Evtikənlər, yoxsa “evyıxanlar”?

Tikinti şirkətlərinin aldadaraq zəlil qoyduğu vətəndaşlar

 

Yeni binalardan mənzil alanları hansı “sürprizlər” gözləyir?

 

Azərbaycanda mənzil sahibi olmaq sözün əsl mənasında qəhrəmanlıq tələb edir. Orta aylıq əmək haqqının təxminən 350 manat olduğu bir ölkədə maaş hesabına mənzil ala bilmək üçün illər lazımdır. Məsələn, bu gün paytaxt Bakıda bir otaqlı mənzilin orta qiyməti 25-30 min manatdır. Bu da o deməkdir ki, kirayələrdən can qurtarmaq istəyən vətəndaş birotaqlı ev üçün ən azı on illik maaşını toplamalıdır.

Dövlətin həyata keçirdiyi ipoteka siyasətini bu problemin həlli saymaq olmaz. İpoteka kreditlərinə sahib olmağın nə qədər müşkül olduğunu, üstəlik bu layihənin çox az sayda insanı əhatə etdiyini hər kəs bilir. Deməli, sıravi vətəndaş əlavə qazanc əldə etmək üçün özünü oda-közə vurmasa, ev almaq onun üçün ömür boyu xəyal olaraq qalacaq.

Yeni binalar – yeni bəlalar! 

Bu qədər ətraflı giriş verməyimizin səbəbi Azərbaycanda sadə insanların mənzil arzusuna çatmağının nə qədər əziyyətli və keşməkeşli olduğunu diqqətə çatdırmaqdır. İndi təsəvvür edin ki, adamlar minbir əziyyətlə pul qazanıb ev alırlar, amma çox keçməmiş məlum olur ki, mənzilləri tikən şirkət onları aldadıb. Söhbət, son illər yeni binalar inşa edən tikinti şirkətlərindən gedir. Bu şirkətlər vətəndaşları fırıldaq yolu ilə aldadaraq onlara düşən mənzilləri verməkdən boyun qaçırır. Amma məsələdə qarşı tərəfin də səhlənkarlığı az olmur. Adətən vətəndaşlar tikinti şirkətinin biznes imkanlarını, indiyə qədər hansı fəaliyyətlər göstərdiyini, neçə bina tikib təhvil verdiyini, hüquqi sənədlərinin qaydasında olub-olmadığını araşdırmadan hələ tikilməkdə olan yeni binalardan mənzil alırlar. Üstəlik, bağladıqları müqaviləni notarial qaydada rəsmiləşdirmirlər. Günlərin bir günü də məlum olur ki, şirkət ya bir mənzili bir neçə müştəriyə satıb, ya binanın tikintisini dayandırıb, ya da ümumiyyətlə heç bir tikinti filan aparmayıb. Belə olanda da həmin şirkətlər mənzilləri müxtəlif bəhanələrlə müştərilərə təhvil verməkdən, tikinti dayandığı təqdirdə isə vəd olunan kompensasiyanı ödəməkdən yayınırlar. Bircə bu fakta diqqət edin ki, son iki ildə Azərbaycanda 50-dən artıq tikinti şirkəti fəaliyyətini dayandırıb. Nəticədə bir çox binaların tikintisi yarımçıq qalıb. Həmin binalardan mənzil alan bir çox vətəndaş isə məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət etsə belə, tikinti şirkətlərinə əvvəcəldən ödədikləri vəsaiti geri ala bilmir. Təbii ki, söhbət, binanı tikib başa çatdırmadan mənzilləri satışa çıxaran şirkətlərdən gedir. Fəaliyyətini dayandırmış və binaların inşasını yarımçıq saxlamış bir çox tikinti şirkəti var ki, bu problemin onlara aidiyyəti yoxdur. Onlar mənzilləri yalnız bina hazır olduqdan sonra bazara təqdim etdikləri üçün müştəriləri ilə məlum problemi yaşamırlar.

“Nəcibə” ilə gələn “GEN” MMC

Başlayaq, son illərin ən qalmaqallı işi olan, yüzlərlə vətəndaşı ən müxtəlif üsullarla aldadaraq nə az, nə çox düz 8,5 milyon manat pul mənimsəyən tikinti şirkəti “GEN” MMC-dən. Elburus Əliyev adlı şəxsin rəhbərlik etdiyi bu şirkətin fəliyyətini, vətəndaşları necə inandıraraq ələ aldığını araşdıranda təəccüblənməmək olmur. Ondan başlayaq ki, çoxlarının “GEN” MMC kimi tanıdığı bu şirkətin əvvəlki adı “Nəcibə” MMC olub. Zərərçəkənlərin dediyinə görə, şirkət E.Əliyevin anasının şərəfinə belə adlandırılıb. E.Əliyev “Nəcibə” MMC-ni 2006-cı ilin fevral ayında Asif Ələmov adlı şəxslə birgə təsis edib. Vaxtilə Yasamal bələdiyyəsində işləyən E.Əliyev həmin dövrdə də dələduzluğa görə məhkum olunubmuş. Bu səbəbdən də o, şirkəti özünün yox, A.Ələmovun adına rəsmiləşdirib. E.Əliyev Rusiyada bizneslə məşğul olan Asif Ələmovla təsadüfən Bakıda tanış olub. Paytaxtda tikinti bumunun olduğu bir vaxtda Ələmov E.Əliyevə tikinti biznesinə başlamaq niyyətinin olduğunu bildirib. Bunu göydəndüşmə fürsət bilən E.Əliyev də bu işi bacardığını deyərək şərikinin pulları hesabına “fəaliyyətə keçib”. Elə fevral ayından KİV-lərdə reklam və elanlar getməyə başlayıb ki, “Nəcibə” MMC Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov, Sereteli, Məmməd Əbilov və Fuad İbrahimbəyov küçələrinin kəsişməsində yerləşən kvartalda 16 mərtəbəli bina inşa edəcək. Reklamları görən insanlar da mənzil almaq üçün şirkətə axın ediblər.
Zərərçəkənlərdən biri olan Afaq Axundova ilə 100 kvm. sahəsi olan 2 otaqlı mənzil və bir qaraj üçün müqavilə bağlanıb və bu məqsədlə ondan 33 min 484 manat pul alınıb. Başqa bir vətəndaş Əhmədağa Ağayev 66 kvm. sahəsi olan bir otaqlı mənzil üçün şirkətə pulun bir hissəsini – 4 min 823 manatı ödəyib. Səyyar Əsədov adlı müştəri bir ikiotaqlı və bir üçotaqlı mənzil üçün müqavilə bağlayıb və ondan 51 min 961 manat alınıb. Vadim Adolfoviç adlı daha bir vətəndaş isə 3 otaqlı mənzil və bir qaraj üçün şirkətə müqavilə əsasında 72 min 800 manat ödəyib. Bu siyahıda bir çox başqa vətəndaş da yer alır. Ən maraqlısı odur ki, Elburus Əliyev bir mərtəbə belə inşa etmədən bu qədər müştərini bina tikəcəyinə və oradan onlara mənzillər verəcəyinə inandıra bilib. Lakin E.Əliyevin “Nəcibə”dəki fəaliyyəti uzun sürməyib. Tezliklə onunla Asif Ələmov arasında pul mübahisəsi yaranıb və yolları ayrılıb.
Bundan sonra – 2006-cı ilin mayında E.Əliyev “GEN” MMC-ni təsis edib. Bu dəfə də şirkəti “Nəcibə” MMC-də xəzinədar vəzifəsində işləyən Həbib Ağayevin adına rəsmiləşdirib. Bir il sonra isə öz adına “Uğurlar”, “GEN Holdinq” və “Elgün E” adı altında MMC-lər təsis edib. Yenə KİV-lərdə reklamlar getməyə başlayıb ki, bu şirkətlər Bakının Xətai rayonunda – Məhəmməd Hadi küçəsi, Aşıq Ələsgər və Rahib Məmmədov küçələrinin kəsişməsində, “Gəncə” prospektində, Nəsimi rayonunda – Məmməd Əbilov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində, Yasamal rayonunda – Murtuza Muxtarov və Balababa Məcidov küçələrinin kəsişməsində, “Təzə Pir” məscidinin yaxınlığında, həmçinin Abşeron rayonunda – Hökməli qəsəbəsində çoxmərtəbəli binalar inşa edəcək. Bu dəfə də E.Əliyevin başına bir xeyli müştəri toplaşıb.

