“Sındırın bağlı qapını, oğlanlarım…”

Bu misralar şair Əli Kərimin illər öncə yazdığı bir şeirindəndir:

 Sındırın bağlı qapını, 

Oğlanlarım-

Orxan! Paşa! Azər!

O zaman uşaq olan hər üç övlad indi yaşca atadan böyükdür. 37 yaşında vəfat edən şairin ölümündən düz 42 il keçir. Kədərli olsa da, adı birinci sırada gələn Orxan indi “bağlı qapılar” arxasındadır. Onu yaxınlarda çalışdığı Təhsil Nazirliyində baş verən “saxtakarlıq faktları” ilə bağlı həbs ediblər. Ikinci oğul Paşa uzun illərdir Milli Elmlər Akademiyasının Əlyazmalar Institutunda çalışır. Gözəl tədqiqatçı alim və tərcüməçidir. Azərbaycanda çoxlarının yaxşı tanımadığı Azərin adı isə Türk dünyasının ən böyük riyaziyyatçı alimləri sırasında yer alır. O, uzun illərdir Türkiyənin ən məşhur təhsil ocaqlarından biri olan Bilkənd universitetində dərs deyir. Vaxtaşırı dünyanın ən nüfuzlu universitetlərində mühazirələr oxuyur.

Əli Kərim bizim gənclik illərimizin ən sevilən şairlərindən idi və zərif, lirik şeirlərlə dolu kitabları əl-əl dolaşırdı. Mən də onun incə ruhunun, işıq dolu poeziyasının və yaradıcılığının heyranlarından olmuşam…

Illər sonra mətbuatdan başlanan yol məni həyatda onun qəhrəmanları ilə üz-üzə gətirdi. Günlərin bir günü ayağım Əlyazmalar Institutuna düşəndə Paşa Əlioğlu ilə tanış oldum, sonra şairin ilham pərisi Elza xanımla. O qadın ki, şair onu “susuzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi” sevmişdi… Bir gün də bu maraqlı müsahiblərimin vasitəçiliyi ilə o zaman Ankaradan yay tətilinə gələn professor Azər Kərimlə qəzetimizə səs gətirən maraqlı bir söhbətimiz olmuşdu.

Başdan bəri xüsusi rəğbət bəslədiyim bu ailənin üzvləri arasında şəxsən qarşılaşmadığım yalnız Orxan olub. Onun haqqında çox şeyi doğmalarından eşitmişəm, yaxşı bir iqtisadçı olduğunu da mətbuata verdiyi müsahibələrdən öyrənmişəm.

Ailənin bu üçüncü övladının Təhsil Nazirliyində nə vaxtdan çalışdığını bilmirəm. Amma onun həbs olunduğu xəbərini oxuyanda çox kədərləndim. Həqiqətən, bu gün ölkədə elə böyük qanunsuzluqlar baş verir ki, o ədalətsizliklərə məsul olan yüksək vəzifəli şəxsləri buraxıb, hay-küylə adi məmurları həbs etmək çox ironik görünür. Orxan Kərimovun gerçəkdən günahı varmı, yoxsa o da bir haqsızlığın qurbanıdır? Doğru ilə əyrinin qarmaqarışıq və baş-ayaq düşdüyü Azərbaycan kimi yerdə bunu anlamaq və indki halda ona qiymət vermək çox çətin məsələdir.

Mətbuat vasitəsilə ictimaiyyətə oğlunun günahsız olduğunu səslənən 72 yaşlı Elza xanımın fəryadını eşidincə insanın ürəyi parçalanır: “Oğlumun günahı olmadığından əminəm. Onun bu cür çirkin işlərdə əli ola bilməz. Telekanallarda saxta sənədlər hazırlayan insan barədə məlumat verdilər. Oğlumun onunla heç bir əlaqəsi ola bilməz, buna inanmıram. Əli Kərimin oğlu belə bir şey edə bilməz!” Haqqında üç aylıq həbs-qəti imkan tədbiri seçilən oğul da özünü təqsirkar bilmir və ifadə verməkdən də imtina edib.

Hadisənin təfərrüatları və O.Kərimovu yaxından tanıyan insanların dedikləri də onun belə qəliz işlərdən uzaq biri olduğunu söyləməyə əsas verir. Əslində, bunu onun yaşadığı çətin həyat şəraitinə nəzər salmaqla da müəyyənləşdirmək olar. Şair Əli Kərim zamanında çox haqsızlıqlara uğrayıb, ailəsi ilə bərabər ehtiyac içində yaşayıb, zor günlər keçirib. Indi onun övladını belə ittihamla üz-üzə qaldığını görmək, həqiqətən çox ağrılıdır. Amma… Bəlkə, hələ bütün ümidlər ölməyib, istintaqın sonunda hər şey açığa çıxacaq, övladlarına düşkün atanın ruhu bağlı qapıları sındırmağa da yardım edəcək…