mtn

MTN nazirin qardaşı oğlunu cəzalandırdı

Qubanın polis rəisi Fuad Məmmədovun çekistlərlə hesablaşmaması ona baha başa gəldi

Bir neçə gün əvvəl Qubanın polis rəisi, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Fuad Məmmədovun işdən çıxarılması barədə məlumat yayılmışdı. “Azadlıq” da DIN-lə əlaqə saxlayaraq Fuad Məmmədovun işdən çıxarılıb-çıxarılmadığı ilə maraqlanmışdı. Nazirliyin rəsmisi Ehsan Zahidov xəbəri təkzib edərək bildirmişdi ki, Fuad Məmmədov iş başındadır.
Dünən redaksiyamıza daxil olan məlumatlara görə, həqiqətən də Fuad Məmmədov işdən çıxarılmayıb. Lakin belə bir məlumatın yayılması da səbəbsiz deyil. Məlumatda deyilir ki, Fuad Məmmədov MTN-nin Qubadakı şöbəsi ilə hesablaşmırmış. MTN-nin Quba şöbəsinin rəhbərliyi də bu barədə mərkəzə xəbər verib. MTN məsələni araşdırmaq üçün Qubaya nümayəndə heyəti göndərib. Nümayəndə heyəti rayona gələn kimi Fuad Məmmədovu və rayon yol polisi şöbəsinin rəisini maşına əyləşdirərək rayondan çıxarıb. Onların hara aparıldığı barədə bilgimiz yoxdur. Lakin məlumatda deyilir ki, Fuad Məmmədovla profilaktik söhbət edilib və nazirin qardaşı oğluna yeri göstərilib. Bir müddət sonra isə hər iki polis rəisi sərbəst buraxılıb.

İnformasiya şöbəsi