Demokratiya nə verə bilər?

235 il əvvəl bu dünyanın ən qeyri-adi təcrübəsinə start verildi, ABŞ istiqlal əldə etdi. Elə ilk gündən özünün qeyri-standart siyasi quruluşu, mentalitet və xüsusiyyətlərilə fərqlənən bu dövlətin nə vaxtsa bütün dünyanın taleyini müəyyənləşdirəcəyini çox az adam təxmin edə bilərdi. Amma bu, belə oldu. O günlərə hansısa formada qayıtmaq, demokratiya və istiqlaliyyət atalarından sitatlar gətirmək fikrim yoxdur.

Sadəcə, bir detalı qeyd etmək istəyirəm. Ən müxtəlif, hətta mütərəqqi insanlar arasında demokratiya ilə bağlı tərəddüd və inamsızlıq müşahidə etmişəm. Bu inamsızlığın səbəbləri hər dəfə bir cür təzahür edir. Biri bunu öz milləti üçün uyarlı model hesab etmir, digərləri bu məsələdə zaman amilinə diqqət yetirir (ABŞ-da demokratiya təxminən 300 il ərzində formalaşıb!), başqa birisi isə ümumiyyətlə, bir sosial-iqtisadi model kimi demokratiyaya inanmadığını bəyan edir. Sadaladığım hər üç amildən heç biri zamanın təftişinə davam gətirmir. Dünyanın elə bir milləti yoxdur ki, onun nümayəndəsi ABŞ-da yaşamasın. Deməli, bütün millətlər, prinsipcə, ABŞ modelini, demokratiyanı qəbul etmək iqtidarındadır. Ötən üç yüz il də təkcə demokratiyanın inkişaf dövrü olmayıb, ABŞ demokratiyasının əsasları demək olar ki, onun mövcudluğunun ilk illərində elan və təsbit edilib. Eləcə də demokratiyanın bir sosial-iqtisadi model kimi effektiv olmaması fikri də heç bir tənqidə davam gətirmir və bu, bəlkə də doğru olmadığını ən asanca sübut etmək mümkün olan tezisdir.

Demokratiya nəyə qadirdir? Demokratik sistem nə verə bilər? Bu suallara cavab vermək üçün dağa-dərəyə düşüb cavab axtarmağa dəyməz, ABŞ-a baxın və nəticə çıxarın. Bu dövlətin təkcə hərbi büdcəsi vaxtilə universallığa və effektivliyə iddia edən siyasi sistemilə öyünən digər dövlətin – Rusiyanın tam büdcəsindən iki dəfə çoxdur! Məntiq zəncirini davam etdirmək olar. Amma ehtiyac varmı? Onsuz da hər şey göz önündədir, ABŞ-ın öncüllüyü axır vaxtlar mübahisə predmeti olmaqdan və diskussiya olunmaqdan çıxıb, indi bu, şübhə predmeti deyil, daha çox qibtə predmetidir. Elə ABŞ üçün də narahatlıq yarada bilən amillərdən biri də elə bu qibtə olmalıdır: həddən çox uğurlu, istedadlı insanlar heç də həmişə və hər yerdə sevilmirlər. Bu, “Motsart və Salyeri” məsələsidir. Sosial-iqtisadi modelin mükəmməl olmaması ucbatından insanlar başqa yerlərdə daha çox çalışdıqları və işlədikləri halda uğur qazana bilmirlər, ona görə də onlar hər bir şeyə daha asanlıqla çatanlara – amerikalılara qibtə ilə yanaşırlar. Salyeri fövqəladə istedada malik olmayıb, amma çox çalışqan olub, Motsart isə tam əksinə, böyük istedad sahibi olub, Salyerinin böyük əmək, iztirab sayəsində əldə etdiklərinə Motsart çox asanlıqla nail olurmuş. Indi “siyasi salyerilər” – qeyri-demokratik rejimlər qüdrətə çatmaq və dünyadaca söz sahibi olmaq üçün böyük əmək sərf edirlər, amma buna nail ola bilmirlər, çünki modelin özü qüsurludur və effektiv deyil.

Dünya 235 ildən sonra

235 il bundan əvvəlki məşəlin şöləsi hələ də insanları ruhlandırmaqdadır və bu gün hər yerdə biz bunun izlərini görürük. Demokratiya uğursuz ideya və amal olmadı. Onun təzahürləri, bu və ya digər formada hər yerdə var. Əsası isə budur ki, dünyada söz sahibi olan dövlətlər demokratik dövlətlərdir. Çin bu sırada hələ ki, bir istisnadır. Lakin siyasi azadlıqlar olmasa da Çində azad bazar iqtisadiyyatı, iqtisadi azadlıqlar var, bu da irəliləyişdir, totalitar model artıq dünyanın xəritəsindən, demək olar, silinib. Hər şey plan üzrə gedir – əvvəlcə totalitar rejimlər, daha sonra isə avtoritar rejimlər! Liberal dəyərlərə ən böyük və birinci təhlükə totalitar modellər idi. Onlar sıradan çıxdı. Indilər bir çoxu avtoritar rejimlərə qarşı dözümlü münasibətin olmasından giley və narazılıq edir. Amma belə deyil. Indi avtoritar rejimlərdə böyük proseslər və dəyişikliklər baş verir. Bunun özü göstərici deyilmi? Tarixi proses elə nəslin ömrü, arzusu və istəklərilə uzlaşır ki, o, özü tarix yazıb, tarix yaradır! 235 il bundan əvvəlki kimi…