Şamo Ariflə deputat məhkəmədə çəkişəcək
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla, yazıçı Şamo Arif arasında yaranan mübahisə daha gərgin müstəvidə davam edir. Ötən gün “525-ci qəzet”də Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, deputat, YAP Xətai təşkilatının rəhbəri Hüseynbala Mirələmov Şamo Arifə qarşı böyük bir məqalə ilə çıxış edib.
“Şərəfsizlik” adlı məqalədə YAP-çı deputat bütün etik normaları aşaraq, konkret olaraq cinayət işlədib. O, birbaşa açıq mətnlə Şamo Arifi “alçaq, şərəfsiz, nakişi, nadürüst, yaramaz, qeyrətsiz, kəmsavad, yazıq, psixi xəstə” adlandırıb.YAP-çı yazıçının fikrincə, Şamo Arifin Anarın valideynləri haqda yazdıqları qısqanclıqdan irəli gəlib. Guya o, Anarın aldığı “Heydər Əliyev ordeni”nin paxıllığını çəkir. Mirələmov Şamo Arifin atası, mərhum Süleyman Rəhimov haqda da eyhamlı ifadələr işlədərək, onu ev yıxmaqda, ailə dağıtmaqda ittiham edib.
Deputatın fikirlərinə münasibət öyrənmək üçün ötən gün yazıçı Şamo Ariflə danışdıq. Bakıətrafı kəndlərin birində istirahət etdiyini deyən Ş.Arif məqalə ilə hələ tanış olmaq imkanı tapmadığını bildirdi. O, “heç Mirələmov adlı deputat və yazıçı tanımadığını” da əlavə etdi: “O adam deputatdırsa, üstəlik yazıçı adına iddialıdırsa, hansı səbəbdən bilmədiyi şeylər barədə başından böyük qələtlər edir?”
Şamo Arif dedi ki, ona qarşı yazılan məqalənin sifarişçisi Anardır: “Anar həmişə belə adamların arxasında gizlənib, ona-buna hücum edir”.
Yazıçı şəhərə dönən kimi ünvanına söylənən təhqirlərə görə Hüseynbala Mirələmovu məhkəməyə verəcəyini də “Azadlıq”a bildirdi.
Xatırladaq ki, Şamo Arif ötən həftə verdiyi açıqlamada Nigar Rəfibəylini Kremlin xüsusi xidmət orqanları ilə əlaqəli şəxs kimi səciyyələndirmişdi. Yazıçının iddiasına görə, Mircəfər Bağırovun istəyi olmasına baxmayaraq, məhz bu əlaqə hesabına nə Rəsul Rzanı, nə də Nigar Rəfibəylini cəzalandıra bilib.
Natiq