Müştərilər nəyə aldanıb?

Aldanan müştərilərlə söhbətdən öyrəndik ki, onları ən çox cəlb edən şirkətin televiziya və qəzetlərdə geniş reklam kampaniyasının getməsi, həm də digərləri ilə müqayisədə mənzilləri daha ucuz qiymətlərə təklif etməsi olub. 2006-cı ilin ortalarından 2008-ci ilin aprel ayına kimi E.Əliyev tikilməyən mənzillərin və qarajların satışını davam etdirərək vətəndaşlardan külli miqdarda pul toplayıb. Müştərilərin arasında alacağı mənzilin pulunu birdəfəlik verənlər də olub, pulun bir hissəsini köçürənlər də. Bütün alqı-satqı əməliyyatları da notarial qaydada təsdiqlənib, köçürülən pullarla bağlı vətəndaşlara arayışlar verilib. Müştərilərdən Əhməd Sadıqov deyir ki, 2007-dən 2008-dək ondan üst-üstə 174 min 87 manat alınıb. Elburus Əliyev  bunun müqabilində ona iki 3 otaqlı, iki 1 otaqlı mənzil verəcəkmiş. Başqa bir vətəndaş Ənvər Xəlilov isə 101 kvm. sahəsi olan 3 otaqlı mənzil üçün şirkətə 103 min 50 manat köçürüb. Təbii ki, şirkətə əvvəlcədən pul verənlər arasında xırda məbləğlər ödəyənlər də olub. E.Əliyev və işçiləri birindən 10, o birindən 20, bir başqasından isə 100 mindən də artıq məbləğ alaraq borc dəftərini günbəgün böyüdüblər.

İt də gedib, ip də…

Məsələ bununla bitsə, dərd yarıdır. Elburus Əliyev izi-tozu olmayan mənzillərə görə vətəndaşlardan pul almağı azmış kimi, onların bir qisminin əmlakını da ələ keçirib. Məsələn, o, Rafiq Gülümov adlı şəxsi inandıraraq ona məxsus və qızı Xuraman Süleymanovanın adına qeydiyyata alınmış Şüvəlan qəsəbəsində yerləşən 0,24 hektar ərazini və 800 kvm. sahəsi olan iki mərtəbəli evini ələ keçirmək üçün evi 2 milyon dollara qiymətləndirib. R.Gülümovla müqavilələr bağlayaraq onları 12 saylı notariat kontorunda rəsmiləşdirib. Pulun kiçik bir hissəsini nağd şəkildə verəndən sonra R.Gülümova bildirib ki, qalan pulun əvəzinə də ona Mustafa Sübhi küçəsində inşa edəcəkləri binadan mənzillər və qarajlar verəcək. Verəcəyi mənzil və qarajları həmin notariat kontorunda rəsmiləşdirməklə Elburus Əliyev R.Gülümovda tam inam yaradıb. Bundan sonra vətəndaş özünə məxsus evi və torpaq sahəsini Şüvəlan qəsəbəsində yerləşən notariusda baş etibarnamə ilə E.Əliyevin adına keçirib. E.Əliyev də həmin evi “Bank Respublika”nın Gəncə filialında girov qoyaraq 200 min manat pul götürüb.
Rafiq Gülümovdan sonra növbəti belə qurban vətəndaş İradə Quliyeva olub. İ.Quliyevanın Mərdəkanda yerləşən 2 mərtəbəli bağ evini satışa çıxardığını eşidən E.Əliyev ona da oxşar məzmunlu təklif edib. Müştəriyə deyib ki, ona Mustafa Sübhi küçəsində tikiləcək binadan iki 3 otaqlı, Hökməli qəsəbəsində tikiləcək binadan isə bir 3 otaqlı mənzil, əlavə olaraq da 100 min manat verəcək. İ.Quliyeva da razılaşaraq mənzillərin ona satılması ilə bağlı müqavilə bağlayıb və
Binə qəsəbəsində yerləşən notariat kontorunda təsdiqlədib. 2007-ci ilin noyabrında E.Əliyev həmin bağ evini “Standard-Bank”a girov qoyaraq oradan 143 min manat pul alıb.

