Bakıda 16 mərtəbəli binanı niyə sökürlər?

Əliyevin iqamətgahının görünməməsi üçün sökülən binanın sakini infarktdan öldü

Azadlıq prospekti 154 ünvanında yerləşən binanın sakinlərinin mülkiyyət hüquqları pozulur. Sözügedən bina 1973-cü ildə Heydər Əliyevin sərəncamı ilə tikilib. Nəinki Azərbaycanda, hətta Qafqazda ilk 16 mərtəbəli bina olan bu tikilidəki mənzillər Ikinci Dünya Müharibəsində iştirak edənlərə verilib.

İlham Əliyevin iqamətgahı görünür…

Indi isə bina sökülür. Binanın sökülməsi üçün hər hansı rəsmi qərar yoxdur. Söküntü işlərini Neftçilər prospektində, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində olduğu kimi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova məxsus olduğu bildirilən “Azinko” şirkəti icra edir. Işin icra üsulları da eynidir. Yəni, sakinlərə binanın sökülməsinə dair imzasız bildirişlər daxil olur. Daha sonra binadakı mənzillər alınır və onlar bilərəkdən yararsız vəziyyətə salınır. Məqsəd də binanın qəzalı olduğu arqumentilə mənzilini satmaq istəməyən vətəndaşları da oradan köçməyə məcbur etməkdir.
Binadakı 84 ailədən təxminən 50-si artıq köçüb. Qalanları isə mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə mübarizə aparır. Onları evlərindən çıxarmaq üçün binaya qaz, su, işıq verilməsi dayandırılır. Yeri gəlmişkən, Neftçilər prospekti 59/61 saylı binada olduğu kimi, Azadlıq prospekti 154-də də əhalinin mülkiyyət hüququnun pozulması faktının görünən tərəfində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Yusif Qəmbərov dayanır.
Binanın sökülməsinin əsl səbəbi odur ki, Azadlıq prospektində Ilham Əliyev üçün tikilən yeni iqamətgahın həyəti binanın yuxarı mərtəbələrindən görünür. Sakinlərə mənzillərinin müqabilində pul verilmir. Sadəcə, Keşlədə, yükboşaltma stansiyasının həyətində “Azinko”nun inşa etdirdiyi binalarda mənzillər təklif olunur. Həmin binalara köçmək isə notarial qaydada verilən mənzilin kimə məxsus olması, dövlət reyestrindən keçirilməsi şəklində edilmir, müqavilə imzalanmır.
Onu da qeyd edək ki, binanın sakinləri başlarına açılan bu oyunla bağlı Nazirlər Kabinetinə və Bakı şəhər Icra Hakimiyyətinə müraciət ediblər. Müraciətlərinə cavab olaraq hər iki qurumdan bildirilib ki, bu söküntü-köçürülmə barədə məlumatları yoxdur.
Bir sözlə, ortada rəsmi sənəd yoxdur, dövlət qurumları məsələdən bixəbərdir, amma vətəndaşlar mənzilindən, mülkiyyətindən məhrum edilir, hökuməti isə vətəndaşların başına gətirilən müsibətlər maraqlandırmır.

