Din və Demokratiya Mərkəzi ekoloji alyans yaradır

Təbiətə saygı hər kəsin borcudu

Iyulun 2-də Din və Demokratiya Mərkəzi “Əhalinin ekoloji şüuru və tərbiyəsinə mənəvi dəyərlərin təsiri mexanizmlərinin yaradılması” layihəsi çərçivəsində “Ekologiya və mənəviyyat” adlı konfrans keçirib

Din və Demokratiya Mərkəzinin sədri Nəriman Qasımoğlu Quran-i Kərim-dən sitatlar gətirərək təbiətə sayğılı münasibətin müsəlmanlar üçün vacib bir din borcu olduğu qənaətini iştirakçılarla paylaşdı. Məruzəçi qeyd etdi ki, təbiət öz varlığı etibarilə uca Yaradana səcdə halında olduğundan (“Məgər görməzmi oldun, Ona səcdə eyləyir göylərdə kim varsa, yerdə kim varsa, günəş də, ay da, ulduzlar da, dağlar da, ağaclar da, heyvanlar da, insanların bir çoxu da eləcə…” – Hacc surəsi, 18) insanların da ona münasibətində bu müqəddəslik halı adekvat olaraq nəzərə alınmalıdır. N.Qasımoğlu iştirakçıların diqqətini həm də ona çəkdi ki, insanların istifadəsində olan torpaq, su, hava, od, meşə, çay, dəniz və s. hamının ümumi sərvəti hesab olunsa da, bunların üzərində şəriksiz mülkiyyət hüququu, Quran məntiqinə görə, Tanrıya məxsusdur:  “Onundur göylərdə nə varsa, yerdə varsa” (Həcc surəsi, 64). Və Tanrı mülkiyyətində istifadənin bəlli etik-əxlaqi mündəricəsi təbiətə sayğı ilə yanaşmanı özəl bir zərurət kimi təsdiq edir. Sonra Din və Demokratiya Mərkəzinin sədr müavini Vasif Sadıqlı Azərbaycan mədəniyyəti, ədəbiyyatında ekoloji məsələlərin qoyuluşu, Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynova ətraf mühitin, təbiətin zədələnməsilə bağlı qlobal ekoloji böhran barədə danışıdı. Tədbirdə Qafqaz Müsəlmanları Ali Ruhani İdarəsinin təmsilçisi Hacı Fuad Nurullah, Rus Pravoslav Kilsəsinin nümayəndəsi Dionisiy Sveçnikov, Bakı Bəhai dini icmasından Azər Cəfərov, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili, Gürcü Yəhudiləri icmasının rəhbəri Moisey Bekker, professor Niyazi Mehdi çıxış edərək ətraf mühitə sayğılı münasibətə müxtəlif dinlərin verdiyi əhəmiyyəti vurğuladılar. Konfrans digər iştirakçıların da müdaxilələri ilə fəal müzakirə apardı və sonda qətnamə qəbul etdi. Qətnamədə xüsusi olaraq din xadimlərinin moizələrində, xütbələrində ekoloji məsələlərlə bağlı dinlərin münasibətini aşkarlayan mətləblərə yer vermələri, inanclı insanların ekoloji fəaliyyətlərə cəlb edilməsi zərurəti qeyd olunur. Müzakirə iştirakçıları belə bir fikri yekdilliklə dəstəklədilər ki, dini icmalarla ekoloji təmayüllü qurumların alyansı yaransın və bu alyans ölkəmizdə ekoloji məsələləri mənəvi dəyərlər müstəvisində təbliğinə, eləcə də ətraf mühitin qorunmasına yaxşı töhfə verə bilər.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Əhalinin ekoloji şüuru və tərbiyəsinə mənəvi dəyərlərin təsiri mexanizmlərinin yaradılması” layihəsi çərçivəsində gerçəkləşdirilib. Layihə tədbirlərinə orta ümumtəhsil məktəblərində, eləcə də dini icmalarda “Ekologiya və Mənəviyyat” mövzusunda görüşlər və müzakirələr keçirilib. Bu istiqamətdə indiyədək “Xəzər” Universitetinin “Dünya” məktəbi, akademik Zərifə Əliyeva adına məktəb, 189 və 190 saylı məktəblər, eləcə də Şüvəlan Cümə məscidi, Bahai icması, Buzovnada “Əli ayağı” piri məscidi, paytaxtımızda “Soltan Əli” məscidində müvafiq tədbirlər həyata keçirilib. Tədbirlər ölkə KİV-lərində geniş işıqlandırılıb.