Korrupsiyanın Azərbaycan nümunəsi

26 kilometrlik körpü 43 kilometrlik körpüdən necə baha ola bilər?

Çində dünyanın ən uzun körpüsü 1,5 milyard dollara, Azərbaycanda onun yarısı qədər olan isə 1,8 milyarda tikilir

 

Zöhrab Ismayıl: «Azərbaycanda layihələrin dəyəri dünyanın başqa yerlərindən çox bahadır»
Çində dünyanın ən uzun körpüsünün rəsmi açılışı olub. Ümumi uzunluğu 43 kilometr olan körpü Sarı dəniz akvatoriyasındakı Tsindao limanını Xuandao adası ilə birləşdirəcək. Konstruksiyada 6 hərəkət xətti var. Konstruksiyanı 5 min beton dirək saxlayır və o, 8 ballıq zəlzələyə davamlıdır. Tikintiyə 1,5 milyard dollar investisiya qoyulub. Inşaatçılar körpünün 100 ildən çox istifadədə olacağına ümid edir.
Azərbaycanda da, Bakının Şıx qəsəbəsindən Zığ qəsəbəsinə qədər dəniz üzərindən körpünün salınacağı planlaşdırılıb. Körpünün əsas hissəsinin (dənizin üzərindəki hissə) uzunluğu 14,5 km olacaq. Bakını əhatə edən Dairəvi Yola birləşəcək körpünün kommunikasiyalarla birlikdə ümumi uzunluğunun isə 26 km olacağı gözlənilir. Körpünün bir hissəsi dor ipləri, bir hissəsi isə dayaqlar üzərində tikiləcək. Dəniz körpüsü gəmilərin hərəkətinə mane olmamaq üçün hündür dayaqlar üzərində inşa olunacaq. 2015-ci ilə qədər tikilib istifadəyə verilməsi planlaşdırılan körpünün layihə dəyəri 1,8 mlrd. dollardır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda layihələrin son dəyəri ilkin dəyərindən xeyli artıq olur. Ona görə bu məbləğin artacağını da gözləmək olar. Göründüyü kimi, Bakıda tikiləcək körpü Çindəki körpüdən xeyli kiçik olsa da, layihə dəyəri ondan artıqdır.  
Azərbaycanda layihələrin dəyərinin şişirdilməsi adi hal alıb. Dəniz üzərində körpünün də bu qədər bahalı olmasının əsas səbəbi təbii ki, korrupsiya hallarıdır. Korrupsiya ilə mübarizəyə başladığını deyən hökumət, göründüyü kimi, köhnə vərdişindən əl çəkə bilmir.
Iqtisadçı-ekspert Zöhrab Ismayıl Çindəki körpünün bütün göstəricilərə görə Azərbaycanda dəniz üzərində tikiləcək körpüdən fərqli və üstün olduğunu deyir. Dünyanın ən uzun körpüsünün bir kilometri təxminən 30 milyon dollara başa gəlib. Ekspert Azərbaycanda bu pula 200-300 metrlik körpülərin tikildiyini deyir.
Ekspertin sözlərinə görə, Azərbaycanda ancaq layihələrin dəyəri dünyanın başqa yerlərindəki analoji layihələrdən bahalı ola bilir. Tikilən körpü və yolların keyfiyyəti isə əksinə, xeyli aşağıdır. Bu isə ilk növbədə korrupsiyanın göstəricisidir.

Fizzə