Məktəblilərin 45 faizi attestat ala bilmirsə, deməli, təhsil sisteminin öz vəzifəsini yerinə yetirməməsi ilə yanaşı, dövlətin küllü miqdarda vəsaiti də havayı xərclənib. Bu, böyük biabırçılıqdır. Gəlin, bəzi rəqəmlərə diqqət ayıraq. Mətbuatda buraxılış imtahanlarının nəticələri çox qarışıq dərc edilib. Elə bil ki, Təhsil Nazirliyi bu məlumatları qəsdən dolaşıq verir. Amma bir şey bəllidir ki, bu il buraxılış imtahanında iştirak edən şagirdlərin yalnız 50 771 nəfəri qiymət ala bilib. Qalanları imtahandan keçməyib. Rəsmi açıqlamalara görə isə, bu il orta məktəbi 90 min 834 nəfər şagird bitirib. Nisbəti hesablasaq, bəlli olur ki, 2011-ci ildə məktəbi bitirənlərin 45 faizi buraxılış imtahanından keçməyib. Üstəlik, imtahanları rüşvətlə keçənləri, yəni, attestatı pulla alanları da nəzərə alsaq, əsl dəhşətlə üz-üzə qalırıq.
Bu, utancverici bir nəticədir! Təkcə savadsızlıq deyil, həm də təhsilə ayrılan dövlət vəsaitlərinin boşuna xərclənməsidir. Axı attestat ala bilməmək o deməkdir ki, həmin şagirdə 11 il ərzində xərclənən vəsait da boşuna gedib. 1 şagirdə dövlət 11 il ərzində təxminən 7000 manat xərcləyir. Gəlin, tənbəllik eləməyək və boşa xərclənən vəsaiti hesablayaq. Təhsil dövründə bu il attestat ala bilməyənlərə 286 milyon 118 min manat vəsaitin xərcləndiyi bəlli olur. Bu qədər pulun məsuliyyətini kim üzərinə götürəcək?
Rəsmi açıqlamalara görə, 2009-cu ildə 11-ci sinfi bitirmiş 112 549 şagirdin ümumilikdə 35724-ü, yəni 32 faizi attestat ala bilməyib. Keçən il isə 104037 məzunun 29205 nəfəri, başqa sözlə 28 faizi attestat ala bilməyib. Hesablasaq bəlli olur ki, orta hesabla hər il şagirdlərə xərclənən 200 milyon manatdan çox vəsait nəticəsiz xərclənir.
Bunun bir izahı varmı? Deyəcəksiniz ki, uşaqlar oxumur. Amma elə dünən qəzetlər yazıb ki, Azərbaycanın türk liseylərində oxuyan şagirdləri türk liseyləri arasında keçirilən olimpiadada birinci yeri tutub. Oxumasalar, onlar da oxumazlar. Hər il türk liseylərində oxuyan şagirdlərimiz beynəlxalq fənn olimpiadalarından medallarla qayıdır. Bizim məktəblərin məzunlarının isə 45 faizi heç attestat ala bilmirlər. Amma suallar yenə də bitmir…
11-ci sinfə qədər uğurla gələn məktəbli niyə attestat ala bilmir?
Bu il dostlarımdan birinin övladı attestat ala bilməyib. 11-ci sinfin son imtahanından kəsilib. Mənim ona sualım belə oldu: bəs 11-ci sinfə necə gəlib çıxmışdı bu uşaq? Amma məyus ata deyəsən sualı başa düşmədi. Axı bu, necə ola bilər? 11 il uğurla oxuyan, sinifdən-sinfə keçə bilən məktəbli sonda “2”“ ala bilməz axı…
Qətiyyən mümkün deyil. Əgər o, doğrudan da “2”“ alıbsa, deməli, əvvəldən “2”” alanmış və sinifdən-sinfə keçməli deyilmiş. Bunu sübut etmək çox asandır. Təhsil Nazirliyi elan edib ki, buraxılış imtahanlarında sualların 20 faizini düzgün cavablandıranlar kafi qiymət alaraq imtahandan keçə bilərlər. Bəs 11-ci sinfə qədər uğurla gələn məktəbli heç olmasa uğurlu 10 il ərzində mənimsədiklərinin hesabına sualların 20 faizini cavablandırıb bir “3”“” də ala bilmədi?!
Imtahanda suallar təkcə 11-ci sinfə aid olmur. Tutaq ki, şagird sonuncu sinifdə tamam savadsız qalıb, bəs onun 10 il öyrəndikləri var. Öyrənməyibsə, niyə sinifdən-sinfə keçib?! 13 ildir təhsil naziri olan Misir Mərdanov, həmçinin ölkədəki uğurlardan danışan rəsmilər bu adi məntiqi görə bilmir? Bəlkə, elə bilirlər heç kim görmür?