Dindirsən, ölkədə bütün ağsaqqal və ağbirçəklər eyni fikirdədir: “Cavanların zayı çıxıb, bizim zamanımızda belə deyildi, amma indikilər nə böyük bilirlər, nə kiçik, avtobusda, metroda qadına, qocaya yer verməyə də ərinirlər…”.
Mən bu boşboğazlığın birinci hissəsinə bir dəfə cavab vermişdim. Yazmışdım ki, ölkədə milli maraqları şəxsi mənafeyə qurban verən, həqiqəti “Şöhrət” ordeninə, Fəxri Xiyabana, deputat mandatına dəyişənlərin az qala yüzdə doxsanı ələyini ələmiş, xəlbirini asmış ağsaqqal və ağbirçəklər olduğu halda “gənclərin zayı çıxıb” söyləmək məntiqə və əxlaqa sığmır.
Indi həmin boşboğazlığın ikinci hissəsindən yazmaq istəyirəm: gənclərin özlərindən böyüklərə yer verməməsindən… Əvvəla, bu, bir mifdir: gündə bir neçə dəfə avtobus və metrodan istifadə edən şəxs kimi, yaşlılara da, qadınlara da yer verən kifayət qədər gənclər olduğunun şahidiyəm.
Ikincisi, mən Azərbaycanda məsələn, ucdantutma bütün yaşlılara niyə yer verməli olduğumuzu hələ də anlaya bilmirəm. Sabah Anar Rzayev getdiyim avtobusa minsə, mən ona hansı məntiqlə yer verməliyəm? Adam 25 ildir bir postdan yapışıb, yerini gənclərə, özündən sonra gələnlərə vermək istəmir, başqasından avtobusda, metroda özünə yer verilməsini hansı haqla, hansı üzlə gözləyə bilər?
Keçənlərdə “Azadlıq” qəzetində AMEA-nın bir müxbir üzvünün açıq məktubu dərc edilmişdi, orada sanki böyük qəhrəmanlıq edibmiş kimi, yazırdı ki, 1967-ci ildən Akademiyanın hansısa şöbəsinin müdiridir. Təsəvvür edirsinizmi, 1967-ci ildən! 44 ildir bir vəzifəni kimsəyə güzəştə getməyən, cavanlara yol açmaq haqqında düşünməyən bu ağsaqqal alimin metroda, avtobusda gənclərin ona yer verməsini istəməyə haqqı çatırmı?
Bir ayağı burda, bir ayağı gorda olan bir qoca illərcə tutduğu kürsüdən ikiəlli yapışacaq, oturduğu kresloda iy verib iylənəcək, amma biz qalxıb belələrinə yer verəcəyik, eləmi? Belələrinə nəinki avtobusda yer vermək, hətta mümkün olsa, avtobusun pəncərəsindən çölə atmaq lazımdır.
***
Bunları niyə yazıram? Yazıram, çünki artıq Azərbaycan gəncliyinə təhqiredici münasibətin dəyişməsini istəyirəm. Onların yeri gəldi-gəlmədi tənqid obyektivinə çevrilməsinə son qoyulmasını istəyirəm. Onlara qarşı nifrət bitsin istəyirəm. Bugünkü Azərbaycan gəncliyi özü haqqında yazılan, deyilən tənqidlərin hətta mində birinə layiq deyil.
Inanmayanlar, “Azadlıq” qəzetinin 3-cü səhifəsini çevirsinlər. Səhifənin yuxarı başındakı məhbus fotolarına baxsınlar: Ruslan, Rüfət, Cabbar, Tural, Bəxtiyar, Əhəd, iki adaşım – Elnur Məcidli və Elnur Israfilov, Ülvi… Onların hər biri çiçəyi burnunda gənclərdir, bu ölkənin susmayan vicdanları, ölməyən ümidləri, sınmayan qürurlarıdırlar. Onlar bu ölkədə azadlıqlara da yer olsun, hüquqa da yer olsun, ədalətə, həqiqətə də yer olsun deyə savaşan qutsal bir gəncliyin simgə isimləridir, indi siz belə bir gəncliyi “avtobusda yaşlılara yer vermirlər” bəhanəsi ilə necə yerdən-yerə vura bilərsiniz?
Siz müxalifətə parlamentdə yer verməyən Ilham Əliyev qarşısında süd dağıtmış pişiyə dönüb, siz mitinqlərə yer verməyən Ilham Əliyev qarşısında dilinizi dinməz yerinizə qoyub, amma metroda yaşlılara yer verməyən gənclər qarşısında necə şirə-pələngə çevrilə bilərsiniz? Bəyəm bu ölkənin əsas problemi hansısa gəncin metroda bir qocaya yer verməməsidirmi? Bəs Ilham Əliyevin mitinqlərə yer verməməsi? Bəs Ilham Əliyevin parlamentə öz adamlarını təyin edib, amma xalqın seçdiklərinə yer verməməsi? Bundan danışmağa niyə cəsarətiniz çatmır?
***
Və bir də lütfən, çox da “bizim zamanımızda elə idi, bizim zamanımızda belə idi” deyib öyünməyin. Sizin zamanınızın nə olduğunu biz gözəl bilirik. Sizin zamanınızın nəmənə şey olduğu Ramiz Mehdiyevdən, Anar Rzayevdən, Fikrət Qocadan, Əkrəm Əylislidən, Murtuz Ələsgərovdan məlumdur.
Bu ölkə indi məhz sizin zamanınızda yetişənlərin altını çəkir. Bu xalq sizin zamanınızda yetişənlərin zibilinə düşüb. Indi zəhmət çəkin, bir az ayaq üstə durun – bizim qarşımızda müqəssir kimi!