Habil Nəcəfov adlı vətəndaş isə Nəsimi rayonu, Məmməd Əbilov küçəsində yerləşən 360 kvm-lik evini həyətyanı sahəsi ilə birlikdə E.Əliyevin adına keçirib. E.Əliyev də onun evini 330 min manata dəyərləndirərək pulun cəmi 69 min manatını nağd şəkildə ödəyib. Qalanına isə mənzillər və qaraj verəcəyini bildirib. Məhkəmədəki ifadəsində isə E.Əliyev bildirib ki, İ.Quliyevaya ümumilikdə 115 min dollar pul verib.

Elburus Əliyev pulları hara xərcləyib?

İş üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçən proseslərdə E.Əliyevə vətəndaşlardan aldığı pulları hara xərclədiyi ilə bağlı suallar verilib. E.Əliyev maliyyə hesabatını belə verib ki, bankdan kreditlə şirkətə bir neçə avtomobil alıb ki, buna da təxminən 100 min manat xərclənib. Bundan başqa, 2007-ci ildə “GEN” futbol klubunun yaradılmasına 70 min dollar, “Ümid” körpələr evinə 25 min manat, “GEN” MMC-nin televiziyalardakı reklamlarına 446 min dollar, “Maşın şou” və “Azərstar” verilişlərinə 40 min dollar, iki ayrı televiziya əməkdaşına təxminən 100 min manat, “Birja” qəzetinə 9600 dollar, “Supermarket” qəzetinə 30 min dollar, binaların reklam bukletlərinin hazırlanmasına 9 min dollar, cəmi reklam xərclərinə rəsmi və qeyri-rəsmi 359 min dollar xərclənib. Eləcə də, ofis inventarlarının alınmasına 30, işçilərinin maaşlarına 60, Gəncə prospektində torpaq sahəsinin alınmasına 50, Sulutəpədə tikiləcək binanın layihəsinə 50, digər binaların layihəsinin hazırlanmasına 30, Mustafa Sübhi küçəsində vətəndaşlardan evlərinin alınmasına 1 milyon 800 min, Topçubaşov küçəsində vətəndaşlardan evlərinin alınmasına 1 milyon 200 min, M.Muxtarov küçəsində vətəndaşlardan evlərinin alınmasına  500 min, söküntü və təmizləmə işlərinə 40 min, menecerlərinə və maklerlərə 150-200 min, müqaviləni pozan vətəndaşlara 1 milyon 300 min xərclənib.
Qeyd edək ki, bu işdən müəyyən qədər karlı çıxanlar da elə evlərini pulun müqabilində E.Əliyevə satan sakinlər olub. Onlar məhkəmədəki ifadələri zamanı bildiriblər ki, E.Əliyevin onlara vəd etdiyi pulun yerdə qalan qismini alacaqları təqdirdə evlərindən çıxarlar. Vaxtilə onlara beh kimi verilmiş pulu isə xərcləyiblər və qaytarmaq imkanında deyillər. Bəziləri isə imkan olarsa, pulu qaytaracağını  bildirib. Belə vətəndaşlardan Albert Krasnov isə Elburus Əliyevdən aldığı 43 min dollara heç nə almadığını və pulları depozitə keçirəcəyini bildirib. Amma bir məqam da var ki, məhkəmə araşdırmasının yekununda bu şəxslərlə də bağlı qərar çıxarılıb. Həmin sakinlərin 29-na mülkiyyətlərində olan mənzilləri başqalarının adına keçirmək qadağası qoyulub. Məhkəmə müəyyən edib ki, Elburus Əliyev ümumilikdə 54 sakinə 2 milyon 313 min 417 manat pul verib.

“Azərstar”ın qalibi də qurbanlar arasında

İş üzrə maraqlı məqamlardan biri də “Space” telekanalında keçirilən “Azərstar-2007” musiqi müsabiqəsinin qalibi Zakir Teymurxanlı ilə bağlıdır. Belə ki, yarışmanın sonunda “GEN” MMC Z.Teymurxanlıya Topçubaşov və Məcidov küçələrinin kəsişməsində inşa olunacaq binadan bir otaqlı mənzilin açarını verib. Halbuki binanın tikintisinə nə həmin vaxt, nə də ondan sonra başlanılıb.
Yeri gəlmişkən, qeyd edək ki, “GEN” MMC gurultulu vədlərindən yalnız birini həyata keçirib. Amma onu da qismən. Söhbət, “Sulutəpə” ərazisində inşa edilən yarımçıq binadan gedir. 2007-ci ildə start götürən inşa işləri 2008-ci ilin aprelinə qədər davam edib. Bu müddət ərzində bir blokun bünövrəsi qoyulub, 3 mərtəbəsi tikilib, ikinci blokun isə yalnız bünövrəsi qazılıb.
Aldanan vətəndaşlardan Fəridə Ələkbərova deyir ki, Elburus Əliyevə Topçubaşovla Əbilov küçələrinin kəsişməsində tikiləcək bir otaqlı mənzil üçün 26 min 423 manat pul verib. O da söz verib ki, mənzil il yarıma hazır olacaq: “GEN” MMC haqqında ilk dəfə qəzetdə oxudum. İlk vaxtlar bir az narahat idim ki, birdən problem çıxar. Sonra televiziyalarda reklamlarını, verilişlərə sponsorluq etdiyini görəndə sakitləşdim ki, düzgün qərar vermişəm. Ağlıma gəlməzdi ki, bizi belə aldadarlar. Çünki bundan əvvəl belə bir şey eşitməmişdim. Bilsəydim, ya eşitsəydim ki, Azərbaycanda belə fırıldaqçı tikinti şirkətləri var, heç vaxt bu işə getməzdim”.
F.Ələkbərovanın sözlərinə görə, E.Əliyev onlara binanın sərəncamı ilə bağlı sənədlərin Bakı meriyasında olduğunu deyərək onları arxayın salıb: “Deyirdi ki, sənədləri göndərmişik, hər şey düzələcək. Hamımızı aldatdı. Mən o pulu vermək üçün evimi satmışdım. Evimi də itirdim, pulumu da. Beş ildir də bu işin hüquqi tərəfi ilə məşğuluq. İstintaqda, məhkəmə proseslərində iştirak etmişik. Dövlət bu qədər vətəndaşın taleyinə biganə qala bilməz. İnanıram ki, bizə kömək edəcəklər”.

Məhkəmə nə qərar verdi?

