Avropa Birliyi ilə “assosiativ üzvlük” hələ imzalanmayacaq

Azərbaycan bunda maraqlı deyil

Mehman Əliyev: «Avropa Birliyi Azərbaycanın demokratiyaya keçidinin tez, rəsmi Bakı isə bu prosesin mümkün qədər gec olmasını istəyir»

Avropa Birliyi ilə Azərbaycan arasında “assosiativ üzvlük” haqqında saziş sentyabra qədər imzalana bilər. Bu barədə mətbuatda gedən məqalələrə görə, Avropa Birliyinin son zamanlar mövqeyini sərtləşdirməsi Azərbaycanın geri çəkilməsi ilə nəticələnə bilər. Bundan başqa, Avropa Birliyinin ATƏT-in Minsk qrupunda təmsil olunması ilə bağlı da müxtəlif məlumatlar yayılmaqdadır. Beynəlxalq Böhran Qrupunun Avropa proqramları üzrə direktoru Sabina Freyzer və AB-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi Kazan görüşündən əvvəl bəyan etmişdilər ki, danışıqlar nəticəsiz başa çatsa, AB Minsk qrupuna gələ bilər. Danışıqlar nəticəsiz başa çatdı. Bəs belə olan halda, Avropa Birliyinin mövqeyi nədən ibarət olacaq?
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, Azərbaycanın “assosiativ üzv”lüyə sentyabra qədər qoşulacağı inandırıcı deyil. Rəsmi Bakının ondan asılı olan addımları atmadığını deyən M.Əliyev bildirdi ki, Azərbaycan hələ AB ilə əməkdaşlığın bu mərhələsinə hazır deyil: “Avropa Birliyi ilə ”assosiativ üzvlük” müqaviləsinə qoşulmaq yeni öhdəliklər, demokratiya ilə bağlı yeni tələblər deməkdir. Azərbaycan isə bunda maraqlı deyil. Amma Azərbaycan bu əməkdaşlığa getməyə məcburdur. Bəlkə də “assosiativ üzvlük”lə bağlı sazişin imzalanması və ümumi prosesə başlanması daha tez ola bilər. Ancaq söhbət ondan gedir ki, bu götürülən öhdəliklər nə dərəcədə effektli ola bilər. Çünki Avropa Birliyi Azərbaycanın demokratiyaya keçidinin tez, rəsmi Bakı isə bu prosesin mümkün qədər gec olmasını istəyir. Yəni problem sürətlərdədir. Amma bu sürətlərlə bağlı ortaq məxrəcə gəlinsə, bir neçə il ərzində ciddi dəyişiklikləri gözləmək olar. Getdikcə bu dəyişikliklər dərinləşəcək”.
ATƏT-in Minsk qrupunda AB-nin təmsilçiliyinə gəlincə, M.Əliyev vurğuladı ki, bunun Kazan görüşü ilə əlaqələndirilməsi düzgün deyil. Çünki Kazan görüşünün nəticəsiz olacağı əvvəlcədən bilinirdi: “Əslində Rusiya-Azərbaycan-Ermənistan formatında danışıqlar prosesinin aparılmasında daha çox məqsəd tərəfləri sülh çərçivəsində münaqişəni çözməyə dəvət etməkdən ibarətdir. Həm də çalışılır ki, tərəflər münaqişənin həllində başqa yola meyllənməsinlər. Rusiyanın burada iştirakı konfliktin həllinə yönəlməyib. Böyük sazişin imzalanması üçün həm Azərbaycanda, həm də Ermənistanda legitim hakimiyyətlərin olması vacibdir. Bunsuz konflikti həll etmək kifayət qədər çətin olacaq”.
Avropa Birliyinin ATƏT-in Minsk qrupuna gəlməsinin, regionda Rusiyanı sıxışdırmaq kimi başa düşülməsi ilə razılaşmayan M.Əliyev vurğuladı ki, Rusiya hazırda AB və NATO ilə geniş əməkdaşlıq edir. Bu mənada, hətta Rusiyanın Qərb məkanına inteqrasiya yolunu tutduğunu söyləmək olar: “Sadəcə olaraq hazırda regionda formalaşan situasiyada Rusiyanın vəzifəsi nədən ibarətdir? Rusiya postsovet ölkələrini keçmiş sovet təfəkküründən ayıraraq, onları yeni Qərb demokratiyasına təhvil verməlidir. Rusiyanın əsas vəzifəsi bundan ibarətdir”.

Xəyal