«Azəryolservis»in şefi polisin qatilini himayə etməkdə suçlanır
Mayının 17-də Gəncədə qətlə yetirilən polis serjantı Mehdi Həsənovun atası Musa Həsənov redaksiyamıza müraciət edib. Xatırladaq ki, Mehdi Həsənov polis həmkarı, kapitan Inqilab Sadıqov tərəfindən qətlə yetirilib. Lakin mərhumun atası Inqilab Sadıqovun qətli təkbaşına törətmədiyini deyir.
Onun sözlərinə görə, Mehdi Həsənov barədə tibbi ekspertiza rəyi də bu faktı ört-basdır etmək üçün saxtalaşdırılıb: “Polis kapitanı Inqilab Sadıqov Mehdi Həsənovu tək öldürməyib. Oğlum bir bıçaq yarası ilə də ölməyib. O, bir çox yerindən ağır xəsarətlər alıb. Oğlumu bir neçə nəfər birləşərək xüsusi amansızlıqla öldürüblər”.
Musa Həsənov bildirir ki, oğlunun qətli ilə bağlı istintaq obyektiv aparılmır. O, dəfələrlə bu məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsə də, heç bir nəticəsi olmayıb. “Bir neçə nəfərin vasitəsilə öldürülmüş oğlumun qanı açıq-aşkar batırılır”, – deyə Musa Həsənov vurğulayıb.
Mehdi Həsənovun atası müraciətində bir maraqlı faktı da diqqətimizə çatdırıb. Onun sözlərinə görə, oğlunun qatili Inqilab Sadıqovu “Azəryolservis”in şefi, deputat Cavid Qurbanov himayə edir. O, bildirir ki, oğlunun qanının batırılmasında Gəncə şəhər Kəpəz rayon polis idarəsinin rəis müavini Oqtay Mərdanov da məsuliyyət daşıyır. Musa Həsənov sonda qəzetimizə vasitəsilə Ilham Əliyevə müraciət edərək bu məsələni diqqət saxlamasını xahiş edir.