İş üzrə aparılan məhkəmə araşdırmasından sonra Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələrilə təqsirli bilinən “GEN” MMC-nin direktoru Elbrus Əliyev 12, “Nəcibə” MMC-nin direktoru Asif Ələmov 10, cəmiyyətin maliyyə məsələləri üzrə direktor müavini Həbib Ağayev 10, kadr məsələləri üzrə direktor müavini Mehparə Cəfərzadə 7, direktor müavini Nəbi Məmmədov 11, baş mühasib Əliyar Abbasov 11, satış və təchizat üzrə direktor müavini Ramil Əliyev 10, baş menecer Kamran Əhmədov 9 və menecer İlkin Səfərov 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Eyni zamanda adıçəkilən şəxslərin hamısının əmlakının müsadirə olunmasına qərar verilib. Məhkəmə hökm çıxarmaqla öz işini yekunlaşdırıb. Amma əsas məsələ – zərərçəkmişlərə dəymiş ziyanın öz həllini tapmamasıdır. Məhkəmə əmlak müsadirəsi qərarını verməklə də vətəndaşların problemlərini həll etmədi. Çünki adıçəkilən şəxslərin əmlakları dəymiş ziyanın cüzi hissəsini belə, ödəmir. Qərardan verilən apelyasiya şikayəti də təmin edilmədi.
İş üzrə 89 zərərçəkənin vəkili olan Əyyub Kərimov Elburus Əliyevin “klassik dələduz” olduğunu, lakin insanları inandırmaq, öz ardınca aparmaq bacarığına sahib olduğunu deyir: “Hər şey Asif Ələmovun pulu ilə başladı. Yoxsa Elburus Əliyevin bir qəpik də pulu olmayıb. Bu adam əvvəllər də dələduzluğa görə məhkum olunub. Bu işdə də dələduzluq edib, amma boynuna almaq istəmirdi. Deyirdi, etiraf edirəm ki, israfçılıq, səhlənkarlıq etmişəm. Amma dələduz deyiləm. O dediyi hallar üzrə nəzərdə tutulan maddələr də çox yüngüldür. Belə deyirdi ki, dələduzluq maddəsiylə “getməsin”, amma planı baş tutmadı. Məhkəmədə sual verdim ki, Elburus, deyirsən, dələduz deyiləm. Tikinti material almamısan, bir ekskavatorun, bir belin, bir çəkicin yox. Vətəndaşın puluyla getdin reklamını qurdun, yaxşı, əlində qalan pullara heç olmasa bir mərtəbə qaldıra biləcəkdin? Dildən pərgardı deyə, sualdan məharətlə yayınır, başqa məsələlərə gedib çıxırdı. Deyirdi, mənə paxıllıq elədilər, bazardan çıxardılar. Sual verdim ki, demirsən, tikəcəkdin, de görək, podratçı təşkilatın kim idi, betonu, kərpici hardan alacaqdın? Cavab verə bilmirdi. Bu qədər haqq-hesabdan sonra deyirdi, qoy, cənab prezident məni buraxsın, Əyyub müəllim, siz də kömək edin mən azadlığa çıxım, söz verirəm ki, evləri tikib təhvil verəcəm.
Elburus Əliyev mənzillərə qiymət qoyanda çox yaxşı bilirdi ki, məbləğ qeyri-realdır, bu pula heç nə tikmək olmaz. Onun niyyəti o idi ki, vətəndaşları ucuz mənzil adıyla cəlb etsin, yaxşı reklamını qursun və imkanlı bir şəxs də gəlib ona ortaqlıq təklif etsin. Qısa desək, özünə yeni Asif Ələmov axtarırdı. Elə birisini tapsaydı, bəlkə də nəsə alınardı. Təsəvvür edin ki, 2006-da yaradılan şirkət 2007-də “Kral” şadlıq sarayında bir yaşını qeyd edib. Tədbirdə ondan çox millət vəkili, bütün məşhur müğənnilər iştirak edib. Bu ad gününə 25 min dollar pul xərclənib. Heç bir iş görməyən, daşı-daş üstə qoymayan şirkətin nəyinə yaraşır belə ad günü keçirmək?

“Aldadılanların sayı 500-dən yuxarıdır”

Elburus Əliyev havadan pul qazanırdı. Bir binanı tikib başa çatdırmayan adam Göygöl ərazisində istirahət mərkəzi tikmək üçün yer alır, başqa bir ərazidən də torpaq sahəsi götürür ki, heyvandarlıq kompleksi quracam. Yəqin fikirləşib ki, onlardan pul qazanıb binaları tikər. Səs-küy salan vətəndaşların hərəsini də bir bəhanə ilə yola salıb. Hər dəfə ofisin yerini dəyişib ki, iz itirsin. Rəsmi olaraq daha az deyirlər, amma Elburus Əliyevin aldatdığı adamların sayı 500-dən yuxarıdır”. 
Lakin vəkil Ə.Kərimov onu da qeyd edir ki, məsələdə vətəndaşların da məsuliyyətsizliyi var: “Bu adam vəd etdiyi ərazilərin yalnız birilə – “Sulutəpə”dəki sahə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən sərəncam ala bilib. Qalanların heç birinə sərəncam alınmayıb. Vətəndaş da heç bununla maraqlanmadan şirkətlə müqavilə bağlayıb. Amma bir məqam da var ki, şirkətin çox geniş reklam kampaniyası gedirdi. Tikiləcək binanın böyük maketi, reklam şiti, bukletlər, verilişlərə sponsorluq və bu kimi məqamlar insanları çaşdırmışdı. Şirkətin müsbət imicini yaratmışdılar, camaat da axışırdı. Üstəlik şəhərin mərkəzi üçün çox ucuz qiymətlər təklif edirdilər. Müştəri də o biri şirkətlərin qiymətləri ilə müqayisə edib görürdü ki, xeyli fərq var”.
Ə.Kərimovun sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsi qərarın cəza hissəsini qüvvədə saxlasa da, zərərçəkənlərin xeyrinə iki xüsusi qərardad çıxarıb: “Mənim qaldırdığım vəsatət qiymətləndirilərək Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərilməsinə qərar verildi. Mahiyyəti belədir ki, hökumət tikinti şirkətini qeyri-rəsmi ödənişlərdən azad edir və bina inşa etməsi üçün sərəncam verir. Bu da böyük üstünlükdür. Sonra şirkət zərərçəkənlərin bir qismini çağırıb verilən pulun müqabilində təklifini verir. Tutalım deyir ki, istəyirsən, pulunu qaytarım, istəyirsən, üstünü gətir, mənimlə müqavilə bağla. Amma bu şirkətin qoyuduğu qiymət Elburus Əliyevin qoyduğu qiymət kimi ucuz olmayacaq. Bazar qiymətinə uyğun olacaq. Bu da tam çıxış yolu deyil, amma hələlik bundan uyğun variant yoxdur”.
Ötən dövr ərzində “GEN” MMC qurbanlarının döymədiyi qapı qalmayıb. Onlar dəfələrlə ayrı-ayrı dövlət qurumlarının qarşısında etiraz aksiyaları da keçiriblər. Hələ ki, ortada konkret nəticə yoxdur. Aldadılan vətəndaşlar yaxın vaxtlarda  Ali Məhkəməyə kassasiya şikayəti hazırlamaq fikrindədilər.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov
“GEN” MMC ilə bağlı açıqlamasında bildirib ki, bu tikinti şirkəti tərəfindən aldadılan vətəndaşlar Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən dəfələrlə qəbul edilib və onların müraciətlərinin həlli istiqamətində Bakı Şəhər İcra Hakimiyyəti və digər icra orqanlarının rəhbərləri tərəfindən müvafiq tədbirlər görülür.

