Əliyevin evinə görə 16 mərtəbəli bina sökülür

Ələkbər Məmmədov:”Mənzillər bilərəkdən yararsız hala salınır və binanın qəzalı vəziyyətdə olduğu görkəmi yaradılır”

 

Azadlıq prospekti, 154 saylı binanın sakinləri mülkiyyət hüquqlarının pozulması ilə bağlı Media Mərkəzində mətbuat konfransı keçiriblər. Hüquq müdafiəçisi Ələkbər Məmmədov bildirib ki, sözügedən bina 1973-cü ildə tikilib, Bakıda
ilk 16 mərtəbəli binadır. Binanın sökülməsinə dair hər hansı rəsmi qərar yoxdur. Söküntü işlərini  Neftçilər prospektində, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində olduğu kimi, “Azinko” şirkəti icra edir. Söküntünün icra üsulları da eynidir. Belə ki, sakinlərə binanın sökülməsinə dair imzasız bildirişlər daxil olur. Daha sonra binada mənzillər alınır, alınan mənzillər bilərəkdən yararsız hala salınır və binanın qəzalı vəziyyətdə olduğu görkəmi yaradılır. Bu binada 84 ailədən artıq 50-yə yaxını köçüb. Qalan ailələr mülkiyyət hüquqlarının müdafiəsilə bağlı mübarizə aparır. Onları evlərindən çıxarmaq üçün binaya qaz, su, işıq verilməsi qəsdən dayandırlır. Neftçilər prospekti 59/61 saylı binada olduğu kimi, Azadlıq prospekti, 154-də də əhalinin mülkiyyət hüququnun pozulmasının görünən tərəfində Əmlak Məsələləri Komitəsinin əməkdaşı Yusif Qəmbərov dayanır.
“Binanın sökülməsinin əsl səbəbi odur ki, “Azadlıq” prospektində dövlət başçısı üçün tikilən yeni iqamətgahın həyəti binanın yuxarı mərtəbələrindən  görünür”-,  Ə.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, sakinlərə hər hansı məbləğdə pul təklif edilmir, sadəcə, Keşlədə, yük boşaltma stansiyasının həyətində “Azinko”nun tikdiyi evlərdən mənzillər təklif olunur. Həmin binalara köçmək isə notarius qaydasında verilən mənzilin kimə məxsus olması, dövlət reyestrindən keçirilməsi şəklində edilmir, müqavilə imzalanmır. Bundan əlavə, binanın sökülməsilə bağlı sakinlərin müraciətlərinə cavab olaraq Nazirlər Kabineti və Bakı şəhər İcra Hakimiyyəti bu haqda məlumatlarının olmadığını bildiriblər.
“Ortada qanuni əsas yox, dövlət qurumlarının xəbəri yox, amma vətəndaşlar mənzilindən, mülkiyyətindən məhrum edilir, dövlət qururmları isə bunu kimlərin etməsilə maraqlanmır”-, Ə.Məmmədov vurğulayıb. Sakinlərin sonrakı addımlarına gəlincə, onlar mülkiyyət hüquqlarının pozulması ilə bağlı Prezident Administrasiyasına, beynəlxalq qurumlara, aparıcı dövlətlərin səfirllərinə müraciət edəcəklərini bildiriblər.