Sakinləri təxribata çəkirlər

Qeyd etdiyimiz kimi, binadan köçən sakinlərin evləri yararsız hala salınıb. Bununla da mənzilini tərk eləmək istəməyənlərə psixoloji təzyiq göstərilir.
“Liftləri yararsız hala salıblar. Yuxarı mərtəbələrdə yaşayan insanlar çətinlik çəkir. Binanın yalnız bir blokunda lift işləyir. Burada yaşayan sakinlərin çoxu yaşlı insanlardır. Onlar da evlərinə liftsiz qalxıb-düşə bilmir. Bütün günlərini dörd divar arasında keçirirlər”, – deyə Fuad Abbasov bildirib.
Digər narazı sakin, birinci qrup əlil olan Ramiz Kazımov həmin binanın 14-cü mərtəbəsində yaşayır. Indi ona Keşlə qəsəbəsindəki binada 18-ci mərtəbədə mənzil təklif ediblər. O isə qəbul eləmək istəmir. Deyir ki, hələ 14-cü mərtəbəyə çətinliklə qalxır…
71 yaşlı Tahir Əsgərovdan öyrəndik ki, mənzilindən çıxmaq istəməyən təxminən 30 nəfər ailə hələ ki, binada yaşayır: “Bizi köçürmək üçün hər yola əl atırlar. Bizləri təxribata çəkirlər. Işığı, qazı, suyu kəsib, təzyiq edirlər. Heç nə istəmirik. Dövlət əhəmiyyətlidirsə, bununla bağlı qərarı istəyirik. Bizə heç bir sənəd göstərmirlər. Deyirlər ki, çıxmalısınız, vəssalam. Onlara nə qədər dedik ki, eybi yox, köhnə binalardan bizə ev alın, ora köçək. Dedilər ki, pulumuz yoxdur. Yalnız ”Azinko”nun Keşlə qəsəbəsindəki tikdiyi binada yerləşdirməlisiniz. Axı bizim indiki mənzilimizin yerləşdiyi ərazidə evlərin kvadratı 3-4 min manat arasındadır, biz niyə Keşləyə köçməliyik?”.

Saxta müqavilə

“Deyirlər ki, binanı qəzalı eləyəcəyik. 2-3 akt tərtib edəcəklər ki, guya, bina qəzalıdır. Təzə metod tapıblar. Camaat o vəziyyətə düşüb ki, səfirliyə gedib, sığınacaq istəyir. Amerika səfirliyinin qarşısına toplaşdıq, polis gəlib dağıtdı. Burada qalanlar qanunları bilənlərdir. Qanunu bilməyənləri qorxudublar, təzyiq göstərib deyiblər ki, döyəcəklər, ”dubinka” ilə çıxaracaqlar. Onlar da məcbur olub çıxıblar. Köçən adamlara isə adicə, geydirmə müqavilə veriblər. Müqavilə də heç bir notariusda təsdiq olunmayıb”, – deyə sakinlər bildirirlər.
Kənardan qəzalı təsiri bağışlamayan 16 mərtəbəli binanın daxilindəki vəziyyəti öyrənmək üçün bloklara girdik. Məlum oldu ki, sakinlərin dediyi kimi, həqiqətən də lift işləmir, üstəlik kənarları da sökülüb-tökülüb. Sakinlərin sözlərinə görə, lifti və binadakı mənzilləri bir aydır bu hala salıblar. Hətta sakinlərdən Əjdər Adilov baş verənlərdən stress keçirərək infarktdan dünyasını dəyişib.
Yuxarı mərtəbələrə qalxdıqca vəziyyət daha da da ağırlaşır.
Mənzillərin qapıları çıxarılıb, pəncərələr, hətta döşəmə taxtaları, divarlardan keçən məftillər belə, sökülüb. Elektrik naqilləri sökülərək açıq vəziyyətdə yerə atılıb ki, bu da aşkar təhlükədir.
“Bunlardan nə desən gözləmək olar… Partlayıcı maddəni binaya qoyub gedə bilərlər. Gətirib bir ”butulka” benzini yandırarlar, sonra da Fövqəladə Hallar Nazirliyini çağırarlar ki, gəlib bizi çıxartsın. 6 aydır bu cür yaşayırıq” – bunu da narazı sakinlər deyir.

Ev sahiblərinə göstərilməyən qərar

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Yusif Qəmbərov isə “Azadlıq” radiosuna deyib ki, binanın qəzalı vəziyyətdə olması haqda Fövqəladə Hallar Nazirliyinin qərarı var. Sakinlər də bunun əsasında köçürülür. Köçürüldükləri ünvan isə “Azinko” şirkətinin tikdiyi evlərdir. Kompensasiya tələb edən, evlərindən köçmək istəməyənlərə gəlincə, Yusif Qəmbərov bunları deyib: “218 mənzilin hazırda 205-i razılıq əsasında köçürülür. Orada 15 ailə var ki, onların özlərinin daxili ailə problemi var, oğlu evlənib onunla qalır və s. Belə ailələr vəziyyətdən istifadə edib 2 mənzil istəyir, spekulyasiya edirlər. Buna da biz yol vermirik. Onları da biz qısa zamanda razı salıb, geniş mənzillə təmin edəcəyik”.

Ramin DEKO