“Mur-Ay”ın quru yerdə qoyduqları…

Mənzil fırıldaqçılığı ilə bağlı miqyasına görə ikinci qalmaqallı iş “Mur-Ay” MMC oldu. Şirkətin rəhbəri Elxan Hüseynov “Mur-Ay”ı 2005-ci ildə təsis edib, 2008-ci ildə də dövlət qeydiyyatından keçirib. Elburus Əliyevdən fərqli olaraq Elxan Hüseynov Bakı şəhəri Yasamal rayonu Xiyabani 18 küçəsində bina tikmək üçün müvafiq sərəncam alıb və tikinti aparıb. Lakin tikintinin başa çatmasına az qalmış məlum olub ki, hər mənzil bir neçə nəfərə satılıb. E.Hüseynovun Elburus Əliyevdən bir fərqi də müştərilərlə notarial qaydada müqavilə bağlamaması olub. Elə bu səbəbdən də vətəndaşlar aldıqları mənzilin başqa adamlara satılmasından xəbər tuta bilməyiblər.
“Mur-Ay”ın güdazına gedənlərin sayı min nəfərdən çoxdur. Onlardan biri də 29 yaşlı Nəsimi Cəfərovdur. Əslən Kürdəmirdən olan, bir neçə ildir Bakıda yaşayan N.Cəfərov kirayələrdən yaxa qurtarmaq üçün borc-xərc ev almağa qərar verib. Və soraqlaşa-soraqlaşa gəlib çıxıb bu şirkətə: “2009-cu ilin yanvar ayınında borc-xərc bir az pul topladıq. Əvvəlcə torpaq almaq istədik. Sonra baxdıq ki, torpaq almaq uzun çəkəcək. Yeni tikililərlə maraqlanıb gördük ki, qiymət münasibdir. Yasamal ərazisində təzə tikililərin hamısına baxdıq. “Mur-Ay”ın təklif etdiyi qiymət – bir kvadratmetrə görə 420 manat, münasib göründü. Bizdə olan pula başqa şərtlərlə ikiotaqlı mənzil tapa bilməyəcəkdik. Razılaşdıq, 46 kv.m. üçün 19 min manatı – mənzilin tam qiymətini ödədik. Kvadratmetri 417 manatdan düşdü. Mənzili atamın – Mikayıl Cəfərovun adına rəsmiləşdirdik. Bina demək olar ki, hazır idi, dedilər 3 aydan sonra təmirə başlaya bilərsiniz. Allahşükür adlı bir nəfərin vasitəsilə gəlib çıxdıq ofisə. Bəybala adlı mühasibləri var idi. O da təsadüfən bizim rayondan – Kürdəmirdən çıxdı. Düşündük ki, daha heç bir problem olmaz. Soruşduq ki, sonra bir problem çıxmaz ki? Dedi, narahat olmayın, 3 aydan sonra gəlin yaşayın. Pulu ödədik, müqavilə bağlandı. Dedilər ki, Elxan Hüseynov xəstəxanadadır. Müqaviləni apardılar, yarım saatdan sonra imzalanmış formada gətirdilər. Mədaxil qəbzi yazdılar, evin planını göstərdilər ki, 11-ci mərtəbə 81 nömrəli mənzil sizindir. İki bina yan-yana idi. Mən mənzil aldığım bir bloklu binanın xırda tikinti işləri qalmışdı. Amma onu dayandırıb həmən o ikinci binanın tikintisinə başlamışdılar. Hər ay gedib baxırdıq, görürdük ki, bizim binada iş dayanıb. Soruşduq nə məsələdir. Dedilər ki, binaların ikisi də tamamlanmamış Fövqəladə Hallar Nazirliyi yaşayışa icazə vermir. Aybaay da baxırdıq ki, o biri bina tikilir, mərtəbələr artır”.

“Aldığım mənzili üç nəfərə satıblar”

Yalnız iyul ayında N.Cəfərov mənzil aldığı şirkətin fırıldaqçı olduğunu başa düşür: “İyulda mənə dedilər ki, internetdə “Mur-Ay”la bağlı sayt yaradıblar, forum açıblar ki, bunlar fırıldaqçıdır. Gördüm vəziyyət gərgindir, gəldim ofisə. Bizimlə Bəybala adlı adam danışırdı. Dedi, Bəxtiyar adlı şəxs var, işi həll edəcək. O da camaatdan müqavilələrin surətini yığırdı. Deyirdi, darıxmayın, düzələcək. Sonra bu Bəybala da yoxa çıxdı. Həmin sayta zərərçəkənlər öz mənzillərinin nömrələrini qeyd etmişdilər. Telefonlarını da yazmışdılar. Mən də qeyd etmişdim. Sonradan bir nəfər mənə zəng elədi ki, həmin mənzili mənə də satıblar. Məlum oldu ki, 2009-cu ilin yanvar ayında mənə satdıqları mənzili noyabrda 19 min manata onlara satıblar. Bu yaxınlarda bir nəfər də zəng etdi ki, ay qardaş, o evi biz də almışıq, özü də 2007-ci ildə. Deməli, bir mənzili mən də daxil olmaqla üç nəfərə satıblar”.
N.Cəfərov deyir ki, bu hadisə yeni binalarda mənzil alan hər kəsin başına gələ bilər: “Sənədlər notariusda təsdiqlənmir. Bildiyim qədər bu qaydaya heç bir tikinti şirkəti əməl etmir. İstənilən şirkət fırıldaqçı çıxıb, camaatın pulunu mənimsəyə bilər. Zərərçəkənlərin siyahısını Bakı Şəhər İcra Hakimiyyətinə veriblər. Görək, nə olacaq. Amma mən ümidimi üzmüşəm. Çünki hələ eşitməmişəm ki, belə bir fırıldaq olsun, sonra pulu qaytarsınlar”.

