər. 2 aprel aksiyasına Təzəxan müəllim Cəlilabaddan gəlmişdi. Bakıda bir çoxları quyruğunu başının altına qoyub yatanda, Təzəxan müəllim az büdcəsindən yol pulu taparaq xalqın azadlıq və firavanlığı naminə meydanlara çıxmışdı.
Onu elə vurmuşdular ki, az qala gözü çıxacaqdı. Bu gün də onun zədəli gözü əks olunan fotoya həyəcansız baxmaq olmur. Təzəxan müəllimin gözünü zədələsələr də, gözünü qıra bilmədilər. Onun ailəsinə sitəm çəkdilər. Məktəbli oğlunu təxribata urcah edib, həbsə atdılar. “Sus Təzəxan, sus” dedilər, “Əyil Kürüm əyl keç, zaman sənin deyil keç” dedilər… Təzəxan müəllim daha ucadan danışdı, qamətini əymədi. Onu işlədiyi məktəbdən çıxardılar, yaşadığı kənddən qovmaqla hədələdilər. Bütün bu şər, mənəvi terror qəhrəmanımızı bir addım da geri atmağa yetmədi. Dünən isə Təzəxan müəllimi 2 günlük həbsə atdılar. Heç nə dəyişməyəcək, Təzəxan müəllimin mübarizə əzmi yenə də şux və təzə qalacaq…
Siz bir insana bundan artıq təzyiqi təsəvvür edirsinizmi? Bir o qalıb ki, Təzəxan müəllimin üstünə tank sürməsinlər… Əqidə insanı olmaq belə şeydir. Müəllim olmaq da budur zatən. Müəllim dərs keçən deyil, öyrədəndir – bunu hansısa kitabdan oxumuşdum. Təzəxan müəllim son hərəkətləri ilə böyük bir müəllimlik nümunəsi yaradır. O, intellektual qorxaqlar üçün ciddi bir nümunədir. Çox adamlar tanıyırıq; iki kitab oxuyur, qalstuk taxıb “ziyalı” olurlar. Təzəxan müəllim sübut etdi ki, kitabın arxasında gizlənib ədabazlıq etməyin qorxaqlıqdan başqa adı yoxdur. Adam mübarizədən yayınmaq istəyirsə, elə bəhanə tapar ki, bir nəfər də o bəhanənin qarşısında “mıkk” edə bilməz. Lakin adam könlünü şanlı mübarizəyə veribsə, onu nə vəzifə, işini itirmək qorxusu saxlayar, nə də həbs-filan kimi məhrumiyyətlər.
Mən Təzəxan müəllimlə fəxr edirəm, sevinirəm ki, belə insanlarımız var. Siz də Azərbaycan təhsil sektorunda vicdanlı, cəsur bir adamın adını çəkmək istəsəniz, ürəklə Təzəxan Mirələmli deyə bilərsiniz. Belə müəllimlərimiz çox olsa, təhsilimiz də nadanlıqdan qurtarar, cəmiyyətimiz də.