tapanca-ates

Goranboyun icra hakimiyyətində silahlı insidentin detalları

Keçmiş polis rəisinə silah tuşladı, icra başçısının müavininin boğazına bıçaq dirədi

Iyulun 1-də Goranboy rayon sakini Rəhman Qasımov idarə etdiyi “BMV” markalı avtomaşınla Goranboy rayon Icra Hakimiyyətinin qarşısına gələrək, ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşların üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törədib.
Bu barədə Respublika Prokurorluğunun mətbuat xidmətinin məlumatında bildirilir. Qeyd olunur ki, R.Qasımov xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmək məqsədilə maşının içərisindən ov tüfəngini götürərək rayon polis şöbəsinin rəisi Məhəmməd Məmmədova tərəf istiqamətləndirməklə onu ölümlə hədələyib.   
M.Məmmədov silahı onun əlindən almağa cəhd edərkən, o, maşını sürüb gedib, bundan sonra onun cinayət əməllərinin qarşısını almağa cəhd edən rayon polis şöbəsinin əməkdaşlarının üzərinə silahı istiqamətləndirərək onları da ölümlə hədələyib. Aparılan danışıqlara baxmayaraq, R.Qasımov təslim olmaqdan imtina edib və maşına oturarkən polis əməkdaşları onun maşınının pəncərəsindən silahı götürdükdən sonra hadisə yerindən qaçıb.
Bundan sonra R.Qasımov  özündə olan bıçaqla rayon Icra Hakimiyyəti başcısının birinci müavini Baxış Abdullayevin iş otağına gəlib, orada ona yaxınlaşan polis əməkdaşlarını görüb, bıçağı sonuncunun boğazına dirəyərək, polis işçilərinin getməsini tələb edib. Onların getdiyinə əmin olduqdan sonra Baxış Abdullayevi buraxıb və binanın birinci mərtəbəsinə enib. Orada polis işçilərini görüb, dərhal özündə olan bıçağı həmin yerdə dayanmış sürücü Mikayıl Tanrıverdiyevin boğazına dirəyib polislərə onu sərbəst buraxmalarını bildirib. Hadisə yerinə gələrək onu sakitləşdirmək istəyən arvadı Nəzakət Qasımovanın boğazına bıçağı dirəyərək polislərin çıxıb getməsini tələb edib və bu zaman polis əməkdaşlarının daha ağır hadisə baş verməməsi üçün geri çəkilmələrindən istifadə edərək hadisə yerindən qaçıb. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanıb.
R.Qasımov şübhəli şəxs qismində tutulub və hazırda rayon prokurorluğunda iş üzrə istintaq davam etdirilir.   
Yerli qeyri-rəsmi mənbələrin dediklərinə görə, R.Qasımov keçmiş polis əməkdaşıdır. Məlumatlarda deyilir ki, o şəkər xəstəliyindən əziyyət çəkir. Bir neçə həftə imiş ki, şəkər xəstələri üçün nəzərdə tutulan pulsuz dərmanları ala bilmirmiş. Sonuncu dəfə yenə də rayon xəstəxanasından əliboş qayıdan R.Qasımovun polis rəisinə hücum çəkməsi təsadüfi olmayıb. O, rəisin yanına gedərək sabiq polis olduğunu deyib və bir gün sonra polislərin peşə bayramının olduğunu xatırladıb. R.Qasımov rəisdən ona keçmiş həmkarı kimi yardım etməsini istəyib. Lakin mənfi cavab alıb. Buna görə hiddətlənən R.Qasımov rəisə hücum çəkib.
Məlumatlarda o da qeyd edilir ki, polis rəisindən sonra icra başçısının müavinini haqlayan R.Qasımov tutulacağından ehtiyatlanaraq rayon prokurorluğunda gizlənmək istəyib. Bildirilir ki, onun xanımı rayon prokurorluğunun dəftərxanasında çalışır. Bundan xəbər tutan polislər prokurorluğa gəliblər. R.Qasımov bu dəfə xanımının boğazına bıçaq dirəyərək polislərin geri çəkilməsinə nail olub. Lakin az keçməyib ki, həbs edilib.

İnformasiya şöbəsi