Obama Qarabağ danışıqlarında vasitəçiliyi ələ alır

Vəfa Quluzadə: «Bu, baş tutarsa, Qarabağ probleminin həlli yaxınlaşa bilər»

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza “Trend”ə müsahibəsində Barak Obamasız Qarabağ probleminin həllinə dair görüşlərin nəticəsinin olmayacağına işarə edib. O deyib ki, prosesdə ABŞ prezidentinin dəstəyi çox vacibdir: “ABŞ, Rusiya və Fransa prezidentləri Barak Obama, Dmitri Medvedev və Nikola Sarkozi Dovildə verdikləri bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə öz ümidlərini dəqiq ifadə ediblər. Onun sözlərinə görə, həmin bəyanatda prezidentlər bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün ”baza prinsipləri” üzərində işi tamamlamağın vaxtı çatıb”.
M.Brayzanın sözlərinə görə, Kazanda tərəflər irəliləyişə və baza prinsipləri üzərində işi başa çatdırmağa nail ola bilmədilər. Lakin danışıqlar davam edir və növbəti mərhələlərdə ABŞ prezidentinin dəstəyi çox vacibdir”.
Bəs görəsən, ABŞ-ın Qarabağ danışıqlarında vasitəçiliyi Rusiyadan alması proseslərin gedişinə necə təsir göstərə bilər?
Politoloq Vəfa Quluzadə hesab edir ki, danışıqlar prosesində vasitəçiliyin Obamaya keçməsi mümkün olsa da, bunu reallaşdırmaq bir o qədər də asan məsələ olmayacaq. Bunun üçün Rusiya ilə ABŞ arasında razılığa gəlinməsinin vacib olduğunu deyən V.Quluzadə vurğuladı ki, bu baş tutarsa, Qarabağ probleminin həlli yaxınlaşa bilər: “Hazırda danışıqlarda vasitəçiliyin ABŞ-ın əlinə keçməsi üçün əlverişli situasiya yaranıb. Söhbət gələn il Rusiyada keçirilən prezident seçkilərindən gedir. Bir qədər qəribə səslənsə də vasitəçilik məsələsində Rusiya ilə razılığa gəlinməsi üçün ABŞ-ın seçkilərdə Putini dəstəkləməsi lazımdır. Çünki Qarabağ probleminin açarı Medvedevin yox, Putinin əlindədir. Məhz bu üzdəndir ki, Medvedev Kazan görüşündən küskün ayrılıb. Putin hakimiyyətə qayıtdıqdan sonra Qarabağ danışıqlarında yeni mərhələ başlana bilər. Məhz bu zaman danışıqlar prosesində Medvedevin yerini Obama tuta bilər”.
Putinin yenidən Rusiyada hakimiyyətə qayıtmasının ABŞ-ın Kremllə bağlı planlarına bir o qədər də təsir etmədiyini deyən V.Quluzadə bildirdi ki, Putin yenidən hakimiyyətə qayıtmaq istəyir. Qarabağ münaqişəsinin isə bu qədər uzanması həm ABŞ-ın, həm də Putinin səbrini daşırıb: “Putinə artıq Qarabağ problemi lazım deyil. Ona görə onun hakimiyyətə qayıdacağı təqdirdə bu problemin ABŞ-ın vasitəçiliyi ilə çözülməsini gözləmək olar. Əslində hazırda ABŞ-ın təkidi ilə Ermənistan yeddi rayonu boşaldarsa, sonrakı mərhələdə tərəflərin Tirol və ya Aland adaları variantı üzrə razılığa gəlməsi mümkündür”.
Düzdür, hər bir variantda Dağlıq Qarabağın özünüidarəetmə statusu qazanacağını deyən V.Quluzadə əlavə etdi ki, bunların alternativ yolu torpaqların həm Rusiyanın, həm Amerikanın ziddinə gedərək hərb yolu ilə qaytarılmasıdır ki, buna da hazırda Azərbaycanın gücü çatmır.

Xəyal