Hüquq müdafiəçisi əcaib açıqlama verib
Elçin Behbudov: «Asim Baxşiyev bir qızı istəyib, ona verməyiblər, buna görə intihar edib»
Iyunun 9-da Ağsunun Daşdəmirbəyli kəndinin sakini, polis serjantı Asim Baxşiyevin ölümü ilə bağlı “Azadlıq” qəzetinin ötən saylarında yazmışdıq. Yazıda A.Baxşiyevin ölümünün səbəbləri araşdırılmışdı. Qeyd olunurdu ki, polis serjantının Dövlət Yol Polisinə məxsus “Wolksvagen-Passat” markalı avtomobildə xidməti silahı ilə özünü güllələməsinin səbəbkarı Ağsu rayon polis şöbəsinin rəisi Hatəm Hacıyev olub.
Ailəsi, dost-tanışları, ümumiyyətlə, Asim Baxşiyevi uzaqdan-yaxından tanıyanlar polis serjantının intihar etməsində Hatəm Hacıyevi suçlu bilir: “Maaşından hər ay 250 manat kəsilirdi, rayonun mərkəzi bazarının rəhbəri Varis Məmmədovu şərləmək əmri vermişdi. Polis rəisi Asimə ”ya dediklərimi edəcəksən, ya da şərlənib ömürlük həbsə gedəcəksən” deyib. Rəis təklif edib ki, o, iş yoldaşı olan digər polis əməkdaşının üzünə dursun və onu rüşvət alanda gördüyünü söyləsin”. Yazıda o da vurğulanırdı ki, hadisə baş verməzdən az öncə mərhum Hatəm Hacıyevin otağında olub: “Həmin vaxt orada qərargah rəisi Qorxmaz Məmmədov və Kərəm adlı rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin rəisi də olub. Hər üçü Asimi təhqir edib, işdən çıxması haqqında ona ərizə yazdırmaq istəyiblər. O isə həmin vaxt ərizəni könüllü yazmaq istəməyib. Polis rəisi və digər iki nəfərin təhqirlərinə dözməyib otağı tərk edib. Yalnız bunu deyib: ”Bir neçə dəqiqədən sonra gəlib ərizəni yazacam”. O, xidməti silahını da götürüb maşınına gedib. Bir saatdan sonra isə Asimin meyiti xidməti avtomobilindən tapılıb. Asim hadisədən əvvəl, yəni saat 21:00-da sıra baxışında da olub”.
Yazıda adı hallanan polis rəisi Hatəm Hacıyev də qəzetimizlə əlaqə saxlayaraq yazılanların həqiqət olmadığını bildirmişdi: “Sizin yazınıza etirazımı bildirirəm. Respublika Prokurorluğunun araşdırması gedir. Hər kəsdən izahat alınıb. Yazıda adları çəkilən əməkdaşların hər biri, o cümlədən mən bu araşdırmanın sonunu gözləyirik. Qanun şahdır, şah qanun deyil. Əgər biz qanunsuzluğa yol vermişiksə, qanun qarşısında cavab verməyə, cəzamızı çəkməyə hazırıq”.
Bundan başqa, Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Ağsu və Şamaxı rayon polis şöbələrinin müvəqqəti saxlanma məntəqələrində monitorinq keçirib. O, Asim Baxşiyevin cinayət işi ilə də maraqlandığını APA-ya bildirib: “Ağsu rayonunda olarkən iyunun 9-da intihar edən polis əməkdaşı Asim Baxşiyevin cinayət işi ilə də maraqlandım. O, Məhəmməd Əmin Rəsulzadə küçəsində intihar edib. Araşdırma zamanı məlum olub ki, o, bir qızı istəyib, lakin ona verməyiblər. Buna görə intihar edib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır”.
Ailəsi bu ittihamları qəbul etmir. Deyirlər ki, Asim Baxşiyev Hatəm Hacıyevin təzyiqlərinə dözməyərək intihar edib.
Ramin DEKO