Bölgələrdən də aldananlar var

Şirkətdən müqavilə əsasında mənzil alanlardan biri də Şamaxı sakini Rəfail Dostuməliyevdir. Şikayətçinin dediyinə görə, o ötən il sentyabrın 15-də “Mur-Ay”la şirkətin inşa edəcəyi binada 62 kvadratmetrlik mənzil üçün müqavilə bağlayıb. “Mur-Ay” MMC-nin direktoru Elxan Hüseynovla onun arasında bağlanmış müqavilə əsasında Yasamalda, Yeni Yasamal yaşayış massivində, Xiyabani küçəsi 18 ünvanında inşa ediləcək 3 bloklu, 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsində, 34 saylı 62 kvadratmetrlik mənzil payçıya satılıb. Bunun üçün şirkət rəhbəri ilk olaraq R.Dostuməliyevdən 10 min manat alıb və 21 min 700 manatın qalan hissəsini tədricən ödəmək barədə razılıq əldə edilib. Bir neçə ay aylıq nəzərdə tutulan miqdarda vəsaiti şirkətə ödəyən vətəndaş şirkətin fırıldaqla məşğul olduğunu öyrənib və həmin əraziyə gəlib. Görüb ki, inşa ediləcək binada bir mənzil 8-9 nəfərə satılıb. Təkcə R.Dostuməliyevə satılan mənzilin 6 sahibi üzə çıxıb. Həmin vətəndaşlar da şirkətlə eyni müqaviləni bağlayıb və eyni məbləğdə pul ödəyiblər.

Payçılara yalan vədlər yağışı…

Bugünə qədər “Mur-Ay”ın aldatdığı payçılar Prezident Aparatı, Nazirlər Kabineti, Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və bir sıra başqa qurumların qarşısında aksiyalar keçiriblər və sözügedən qurumlardan onları qəbul edib dinləməyi, həmçinin problemi həll etməyi tələb ediblər. Ayrı-ayrı vaxtlarda məsul şəxslər onları qəbul edib hər şeyin düzələcəyi ilə bağlı vədlər verəsələr də, problemin həlli istiqamətində konkret addımlar atmayıblar. Uzun sürən şikayətlərdən sonra DİN-in tərkibində işi araşdırmaq üçün istintaq qrupu yaradılıb. İndi aldanan vətəndaşların həm istintaq qurupundan, həm də hökumətdən konkret tələbləri var. Zərərçəkənlər deyirlər ki, iş üzrə yaradılmış istintaq qrupu bütün yeni addımları payçılarla məsləhətləşməklə atsın, onlarla görüşlər intensivləşsin. Hər həftə 3-5 nəfər istintaq qrupu ilə görüşsün və bütün yeniliklər onlara çatdırılsın. “Mur-Ay”a aidiyyəti olmayan adamlar, o cümlədən Bəxtiyar Təhməzov şirkətdən uzaqlaşdırılsın. “Mur-Ay” möhürü dəyişməsin. 12 və 14 mərtəbəli yaşayış binalarının düzgün sənədləşmə işləri aparılsın. Bunun üçün Baş Prokurorluq, DİN, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti əlaqələndirmə qrupu yaratsın, binaların sənədləşmə işləri asanlaşsın. 317 mənzilin sayına görə sakinlərin siyahısı dəqiqləşsin, bu siyahı DİN-in, payçıların və “Mur-Ay” rəsmilərinin iştirakı ilə tərtib olunsun. Bu siyahıya ilk ev almış və ya tam pul ödəyən adamlar salınsın. Onlara mənzil sahibi olduğunu təsdiq edən ciddi sənəd, order və ya dövlət təminatı olan sənəd verilsin. Siyahıdan kənarda qalmış payçılara pulları qaytarılsın. İstintaq qrupunun iştirakı ilə “Mur-Ay” MMC-nin mühasibindən pulları geri alınsın. Əgər payçıya başqa binadan sənədi qaydasında olan eyni həcmdə mənzil təklif olunarsa, bu da problemdən çıxış yolu kimi nəzərə alınsın. Veriləcək belə mənzillər hazır binadan olsun.
Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, ötən il noyabrın 4-də DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində “Mur-Ay” MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu Xiyabani küçəsi, 18 ünvanında tikilmiş mənzillərin bir neçə şəxsə satılması faktı ilə əlaqədar CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb: “Vətəndaşların çoxsaylı müraciəti əsasında aparılmış ilkin araşdırmalarda bəlli olub ki, şirkətin Bakıda inşa etdiyi 414 mənzillik binada bir mənzil 3 və daha artıq şəxsə satılıb. Vətəndaşlara vurulmuş ziyanın ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür”.

Prokurorluq 820 şəxsi zərərçəkən kimi tanıyır

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirib ki, “Mur-Ay” MMC-nin sədri Elxan Hüseynov, “Azərbaycan” Nəşriyyatında direktor müavini vəzifəsində işləyən Qalib Məmmədbəyli və qeyriləri qabaqcadan əlbir olub mütəşəkkil dəstə yaradıblar. Dəstə Bakı şəhəri, Yeni Yasamal massivində inşa edilən yaşayış binalarındakı mənzilləri bir neçə dəfə ayrı-ayrı şəxslərə satmaqla külli miqdarda pul vəsaitini ələ keçirib: “Bakı şəhər sakini Elmira Quliyeva  və başqalarına qarşı dələduzluq etmələri faktı üzrə 4 noyabr 2010-cu il tarixdə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə 820 vətəndaş dindirilərək zərərçəkmiş şəxs qismində tanınıb, məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınıb, iş üzrə müvafiq sorğular verilib və digər zəruri istintaq hərəkətləri aparılıb. Bundan başqa, Səbayel Rayon Məhkəməsinin qərarı ilə Cəmiyyət tərəfindən vergi qanunvericiliyinə əməl edilməsi vəziyyətinin yoxlanması Vergilər Nazirliyinə həvalə edilib”.
E.Sultanov əlavə edib ki, bu il fevralın 14-də mütəşəkkil dəstənin üzvləri Qalib Məmmədbəyli, “Mur-Ay” MMC-nin sədr müavini Bəybala Sultanov, şirkətin mühasibi Novruz Muxtarov, direktor Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Vaqif Söhbətov, satış üzrə menecer Səhriyar Ağayev  və Seyfəddin Səfərov CM-nin qeyd edilən maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.
“Mur-Ay” MMC-nin direktoru Elxan Hüseynovun CM-nin 178.3.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib.

