«Yeganə» şadlıq sarayının müdirinin Cəfər Səlimovu girov saxlaması ilə bağlı müraciəti Binəqədi prokurorluğu qəbul etməyib
“Yeganə” şadlıq sarayının müdiri Akif Rəhimovun sahibkar Cəfər Səlimova qarşı özünü qanqster kimi apardığı barədə ötən sayımızda məlumat dərc olunmuşdu. C.Səlimov qəzetimizə açıqlamasında bildirmişdi ki, ötən iki il müddətində “Yeganə” şadlıq sarayını balıq və balıq məhsulları ilə təmin edirmiş. Bu müddət ərzində şadlıq sarayının ona 35 300 manat borcu yaranıb. 2011-ci il may ayının 1-də C.Səlimov borcunu almaq üçün “Yeganə” şadlıq sarayına gedərkən isə “girov” götürülüb. A.Rəhimov C.Səlimovu iki il ərzində balıq və balıq məhsullarını onlara baha qiymətə satmaqda itiham edərək, əksinə, onun şadlıq evinə borcunun olduğunu bildirib. C.Səlimovdan 7 min manat istənilib və bildirilib ki, bu vəsait ödənilməyənə qədər o, “Yeganə”də saxlanılacaq.
Bir gün şadlıq sarayında silahlı nəzarət altında saxlanılan C.Səlimovu yalnız 102 xidmətinə zəngi xilas edib.
Cəfər Səlimovun sözlərinə görə, onun şikayəti əsasında toplanmış sənədlər araşdırılması üçün Binəqədi Rayon Prokurorluğuna göndərilib. Lakin prokurorluq Akif Rəhimovun cinayət tərkibli əməlini ört-basdır etməklə məşğuldur.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxladıq.
DIN-in Ictimaiyyətlə Əlaqələr Idarəsinin rəisi Ehsan Zahidov bildirdi ki, hazırda müraciətə əsasən işə Binəqədi Rayon Prokurorluğunda baxılır və aparılan araşdırmanın gedişi ilə bağlı prokurorluq orqanları ilə əlaqə saxlanılmalıdır.
Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirdi ki, C.Səlimovun müraciətini Binəqədi Rayon Prokurorluğu araşdırıb və müraciətlə bağlı cinayət işinin başlanmasına əsas görməyib: “Cəfər Səlimovun ”Yeganə” şadlıq sarayının işçiləri Akif Rəhimov və Ziyadxan Məmmədov tərəfindən girov saxlanılması, həmçinin ondan pul tələb etmələri barədə müraciəti Binəqədi Rayon Prokurorluğunda araşdırılıb. Araşdırma zamanı həmin xüsusatlar təsdiqini tapmayıb və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib”.
Hikmət