“AMAY Abdulla” həbs edilə bilər

İctimai Birlik sədri olmaqla biznes maraqlarını qorumaq cəhdi sahibkarı təhlükə altına atıb

A.M.A.Y Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayev həbs edilə bilər. Bu barədə “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, son vaxtlar Abdulla Abdullayevlə bağlı yuxarı çevrələrdə hazırlanmış çökdürülmə planına həbslə nöqtə qoymaq müzakirə mövzusuna çevrilib. Mümkündür ki, yaxın vaxtlarda A.M.A.Y sahibi dəmir barmaqlıqlar arasına salınsın.
Yeri gəlmişkən, dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Abdulla Abdullayevin yaxın adamları A.M.A.Y Ticarət Mərkəzinin direktoru Elşən Novruzov (həm də Abdulla Abdullayevin bacısını əri), digər təqsirləndirilən şəxslər – Yusif Kərimov və Zakir Məmmədov barədə başlanan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən məhkəmə prosesində Elşən Novruzov 11, Yusif Kərimovla Zakir Məmmədov isə 10 il azadlıqdan məhrum edilib.
Adıçəkilən şəxslər “Texnikabank”dan aldıqları kreditləri götürdükləri öhdəliyə uyğun ödəmədiklərinə və təyinatı üzrə xərcləmədiklərinə görə ittiham olunaraq, məsuliyyətə cəlb olunublar.
Abdulla Abdullayevin yaxınlarının ağır şəkildə cəzalandırılması göstərir ki, A.M.A.Y sahibinə güzəşt edilməsi nəzərdə tutulmur. Halbuki hökm oxunmamışdan əvvəl A.M.A.Y-ın “Texnikabank”la razılığa gəldiyi bildirilirdi.
Dünən, həmçinin məlumat yayılıb ki, Abdulla Abdullayev Demokratik Islahatlara Vətəndaş Dəstəyi (DIVD) Ictimai Birliyinin sədri seçilib.ÿ Bu təşkilat xeyli əvvəl yaradılsa da, aktiv fəaliyyəti olmayıb. Abdulla Abdullayevin təşkilata seçilməsi təsadüfi deyil. A.M.A.Y sahibi həbs olunacağının fərqindədir və ola bilsin, həbs olunarkən QHT sədri kimi diqqətdə saxlanılmasına çalışır. Yaxud da o, ictimai fəaliyyəti ilə həbsdən sığortalanmağı düşünür. Güman ki, o, bundan sonra maraqları uğrunda mübarizəni QHT sədri kimi aparacaq. Lakin məlumatlı şəxslər deyir ki, Abdulla Abdullayevin bu cəhdi əks-effekt verə, onun həbsini daha da sürətləndirə bilər. Sabiq deputat Hüseyn Abdullayev də sahibi olduğu tennis kortu ilə bağlı yaranmış qalmaqalı çözmək üçün ictimai fəaliyyətə keçməyə cəhd etdi. Naxçıvanda “Oğuz Evi” Ictimai Birliyini təsis etdi. Amma Hüseyn Abdullayevin ictimai fəaliyyəti uzun sürmədi. Hakimiyyət təhlükənin qarşısını həmən aldı. Parlamentdə Hüseyn Abdullayevin Fəzail Ağamalı ilə insidenti hakimiyyət üçün göydəndüşmə oldu.
Nemət Pənahlını da bu sıraya əlavə etmək olar. Nə qədər ki, Milli Dövlətçilik Partiyasının sədrinin ictimai-siyasi fəaliyyəti formal xarakter daşıyırdı və o, artıq sahibkar kimi tanınırdı, azadlıqda idi. Elə ki, yenidən siyasətə baş vurdu, həbsə atıldı.
Yalnız Sədərək Gömrük Postunun sabiq rəisi, “Laba” ləqəbli Mübariz Pənahov biznes maraqlarını müdafiə etmək üçün siyasi rəngə boyanmadı. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla “kapital savaşı”nda uduzduğunu görüb, sakit şəkildə Bakıya gəldi. Və əlində saxlaya bildiyi kiçik biznesilə kifayətləndi.

Analitik şöbə