amerika

ABŞ – köləliyin mükafatlandırılmadığı ölkə

235 illik azadlıq təcrübəsi haqqında

 

Corc Buş ikinci dəfə prezident seçilmək ərəfəsində olanda yazmışdım: “Amerika xalqı, ehtiyatlı olun, Siz təkcə özünüzə prezident seçmirsiniz, həm də dünyaya tale seçirsiniz!” Sonrasını gördünüz. Dinlər bir-biri ilə qovğaya girdi. Və dünyanın yeni bir düzənə girəcəyi gözlənildiyi halda, əksinə, düzəni dağıldı. Bir dostum demişdi ki, “bu yazının nə anlamı var, kim oxuyacaq onu?” Mən, “sadəcə, safımı bəlləyirəm” dedim. Yəni, tərəfimi tuturam.
Kim nə deyir desin, dünyanın yeni tarixi 1776-dan başladı. Və davam etməkdədir. Ingiltərə sənaye inqilabının da qalibi ABŞ oldu. Birinci Dünya Müharibəsinin də, Ikinci Cahan Savaşının da. Son iki yüz il ərzində yalnız onlar qalib gəldilər. Ona görə yox ki, Tanrı onları əlahiddə qabiliyyətdə yaradıb. Heç onlar hər gün saatlarla dua da etmirlər. Söhbət təbii ki, Şimali Amerikalılardan gedir, daha da konkretləşdirsək, ABŞ-lılardan.
Iyunun 4-də ABŞ-ın Istiqlal Bəyannaməsinin elan olunmasından 235 il ötür. ABŞ dünyanın tarixindəki ən mühüm dəyişiklik olmaqla qalmadı, dünya tarixini dəyişdirən ən əsas faktora çevrildi.

 

20-ci əsrin sürət ekspressi

Nitşe 1900-cü ildə dünyasını dəyişdi. Amma o, ölməmişdən öncə demişdi ki, bəşəriyyətin ən dəhşətli müharibələri hələ qabaqdadır. Bu müharibələr insanların və dövlətlərin əsas simasını açıb göstərəcək. Nitşe sənaye inqilabının nəticələrinin müharibədə hələ tam yoxlanmadığını görür və bilirdi ki, dünyada böyük qan dəyişimi olacaq. Bu qan dəyişiminin ən başlıca ruporu isə dünyanın gənc dövləti idi. Magellan, Kolumb, Vesbuççi bu torpaqlardan daşıtdırdıqları  sərvətlərin on qat artıq geri gəldiyini görsəydilər, bəlkə də təəccüblənməzdilər. Çünki bu Amerika artıq əvvəlki deyildi. Indi dünyanın kəşfi bu torpaqların Şimalından başlayırdı. 20-ci əsrin insan və maşın resurslarının bütün əhəmiyyətli kəşfləri ABŞ-da oldu. ABŞ bu irəliləyişləri nəyə borcludur?

Elm sahəsində irəliləyişlər…

Bir neçə il əvvəl Çinin sürətli iqtisadi inkişaf yolu tutduğu və bunun ABŞ üçün təhlükə ola biləcəyi barədə suala ABŞ senatoru belə cavab vermişdi: “Əgər Çin təhsil sistemi ABŞ təhsil sistemini qabaqlasa, bu, bizim üçün müəyyən bir təhlükə yarada bilər. Indi isə ABŞ hələ ki, təhsil sahəsində birincidir”.
ABŞ həm də o ölkədir ki, orada elm təhsildən ayrı düşünülmür. Ona görə də birinciliyini qorumaqda davam edir. Birləşmiş Ştatlar insanlarını dövlətə xidmət üçün zorlamır. Bu ölkədə dövlət insanlar üçün fədakarlıq etmir, güzəştlər düşünmür. ABŞ-da dövlət elə insanların özüdür. Hər kəs özünə, yəni, ABŞ dövlətinə işləyir.

“Azadlıq”lar uğrunda

ABŞ-da dilənçilər də, bomjlar da azaddır. Bu ölkədə azad olmağın başlıca şərti onu istəməkdir. ABŞ təkcə öz daxilində azadlıq istəyənlərin səsinə səs vermir. Həm də dünyanın zülmdən zara gəlmiş xalqlarının dərdinə məlhəm olmaq yolunu tutub. Bir neçə il öncə Birləşmiş Ştatları təmsil edən bir alim belə də demişdi: “Rusiyada böyük rusları həbs edirlər (Qusinski, Xodorkovskini nəzərdə tuturdu), ona görə də Rusiya daxilən böyüyə bilmir. Rusiya vətəndaşları özlərinin taleyindən arxayın deyil, məhz bunun nəticəsidir ki, Rusiya öz taleyindən arxayın deyil. ABŞ isə böyük vətəndaşlarının, iş adamlarının, alimlərinin gücü ilə böyüyüb, güclənib. Bu gün öz vətəndaşlarından xəyanət görən dövlətlər (hakimiyyətlər) günahı özlərində axtarmalıdırlar. Çünki heç kim azadlığını satmaz. Insanlar yalnız çərçivələri sındırmaq üçün fədakarlıq və risklər edirlər. ABŞ isə azadlığın çərçivəsi olaraq qalır”.

Ideal olmayan ideyalar ölkəsi

ABŞ ideal olmağa çalışmır. Onun bir çox ştatlarında hələ də ölüm hökmü icra edilir. Bir çox ştatlarında isə insanlar, hətta ingilis dilini bilmirlər. Amma ABŞ ordusunda xidmət edib, ABŞ-ın şərəfinə həyatlarını fəda edirlər. Çünki bu ölkə vətəndaşlıq verdiyi hər kəsə hər şeyi verir. Onun üçün savaşır.
ABŞ-da hər kəs varlana bilər, əgər onun zəngin bir ideyası varsa. ABŞ dünyada hər il minlərlə miqrant qəbul edən ölkədir. Və başlıca məqsəd də ağıllı düşünən beyinlərin bu ölkəyə cəlb edilməsidir. ABŞ-ın inkişafının ən başlıca prinsipini müəyyən etmək üçün çox axtarışa ehtiyac yoxdur. Bu ölkədə ona görə başını dik tutmaq istəyənlər çoxdur ki, köləlik rəsmən mükafatlandırılmır. Köləliyin pul qazandırmadığı ölkədə insanlar azad və ağa olmaq üçün yarışarlar. Bu ölkə ABŞ-dır. Bayramınız qutlu olsun!

Seymur Həzi