Sülh danışıqları heç bir səmərə vermir. Belə davam etsə, heç verməyəcək də. Qürursuzluqdan xilas olmağın tək yolu var.
Müharibə.
Kimsə ittiham etməsin, mən müharibə tərəfdarıyam. Nədən ki, Azərbaycanın bu durumunda müharibədən savayı optimal bir yol görünmür. Sadə xalq dilində soruşuram, danışıqlar fayda vermir, neftimizin hesabına kef çəkən xaricilərin səyləri nəticəsiz qalır, böyük qardaşımız Moskva bizimlə oyun oynayır və bu təqdirdə nə etməliyik?
Ermənilərin ayağına düşüb yalvarmalıyıqmı? Ya biqeyrətliyi boynumuza alıb torpaqların işğalda qalmasına razı olmalıyıq?
Müharibə qaçılmaz olanda, problemin həllinin yeganə yolu hərb olanda onu edirlər. Müqəddəs kitabımız da, beynəlxalq qayda-qanunlar da bunu deyir. Biz təcavüzə məruz qalmışıq, torpaqlarımızı itirmişik.
Büdcəsi düşmənin – Ermənistanın ümumi büdcəsi bərabərində olan ORDU nə üçündür? Nədir onun görəvi, vəzifəsi?
“Müharibədə kişilərimiz öləcək” deyib saçını yolanlara bir sualım var. Erməni əsirliyindəki torpaqların fəryadını dərd edib çərləmək, ölmək şərəflidir, yoxsa vətən yolunda şəhid olmaq?
Və bir sualım da var.
Analar onun üçünmü oğul doğdu ki, oğul nəşəli halda “07” model ”Jiquli”də meyxanaya qulaq asa-asa şəhərdə at oynatsın, küçələrdə veyillənsin, qulağına sırğa taxsın, internetdə qızlarla yazışsın?
OĞUL dediyimiz kəsin bir müqəddəs görəvi də var axı.
Vətəni qorumaq kimin işidir? Bəlkə qız-gəlinin boynuna qoymalıyıq torpaqları işğaldan azad etmək missiyasını?
“Kişilərin müharibədən qorxması, arvadların doğmaması qədər təəccüblüdür”.
Bu gün bəşəriyyətin lənətlədiyi Adolf Hitlerin sözləridir.
Hitler milyonlarla almanın ömrünə son qoydu, fəqət aldığı dərsdən Almaniya dirçəlməyi bacardı və alman milləti dünya durduqca xoşbəxt yaşamını təmin etdi.
Yüz il ingilislər fransızlarla müharibə apardı. Bu gün Böyük Britaniya və Fransa dünyanın ən firavan, azad və zəngin dövlətləridir.
Tarixə ekskursiya edin, hansı millətin ki, inkişaf yolu müharibələrdən keçir, mükəmməl millət kimi formalaşır, dünyada söz sahiblərindən birinə çevrilir.
Soruşuram, hansı dövlət cürət edib Türkiyənin ərazisinə göz dikə bilər?
Hər qarış torpağını şəhidlərinin, qazilərinin qanı ilə suvarmış BÖYÜK TÜRK MILLƏTI buna dözərmi?
Əsla dözməz. Nədənsə, biz müharibə adı gələndə diksinirik, guya ki, bizim kişilər TOXUMLUQ kişiləridir və bizlər əlimizə silah götürsək, dünya dağılacaq.
Hərbi andımızda belə bir cümlə var:
“Hərb işini vicdanla öyrənəcək, əcdadların hərbi ənənələrini şərəflə davam və inkişaf etdirəcək, hər an əldə silah Vətənin müdafiəsinə qalxmağa hazır olacağam”.
Kim məni qınayacaqsa, əvvəl dərindən bir düşünsün, bu sual içimi dağıdır, deyin, əcdadlarımızın hansı hərbi ənənələri nəzərdə tutulur?
O ənənələr vardısa, nədən bu günə Şah Ismayılın dövründəki Azərbaycanın beşdə biri qaldı?
O deyilən ənənələr olsaydı, Dərbənd Rusiyada, Irəvan Ermənistanda, Təbriz Iranda qalardı?
Demirəm ki, Dərbəndi, Irəvanı, Təbrizi qaytarmaq üçün savaş edək.
Dağlıq Qarabağı, Ağdamı, Laçını, Kəlbəcəri, Füzulini, Qubadlını, Cəbrayılı, Zəngilanı düşmən əsirliyindən xilas etmək üçün müharibə edək, vətəni bütövləşdirək.
Müharibənin ağır fəsadları olur, ancaq müharibə yaraları əbədiyyən qalmır, sağalır.
Durum onu diktə edir ki, biz Azərbaycanı xilas etmək üçün, qürurumuzu bərpa etmək üçün müharibə etməliyik. Bu heç də Ziqmund Freydin yazdığı kimi NIFRƏTin MƏHƏBBƏT üzərində qisası deyil.
Bunu, bizə Tanrıdan verilən HAQQ sayıram.
Və əminəm ki, mənim kimi düşünənlər Azərbaycanda az deyil.
Tək yol: müharibə. Başqa yol yox
•