Müxalifət Ramil Usubova cavab verdi

Daxili işlər naziri Ramil Usubov Azərbaycan qəzetinə  müsahibəsində yenə müxalifətin ünvanına ittihamlar səsləndirib. R.Usubov bildirib ki, müxalifət partiyalarının ictimai asayişi pozmağa cəhdləri əslində, xuliqanlıq hərəkətləri və siyasi avantüradır: “Hər dəfə kiçik qruplarla əhalinin dincliyini, hüquq və azadlıqlarını, nəqliyyatın normal fəaliyyətini pozur, polis əməkdaşlarına müqavimət göstərirlər.

Radikal müxalifət illərdir ki, boş hay-küy salır, 1988-1993-cü ilin eyforiyasından hələ də azad ola bilmir. Gerçəkliyi heç cür qəbul etmək istəmir. Reallıq isə onların hər seçkidə üzləşdikləri sarsıdıcı məğlubiyyət, ictimai dəstəyi tamamamilə itirmələridir. Biz Azərbaycanda sabitliyin, ictimai asayişin pozulmasına, siyasi avantüraların xalqın mənafeyinə, dövlətçilik maraqlarına ziyan vurmasına heç vaxt imkan verməyəcəyik”.

«Polisin aksiyaçılara göstərdiyi zorakılığı, etdiyi təhqirləri əsaslandırmaq üçün belə danışır»


AXCP sədrinin müavini Gözəl Bayramlı daxili işlər nazirinin yenə siyasi açıqlamalar verdiyini deyir: “Müxalifət ictimai asayişi pozmağa heç cəhd də etməyib. Mitinq keçirmək Konstitusiyanın bizə verdiyi hüquqdur. ”Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna da uyğun olaraq bu hüquqdan istifadə etmişik. Biz nə ictimai asayişi pozmuşuq, nə də polisə müqavimət göstərmişik. Ramil Usubov polisin mitinq iştirakçılarına göstərdiyi zorakılıqları, etdiyi təhqirləri əsaslandırmaq üçün belə deyir. Biz eyforiyaya da qapılmamışıq. Ramil Usubovun da təmsil olunduğu rejimin qanunsuz əməllərinə qarşı mübarizə aparırıq, azad seçki tələbiylə aksiyalar keçiririk. Bunun nəyi qanundan kənardır?”.

«Bu hakimiyyətin məmurları orta əsr təfəkküründən irəli gedə bilmir»


Müsavat başqanının müavini Gülağa Aslanlı hesab edir ki, Azərbaycan hakimiyyətində təmsil olunan məmurlar orta əsr təfəkküründən irəli gedə bilmirlər: “Avropa Şurasının, ATƏT-in üzvü olan bir ölkənin naziri sərbəst toplaşmaq azadlığının bütün azadlıqların başında durduğunu anlaya bilmirsə, buna ancaq təəssüflənmək olar. Acı da olsa, bu, Azərbaycan reallığıdır. Ramil Usubov müxalifətin seçkidən-seçkiyə səs itirdiyini iddia edirsə, o zaman beynəlxalq təşkilatların Azərbaycanda keçirilən seçkilərlə bağlı verdiyi rəylərə baxsın. 92-ci ildən bu yana azad, ədalətli, beynəlxalq standarlara uyğun seçki keçirilibmi? Azərbaycanda seçkini keçirən Ramil Usubovun rəhbərlik etdiyi polis rejimidir. Polisin gücü hesabına hər il seçkilər saxtalaşdırılır. Bir gün Ramil Usubov və digər məmurlar bunun cavabını verməli olacaqlar. Qoy, bir dəfə azad seçki keçirsinlər və görsünlər ki, sarsıdıcı məğlubiyyətə uğrayan kimdir”.