2 aprel və 1 manat

2 apreldə Azərbaycan xalqı üçün firavanlıq, ədalət və demokratiya istəyən insanlar Ictimai Palatanın çağırışı ilə küçələrə çıxdı. Onları nə polis dəyənəyi qorxutdu, nə də eybəcər avtoritarizmin basqıları… Bu insanlar 2 apreldə Azərbaycan xalqına atılan şəri yalanladılar; göstərdilər ki, xalq ölməyib, monarxiya ilə qardaşlaşmayıb, demokratik mübarizədən əl götürməyib.

2 apreldə real inqilab olmadı, ancaq şüurlarda bir silkələnmə yarandı. Hakimiyyət də, müxalifət də, elə cəmiyyətin özü də bu gündən böyük dərslər götürdü. Bəlli oldu ki, nə qədər söyülüb-yamanlansa da, əsassız fikirlərlə gözdən salınmasına cəhd göstərilsə də, hələ ki, ölkədaxili siyasətin şərtlərini müxalifət adına “ənənəvi müxalifət” və onun tərəfdarları müəyyən edir.

2 aprelin ən önəmli detalı aksiyanın kifayət qədər dinc şəraitdə keçirilməsi idi. Ictimai Palatanın əsas güc donorlarının rəhbərləri – Əli Kərimli və Isa Qəmbər birbaşa aksiyada olmamasına baxmayaraq, aksiya kifayət qədər intizamla idarə olundu. Bu isə onu deməyə əsas verir ki, müxalifət heç də ayrıca şəxsiyyətlərdən asılı struktur deyil, ən çətin situasiyaları idarə edəcək insanlar bu qurumlarda istənilən qədərdir.

Polisin aşırı qəddarlığına rəğmən, “2 aprel”çilərin təxribata getməməsi, təmkin və siyasi səbat nümayiş etdirməsi də müxalifətin uğuru, hakimiyyətin isə zəif yeridir.

Iştirak etdiyim toplantıların birində maraqlı fikir səsləndi. Dostlardan biri dedi ki, hökumət çox “dağıdıcı, radikal müxalifət” deyir, biz dağıdıcı olsaydıq, elə 2 apreldə aksiyaçıların içi ilə mühafizəçisiz-filansız gəzən Siyavuş Novruzovun, Mübariz Qurbanlının başını dağıdardıq da…

Xülasə 2 aprel göstərdi ki, Ilham Əliyevin dediklərindən fərqli olaraq, xalq hələ də ibtidai hisslərlə yaşamır; demokratiyanın nə olduğunu məmurlardan yaxşı bilir; sivil dəyişikliklər üçün dinc və qanuni yolları hər şeydən üstün tutur.

Və 2 aprel onu da şüurlara yazdı ki, Azərbaycanın bu günü və dünəni Əliyevlərlə bağlıdırsa, sabahı mütləq əliyevsizdir.

2 aprel sabah inamın dirçəldiyi gündür. Hamıya bir daha aydın oldu ki, azərbaycanlılar kənardan zahirən nə qədər miskin, üzüyola, fağır və mağmın görünsə də, onlar təslim olmaq fikirində deyil. Ilk fürsətdəcə azərbaycanlılar bu rejimlə hesablaşmağa hazırdır. Ilham Əliyevin qulaqları yağır edən yeddi yüz minlik yeni iş yerləri, allı-güllü körpülər haqda çıxışlarının heç biri şərə simpatiya yaratmayıb. Burada qəribə bir şey də yoxdur. Heç azərbaycanlıların Ilham Əliyev və onun komandası ilə cığal bir intriqası da yoxdur. Insanlar rahat yaşayış istəyir, ədalət və azadlığa tamarzıdılar. Insanlarımız zəhmətlə çörək qazanmaq imkanından məhrumdular və anlayırlar ki, onlara bu sitəmi məchul bir xarici qüvvə, Azərbaycanı istəməyən yaman qonşulardan daha çox əliyevçi rejim yaradır.

2 apreldə avtoritar rejimə vurulan zərbənin hesabı indi bizim məhbəsdəki yoldaşlarımıza kəsilib. Onların yaxınlarda məhkəməsi olacaq. Şübhə yoxdur ki, bu məhkəmə hakimiyyətin növbəti ifşası ilə nəticələnəcək. Hansısa prokurorda siyasi məhbuslarımızı ittiham edəcək arqument və bilik olacağını güman etmirəm, ittihamı bizimkilər edəcək. Onlar öz üzərlərinə düşəni artıqlaması ilə ediblər və edəcəklər. Indi sıra bizə yetişib. Xüsusilə o adamlara ki, aksiyalara müəyyən səbəblərdən çıxa bilmir, ancaq hər dəfə “ürəyim sizlərlədir, eşq olsun” kimi sözlərlə gün keçirirlər.

Dostlar, Ictimai Palata siyasi məhbusların ailələrinə və özlərinə maddi dəstək olmaq üçün bir fond yaratdı. O fond haqda qəzetimizin dünənki sayında oxumusunuz yəqin. Indi heç kimdən xüsusi fədakarlıq və qəhrəmanlıq tələb edilmir. O hesabla tanış olmalı və ora hər kəs bacardığı qədər yardım etməlidir. Bu, bir vətəndaşlıq borcudur. Sizin bir manat yardımınız belə, önəmlidir. Bir manat yardımdan boyun qaçırmaq üçün elə bilirəm, kimsə nə bəhanə axtaracaq, nə də səbəb…