Şəkillərə baxarkən…

Hər dəfə elə an gəlir ki, fikirləşirik, daha bundan sonra məhbuslar və təqib olunan jurnalistlər olmayacaq. Amma qəzetlərin səhifələrində siyasi məhbus həyatı keçirən insanların fotoları artmaqdadır. Hamı kimi mən də xəbərlərə və siyasi xronikalara baxıram, xüsusən də bir məsələyə diqqət yetirirəm ki, görüm, əcəba, başqa ölkələrdə etirazçılarla necə davranırlar! Bəli, mitinqlər heç də hər yerdə dinc keçmir. Insanlar etiraz edir, müqavimət göstərir, elə hallar olur ki, bunlar hətta “xırda xuliqanlıq” səviyyəsinə çatır. Amma bircə detal məni həmişə ciddi düşündürür.

Bəzən polislə nümayişçilər arasındaca qarşıdurma kəskin bir hala çatır. Amma mən həbs olunanlar haqqında nəsə bir şey eşitmirəm.

Adətən nə deyirlər: “Polis dəyənəklərdən və gözyaşardıcı qazlardan istifadə edib!”. Amma həbslər barədə bir kəlmə də deyilmir… Elə Yunanıstana da diqqət yetirirəm. Buradakı etirazları artıq dinc adlandırmaq da çətindir. Amma çox nadir hallarda həbslər haqda nəsə deyilir. Həm də ki, mənim bildiyimə görə, xarici ölkələrdə saxlanılan etirazçıları azacıq saatdan sonra buraxırlar. Başqa cür ola da bilməz, əks təqdirdə bütün ölkələr siyasi məhbuslarla dolardı. Mən hələ başqa bir detalı demirəm. Insanlar, hətta tətil edir. Bizim tərəflərdə bu insanların heç ağlına belə gəlmir, çünki bir gün işə çıxmamaq avtomatik olaraq onu itirmək deməkdir. Amma oralarda hətta bu haqda düşünmürlər də və heç kimin ağlına gəlmir ki, işə çıxmayanları bircə nəfər kimi küçəyə atsın və bununla da iş bitsin. Niyə belə olur? Ona görə ki, oralarda güclü həmkarlar təşkilatları var, insanlar bir-birini müdafiə edir. Yox, mənim üzücü müqayisələr aparmaq və sizi yormaq fikrim yoxdur, elə mənsiz də hər şeyi yaxşı bilirsiniz, hamımız demək olar ki, eyni mənbələrdə informasiya tapırıq. Amma ağıl ağıldan üstündür. Heç də hamı informasiya selini nəticəyə çevirə bilmir. Nə isə.

Mən şəkillərə baxıram. Əksəriyyəti, bəli, çoxu gənclərdir. Budurmu “gənclər siyasəti?”. Diqqət çəkən daha bir detal budur ki, əksəriyyəti təhsilli gənclərdir. Bəli, savadlı gənclər, müstəqillik və azadlıq həsrətində olanlar bu hakimiyyətlə bir sırada olmaq istəmir. Bu özü kifayət qədər düşündürücü məqamdır, daha “qaragüruh” sözü dövriyyədən çıxıb, artıq o, işləmir, çünki müxalifətçilərin hamısı savadlı insanlardır. Indi həmin insanların şəkillərinə baxır və hər birilə qiyabi danışmaq istəyirəm. O qədər deyiləsi söz var ki… Zallarımızı, tribunalarımızı, auditoriyalarımızı, bir sözlə, hər şeyi əlimizdən aldılar. Amma dillərimizi bağlaya bilmədilər, fikir və düşüncələrimizə, beyinlərimizə hakim ola bilmədilər. Əsas budur və əgər bu varsa, yaşamağa və çalışmağa dəyər!

Yenə də istefalar…

Ictimai Palatanın da fəaliyyətini qiyabi olsa da izləməyə çalışıram. Doğrusu, mən müxalifətin daha dərin inteqrasiyasının, iki partiyanın birləşməsinin və bir partiya olmasının tərəfdarı idim. Bu alınmadı. Amma heyfslənməyə, hiss və həyəcan keçirməyə dəyməz. Ictimai Palata da pis formul deyil, amma bir qədər mütəhərrik formuldur. Adətən, belə birlikləri idarə etmək çətin olur və bu, bəzi hallarda qərarların qəbuluna təsir edir. Necə deyərlər, buna da şükr! Hakimiyyət həmişə bayraq edir ki, bəs, bu müxalifət birləşə bilmir! Amma müxalifət onların istəyinə rəğmən hər dəfəcə daha maraqlı birlik və əməkdaşlıq formulları ilə çıxış edir. Amma bir detal var ki, onu gərək xüsusi qeyd edim: bu yersiz istefa bəyanatlarını bir qədər azaltmaq lazımdır… Daha çox Palatanın effektliyinin artırılmasına diqqət yetirilsə, yaxşı olardı. Biz hələ bir məsələni özümüz üçün problemə çevirmişik: heç kim heç kimin yerini və yurdunu tutmur, vallah, yer hamıya çatacaq. Ona görə də bundan narahatlıq keçirməyə dəyməz, qoy, insanlar gəlsin, onların hamısı üçün yer tapılar…

Kiçik sözardı

Qəzetləri açarkən həmişə üçüncü səhifəyə diqqətlə baxın və ancaq bundan sonra öz bəyanatlarınızı verin. Biz bu insanların qarşısında borcluyuq, onlar ümidsiz olmamalıdırlar! Heç nə bacarmırsınızsa, heç olmasa, ümid verin və dəstək olun!