Polis polis əxlaqsızlığını ört-basdır edir

Dörd polisin onu zorladığını deyən qadınla hüquq müdafiəçisi görüşə bilmir

Nizami Rayon Polis Idarəsinin 3 əməkdaşı bir qadını zorlayıb. Hadisə iyunun 22-də baş verib. “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, zorlanan qadın əslən Ağstafa rayonundandır. Hazırda Keşlə qəsəbəsində yaşayır. O, iyunun 22-də yaxın tanışı ilə Nizami rayonu ərazisində yerləşən parklardan birində gəzişirmiş. Nizami Rayon Polis Idarəsinin Post-Patrul Xidmətinin əməkdaşları – 3 serjant və kapitan onları saxlayıb. Bir qədər sonra qadının tanışı sərbəst buraxılıb. Qadının özü polislərin təcavüzünə məruz qalıb.
Hadisədən sonra qadın Daxili Işlər Nazirliyinə müraciət edib. DIN rəhbərliyi məsələdən xəbər tutan kimi dərhal baş verənləri araşdırıb. Və hadisədə adı keçən 3 polis serjantı məsuliyyətə cəlb olunub.
Sonrakı araşdırmalar zamanı məlum olub ki, hadisə baş verən vaxt polislər xidməti paltarda olub, onların adları da müəyyənləşdirilib. Məlumata görə, həmin şəxslər Post-Patrul Xidmətinin əməkdaşları B.E, S.T və M.I-dir.
Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov “Azadlıq”a açıqlamasında Nizami rayon polis idarəsinin rəisi Nofəl Məhərrəmovla telefon əlaqəsi yaratdığını bildirdi: “Mən ondan bu hadisəylə bağlı soruşdum. Rəis bildirdi ki, qadın onlara şər atır. Nofəl müəllimin dediyinə görə, qadın əxlaqsız olub”.
E.Behbudov həmin qadının ona müraciət etməsini istəyir: “Rəisdən qadının əlaqə nömrəsini, ünvanını istədim. Mənə bildirdi ki, yaxın günlərdə DIN bu işlə bağlı açıqlama yayacaq”.
Işin maraqlı məlumatlarından biri də odur ki, Nizami Rayon Məhkəməsində polis serjantları barədə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Hadisə yerində olan kapitan rütbəli polis əməkdaşı barədə hər hansı tədbir görülməyib.
Bundan əlavə, Nizami rayon Prokurorluğu isə iyunun 24-də hadisə barədə məlumat yayıb. Məlumata görə (lent.az), iyunun 23-də, 1978-ci ildə Ağstafa rayonunda anadan olmuş Ş.S 23-cü Polis Bölməsinə müraciət edib.
Qadın müraciətində bildirib ki, iyunun 22-si gecə saat 01 radələrində müvəqqəti yaşadığı Qafqaz küçəsi 49 ünvanındakı mənzilə gedərkən tanımadığı polis nəfərləri ona yaxınlaşıb. Həmin şəxslər Ş.S-ni “FIAT” markalı post-patrul maşınına salaraq, xəlvət yerə aparıblar. Burada isə hər üç polis bacısının baldızının evinə yalqız gedən qadını zorlayıb.
Məlumat üçün onu da qeyd edək ki, bu hadisə ictimailəşəndə DIN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Azadlıq”a bu işlə əlaqədar araşdırma aparıldığını deyib. Üstəlik qeyd edib ki, həmin şəxslərin polis geyimində olması hələ o demək deyil ki, onlar polis əməkdaşı olublar: “Eyni zamanda həmin xanımın doğru deyib-demədiyi bəlli deyil. Hər halda araşdırmaların nəticəsini gözləmək lazımdır”.
Ola bilər kimsə polis paltarı geyinib hansısa qadına təcavüz edir. Bunu müəyyən qədər göz önünə gətirmək olar. Ancaq polis geyimində üç nəfərin qadını zorla “FIAT” markalı post-patrul maşınına salması çox şeylərdən xəbər verir. Çünki “FIAT” markalı post-patrul maşınında mülki geyimlilər necə ola bilər?! Polis paltarı ilə birgə onu da oğurlayıblar?!
Bu azmış kimi, əgər polisin günahı yoxdursa, niyə Elçin Behbudovun qadınla görüşməsinə mane olurlar.
Bundan əlavə, biz Qafqaz küçəsinə getdik. Məlum oldu ki, sözügedən Qafqaz küçəsi böyük bir ərazini əhatə edir. Polis isə konkret ünvanı gizlədir.

Ramin DEKO