“Eşşək”in mühafizəsi gücləndirilib

Asif Məmmədov «eşşək qalmaqalı»nın ictimailəşməməsinə görə, Şamaxını informasiya blokadasına alıb

Polislər eşşək mühafizəçisi olmağı qəbul etmirlər

 

Şamaxının icra başçısı Asif Məmmədovun şəhərin girişində  eşşəyə abidə qoymasına etirazlar davam edir. Əldə etdiyimiz məlumatlara görə, Şamaxı ziyalıları təcili şəkildə bu rüsvayçılığa son qoyulması üçün müəyyən tədbirlər görmək niyyətindədir. Ilk olaraq onların ölkə başçısı Ilham Əliyevə müraciət edəcəyi bildirilir. Bununla yanaşı dünən redaksiyamıza əslən Şamaxıdan olan bir sıra ziyalılar zəng vuraraq eşşəyə abidə qoyulması ilə bağlı mövqelərini bildiriblər.
Bakı Slavyan Universitetinin türkologiya kafedrasının professoru Eldar Piriyevin daha sərt olub. “Şamaxı elə belə şəhər deyil. Paytaxtı Bakıya köçürülmüş bir şəhərdir. Indi biz mat-mətəəl qalmışıq. Bu nə dərəcədə qanuna, vəzifəyə uyğundur? Adamın vəzifəsi ola bilər, adamın adamı ola bilər, ancaq adam adam da olmalıdır. Dillənmirlərsə, bu o demək deyil ki, ağlına gələn hərəkəti etməlidir?”, – deyə professor bildirib.
Həmçinin məlumat almışıq ki, Asif Məmmədov “Azadlıq” qəzetinin Şamaxıda satışını dünən də qadağan edib. “Yeni Müsavat” qəzeti də “eşşək qalmaqalı”ndan yazdığına görə, icra başçısının hədəfinə gəlib. Hazırda hər iki qəzet Şamaxıdakı köşklərdən yığışdırılıb.
Məlumatlarda o da vurğulanır ki, eşşəyin abidəsi ilə bağlı narazalıqlar şiddətləndikcə, Asif Məmmədov “yaradıcılıq işi”in mühafizəsini artırır. Əgər bir gün əvvəl eşşəyin abidəsi bir-iki polis qoruyurdursa, indi asayiş keşikçilərinin sayı bir neçə nəfər də artıb. Bu isə polislərin də arasında narazılıq yaranmasına səbəb olub. Məlumatlarda bildirilir ki, asayiş keşikçiləri bütün günlərini bir eşşəyə sərf etmək istəmirlər.

Ramin DEKO