125 zərərçəkən, 3,5 milyonluq yeyinti…

Vətəndaşlardan pul alaraq sonradan mənzillərini təhvil verməkdən imtina edən tikinti şirkətlərindən biri “Şakir” MMC-dir. Şirkətin rəhbəri Şakir Hüseynov, onun qardaşı Vidadi Hüseynov, şirkətin əməkdaşları – İlham Hüseynov, Əşrəf Orucov və Telman Səlimov bu əməllərinə görə 2008-ci ildə həbs ediliblər. Təqsirləndirilən şəxslər Bakının Binəqədi rayonu Rəsulzadə qəsəbəsində və Yasamal rayonu Tbilisi prospektində yaşayış binası tikiblər. Onlar vətəndaşları aldadaraq qəzalı vəziyyətdə olan binalardakı mənzilləri onlara satıblar. İş üzrə ümumilikdə 125 nəfər zərərçəkmiş tanınıb və vətəndaşlara ümumilikdə 3 milyon 547 manat ziyan dəyib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 5 il sınaq müddəti olmaqla 10 il 6 ay şərti cəza təyin edilib. Məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmişləri evlə təmin edilməsi barədə qərar qəbul edib. Lakin Şakir Hüseynov zərərçəkmişlərin evlə təmin edilməsi barədə verdiyi sözə əməl etmədiyinə görə, o, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə həbs edilib. Məhkəmə şərti cəza almış Ş.Hüseynov barəsində 10 il 6 ay müddətinə hökm elan edib. Digər təqsirləndirilənlər barəsində hökm isə qüvvədə saxlanılıb.
Vətəndaşları evlə təmin etmək adı ilə onlara fırıldaq gələn  növbəti şirkət “Şərur” MTK olub. Şirkət Xətai rayonu General Şıxlinski və Telnov küçələrində inşa etdiyi binalarda mənzillər verəcəyini vəd edərək, vətəndaşlarla saxta müqavilələr bağlayıb. Zərərçəkmişlərin şikayətindən sonra “Şərur” MTK-nın sahibi, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun şəriki olan Nazim Hacıyev həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə N.Hacıyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320-ci (rəsmi sənədləri saxtalaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. Prokuror N.Hacıyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, Məhkəmə 70-ci (şərti cəza) maddəni tətbiq etməklə onu 3 il sınaq müddətinə məhkəmə zalından azadlığa buraxıb.

Zərəri vuran azadlıqda, çəkən havada

Qaradağ rayon Prokurorluğuna müraciət edən 300-ə yaxın vətəndaş “Oskar Qrup” MMC şirkəti tərəfindən aldadıldığını və yararsız mənzil aldığını bildirib. Müraciətlər əsasında prokurorluq şirkətdə yoxlamalara başlayıb. “Oskar Qrup” MMC şirkətinin rəhbəri Muxtar Bayramov barəsində Qaradağ rayon Prokurorluğunda araşdırma aparılsa da, cinayət işi sonradan Bakı Şəhər Prokurorluğuna verilib. Prokurorluq 300-dən çox vətəndaşın şikayətini əsassız hesab edərək, M.Bayramov barəsində başlanan cinayət işinə xitam verib. Prokurorluq həmin şirkətlə vətəndaşlar arasında olan mübahisənin mülkü məsələlər üzrə məhkəmədə həll edilə biləcəyi barədə qərar qəbul edib. Nərimanov Rayon Məhkəməsi zərərçəkmişlərin xeyrinə qərar qəbul etsə də, dəymiş ziyan ödənilməyib.

“Eyfel”dən yıxılanlar…

Bakının mərkəzində bina tikmiş “Eyfel” MMC-nin baş direktoru Yavər Qurbanov isə saxta sənədlərlə vətəndaşlara ev satmaqda təqsirləndirilir. Yavər Qurbanov rəhbərlik etdiyi “Eyfel” MMC tikinti şirkətinin möhürlərindən istifadə etməklə vətəndaşlara saxta sənədlər əsasında ev satmaqda günahlandırılır. İttihama görə, o, saxta sənəd tərtib etməklə yeni inşa edilən binadan həmyerlisi Rasif Sultanova mənzil satıb. Faktla bağlı 18 avqust 2009-cu ildə Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə müraciət olunub. Sentyabrın 1-də faktla bağlı cinayət işi başlanıb. Bu cinayət işinin ibtidai istintaqı bir ildən çoxdur davam edir. Lakin istintaqın nəticəsi barədə heç bir məlumat verilmir. “Eyfel” MMC-nin sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus olduğu iddia olunur.

Saxta arayışlar, mənimsənilən pullar…

Dələduzluqda ittiham olunan tikinti şirkətlərindən biri də “Azər-tikinti” MMC-dir. Şirkətin direktor müavini Azər Quliyev və əməkdaşı Əli Hüseynov zərərçəkmişlərə saxta arayış təqdim edərək, onların küllü miqdarda pullarını mənimsəyiblər. Bu şəxslər Bakı şəhər sakinləri Faiq Hüseynov, Fəxri Məlikov, Aqil Axundov və digər şəxslərlə cinayət əlaqəsinə girərək, vətəndaşları aldadıblar. Prokurorluq Sənan Ağamirov, Hüseynov, Məlikov, Axundov və digər şəxsləri Əli Hüseynov və Azər Quliyevin cinayət işindən ayırıb. Onlar adıçəkilən şəxsin də məsuliyyətə cəlb edilməsini tələb ediblər. Buna görə də məhkəmə hər iki cinayət işinin birləşdirilməsi barədə qərar qəbul edib. Hazırda bu cinayət işi üzrə araşdırmalar davam edir.
Tikinti şirkətlərinin ağıla gəlməyən fırıldaqları ilə tanış olandan sonra gəlin, indi də bu sahədə fəaliyyət gösətərən ekspertlərin də fikirlərini öyrənək. Görək, onlar tikinti sektorunda baş verən bu özbaşınalıqları necə qiymətləndirir və yeni binalardan mənzil almaq istəyən vətəndaşlara nə tövsiyə edirlər.

