Əkrəm Əylisli: «Rəsul Rzanı, Süleyman Rəhimovu gülünc vəziyyətə qoymasınlar»
Musa Yaqub: «Qələm adamları arasında bu cür söz atışmalarını heç cür qəbul edə bilmirəm»
Son günlərin ən diqqətçəkən mövzularından biri tanınmış yazıçıların bir-birlərinin ünvanına sərt ittihamlar səsləndirməsidir. Əvvəlcə xalq yazıçısı Süleyman Rəhimovun oğlu – yazıçı Şamo Arif danışdı. O, Yazıçılar Birliyinin sədri Anarın atası Rəsul Rzanı öz dostlarına xəyanət etməkdə suçladı. Daha sonra Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu Şamo Arifin Anar və atası barədə ittihamlarını elə ittihamlarla cavablandırdı. Biz də tanınmış yazarlara müraciət edib qələm adamları arasında başlamış bu söz savaşını necə qiymətləndirdiklərini soruşduq.
Tanınmış yazıçı Əkrəm Əylisli qələm adamları arasında başlanan söz savaşına çox pis baxdığını deyir: “Bu ittihamlar mənə çox pis təsir edir. Bu adamlar ölüb gediblər. Biri böyük yazıçı, o biri böyük şair olub. Bu insanları öz intriqalarına görə bir-birlərinə qarşı qoymaq çox yanlışdır. Ədalət Əsgəroğlunun yazısı bunun üzərində qurulub ki, 37-də kim-kimə nə edib? Amma bunun üstündə yeni 37 ab-havası yaradıblar. Həmin ab-havanı bugünümüzə gətirib çıxarmasınlar. O illərin ovqatı ilə yaxşı tanış olmayanlar başqa şey fikirləşə bilərlər. Məsələn, Ədalət Əsgəroğlunun yazısında kimisə inandıra biləcək fakt yoxdur”.
Ə.Əylisli hesab edir ki, Azərbaycanın bu qədər problemlərinin olduğu bir vaxtda yazıçılar arasında savaş yox, birlik olmalıdır: “Amma birlik yarınmağa, yaltaqlanmağa, siyasi sədaqətə görə yox, insanların istedadına və ədəbiyyata faydalarına görə olmalıdır. Süleyman Rəhimovu, Rəsul Rzanı üzr istəyirəm, soyundurub, insanların qarşısına çıxarmaqda bir məna görmürəm. Süleyman Rəhimov həqiqətən də ədəbiyyata xidmət etmiş böyük yazıçılardan biridir. Onun həyatında səhvlər də olub. Bu səhvlər hamıda olur, səhvsiz yaşamaq mümkün deyil. Rəsul Rza bizim çox böyük şairimizdir. Rəsul Rza Azərbaycan ədəbiyyatının tərəqqipərvər qüvvələrini həmişə görüb, onlarla bir yerdə olmağa çalışıb. Anarla Şamo Arifin bir-birinə qarşı iddiaları varsa, bu məsələləri bir-birinə qatmasınlar. Bu kişiləri gülünc vəziyyətə salmasınlar. Şübhəsiz ki, 37-ci ildə hər kəsin müəyyən dərəcə sapdığı məqamlar olub. Təminat verə bilmərəm ki, ya Süleyman Rəhimov, ya da Rəsul Rza səhvsiz ömür bir yaşayıb, yoldaşlarına tam sədaqətli olublar. Amma hər halda, bunlar ədəbiyyatda öz həyatlarını yaşamış adamlardır. Bunu müzakirəyə çıxarmağa ehtiyac yoxdur. Bacarırlarsa, bugünkü 37-dən danışsınlar ki, cəmiyyət nə gündədir. Yoxsa mənim atam sənin atana nə dedi, bunlar, mənasız söhbətlərdir”.
Tanınmış şair Musa Yaqub da qələm adamları arasında bu cür söz atışmalarını heç bir halda qəbul etmədiyini deyir: “Bu cür qarşılıqlı ittihamları heç cür qəbul edə bilmirəm. Qələm adamları, şairlər, yazıçılar da insandılar və onların da nöqsanları ola bilər. Amma onlar elin, oxucuların gözündə təmiz, müqəddəs, şərdən, şeytandan uzaq olan adamlardır. Belə adamların bir-birlərini ittiham etmələri yolverilməzdir”.
Gültəkin