İcra başçısı bu barədə ilk xəbər yayan «Azadlıq»ı rayondan yığışdırdı
Xəbər verdiyimiz kimi, Şamaxı şəhərinin girişində heyvan heykəli qoyulub. Tarixin səhifələrində belə bir məqama az da olsa rast gəlindiyi üçün, müxtəlif heyvanların heykəlinin əbədiləşdirilməsi elə də təəccüb doğurmur. Lakin bu işin təəccüb doğuran cəhəti yüzillərdən çox tarixi olan bir dövlətin paytaxtı statusuna malik Şamaxının girəcəyində uzunqulaq heykəlinin qoyulmasıdır.
Eşşəyə heykəl qoyulması ənənəsi olmadığına görədir, yoxsa, ümumiyyətlə, heyvan toteminin yaddan çıxdığı bir ölkədə geriyə doğru addımın özü qəribə gəlir, hər nədirsə, sözügedən addım hələ də cəmiyyətdə müzakirə mövzusudur.
Əslən Şamaxıdan olan tanınmış şəxslərlə söhbətdə eşşəyə heykəl qoyulmasının nə dərəcədə uyğun variant kimi seçilməsinə aydınlıq gətirməyə çalışdıq.
Şeyx Əbdül öncə Şamaxıda heykəli olan tanınmış şairlərin adını çəkərək yazımızın mövzusunu təşkil edən qəribə heykəlin varlığından xəbərsiz olduğunu söylədi. Eşşəyə heykəlin bu yaxında qoyulduğunu söyləyəndə isə, müsahibimizin cavabı qısa və konkret oldu: “Kim öz əzizinə belə bir heykəl qoysa, Allah onun atasına rəhmət eləsin”.
Tanınmış ziyalı Eldəniz Quliyevin fikrincə, heykəl qoymaq epidemiyası Azərbaycana çox ziyan vurub. Eldəniz bəyə görə, sözügedən məsələ ilk növbədə S.Ə.Şirvani, M.Ə.Sabirin, ümumiyyətlə, Şirvan dövlətinin tanınmış şəxslərinin ruhuna həqarət gətirən bir olaydır: “Şamaxıda belə bir heykəl qoyulubsa, onu qoyanlar deməli, inadkarlıqda özlərinə bənzəyən və özlərinə yaxın olan bir dördayaqlının heykəlini qoyublar. Bu, artıq gülüş doğuran məsələ deyil. Hakimiyyətin xalqa, onun keçmişi və dəyərlərinə hörmət etməməsini çox görsək də, məlum heykəl məsələsi həmin milli-mənəvi dəyərlərə nifrətin görsənişidir”.
Tanınmış sənətşünas Ziyadxan Əliyev Şamaxının girişində eşşəyə heykəl qoyulmasını biabırçılıq adlandırdı: “Adətən rayon və şəhərlərin girişində qoyulan heykəllər həmin ərazinin, oranın əhalisinin rəmzi xarakteri daşıyır. Şamaxı böyük mütəfəkkirlər yetirmiş diyardır. Bu baxımdan Şamaxının girişində belə bir heykəlin qoyulması heç bir məntiqə sığmır və bu, biabırçılıqdır. Bu heykəl ordan götürülməli, yerinə Şamaxının rəmzi xarakteri daşıyan bir abidə qoyulmalıdır”.
Dünən məlumat aldıq ki, Şamaxının icra başçısı Asif Məmmədovun bu biabırçılığı barədə xəbər verdiyimizə görə o, “Azadlıq”ı rayondan yığışdırıb. Həmçinin Asif Məmmədov hansısa səbəbdən qorxuya düşərək eşşək heykəlini qorumaq üçün mühafizəçi ayırıb.
Mövzunu diqqətdə saxlayacağıq.
Nigar