Mənzil alan nələri bilməlidir?

Tikinti üzrə ekspert, “Əmlak bazarı iştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlının sözlərinə görə, Azərbaycanda tikinti şirkətlərinin mənzil fırıldıqlarının ictimailəşməsi “GEN” MMC ilə bağlıdır. Ekspert deyir ki, bu sahədə bundan əvvəl xırda problemlər olub, amma bu səviyyəyə çatmayıb: “Məlum bina çöküntüsünü nəzərə almasaq, 2008-ci ildə qədər mənzil bazarında o qədər də ciddi problemlər müşahidə olunmurdu. Qiymətlər yuxarı olsa da, tələb də yuxarı idi. Şirkətlər tikdikləri mənzilləri sata bilirdilər. Və xərclərini qarşılamaq imkanında idilər. 2008-ci ildən başlayaraq daşınmaz əmlak bazarında baş verən böhran tədricən mənzil bazarına da təsir göstərməyə başladı. Tikinti şirkətlərinin xərcləri artdı, gəlirləri aşağı düşdü. Xərclərlə gəlirlər arasında qeyri-mütənasiblik yarandı. Bu səbəbdən həmin şirkətlər mövcud tikintiləri ya dayandırmağa və ya yarımçıq saxlamağa, ya da “Mur-Ay”dakı kimi problemlər yaratmağa başladılar. 2008-ci ildə bazardakı tikinti şirkətlərinin sayı 260 idisə, indi bu rəqəm təxminən 160-a düşüb. Düzdür, onların heç də hamısı fəaliyyətini dayandırmayıb. Aralarında böhranla əlaqədar fasilə verənlər var”.
R.Osmanlı bildirir ki, tikinti şirkətləri ilə vətəndaşlar arasında bağlanan müqavilələr əksər hallarda notarial qaydada təsdiq olunmur. Halbuki bu, acı aqibətdən qorunmaq üçün ən vacib məqamlardan biridir: “Müqavilələrin bağlanması
mütləq notarial qaydada həyata keçirilməlidir. Bu məsələ mülki qanunvericilikdə tənzimlənib. Sadəcə nəzarət edən qurumların aktivləşməsinə ehtiyac var. Bu gün tikinti şirkəti problemi yaradır, sonra ortalıqdan çıxır. Onun rəhbərliyində təmsil olunan şəxslərdən biri tutulur, içəri həbsə salınır, qalanları ümumiyyətlə tapılmır. Tapılsa da, nəticə etibarilə ziyan çəkən vətəndaşlar olur. Onlar öz pullarını ala, evlə təmin oluna bilmirlər. İllər uzunu evlə təmin olunmaq üçün pul yığırlar, hansısa fırıldaqçı götürüb aradan çıxır. Müqavilələr notarial qaydada təsdiq olunsa, bu məsələlərin cavabdehi qismində tikinti şirkətləri ilə yanaşı dövlət də çıxış edə bilər. Həm də bu halda tikinti şirkəti eyni mənzili başqa bir adama sata bilməz. Çünki notarius eyni mənzili ikinci bir adamın adına rəsmiləşdirə bilməz.
Bu məsələdə hər iki tərəf – həm vətəndaş, həm şirkət maraqlı olmalı, təşəbbüs göstərməlidir. Vətəndaş hətta sadə müqavilə ilə mənzili alırsa, alqı-satqıya gedərkən tikinti şirkətinin mövcud sənədlərini istəməlidir. Şirkətin tikintiyə icazəsi varmı, dövlət qeydiyyatından keçibmi və s. Əgər bunlar varsa, müqavilənin imzalanmasına razılıq verməlidir. Ən əsası da müqaviləni notariusda təsdiq etdirməlidirlər”.

“Yarımçıq binalardan mənzillərin satışına qadağa qoyulmalıdır”

Başqa bir tikinti eksperti Nüsrət İbrahimov da hesab edir ki, tikinti şirkətləri ilə mənzil alan vətəndaşlar arasında bağlanan müqavilələr notariusda təsdiqlənməlidir. Öz növbəsində notarius da tikinti şirkətindən binanın mülkiyyət hüququnu təsdiq edən çıxarışını tələb etməlidir. Ekspertin sözlərinə görə, başqa bir çıxış yolu da təhvil verilməmiş yarımçıq binalardan mənzillərin satışına qadağa qoyulmasıdır: “Bir çox ölkələrdə bina tamamlanmayıbsa, qanun onun satışına icazə vermir. Bizdə binalar kooperativ üsulu ilə tikildiyindən qanun ilkin mərhələdə satışa icazə verir. Tikinti şirkəti hər mərhələdə alıcını aldada bilər. Ona görə, ən yaxşısı, birinci mərhələdə müqaviləni notarial qaydada təsdiqlətməkdir. Həmçinin sığortalatmaq da lazımdır. Bu halda sığorta şirkəti satılan mənzillərin bir nəfərdən artıq şəxsə satılmasına ciddi nəzarət edir. Məsuliyyət sığorta şirkətinin üzərinə düşdüyü üçün onlara prosesə ciddi nəzarət edirlər”.

Yazıdan da göründüyü kimi, Azərbaycanda tikilməmiş binalardan mənzil almaq təcrübəsi hələ ki, özünü doğrultmayıb. Təbii ki, tikinti şirkətləri arasında qayda-qanuna və vədinə əməl edənlər də var. Amma acı da olsa, reallıq odur ki, ortada minlərlə aldadılmış vətəndaş var. Bu isə Azərbaycan kimi əhalisinin böyük bir qismi maddi sıxıntılar içində yaşayan ölkə üçün elə də kiçik rəqəm deyil…

Gültəkin Knyazqızı

Yazı Scoop Qafqaz layhəsinin dəstəyi ilə hazırlanıb