Eşşək abidəsi

Şamaxının icra başçısından «eşşək ideyası» doğdu

 

Şamaxıda eşşəyə heykəl qoyuldu. Bunun kimin eşşəyi olduğunu kimsə bilməz. Amma ideya rayonun icra başçısı Asəf Məmmədova məxsus olduğu üçün eşşəyin də ona məxsus olduğunu iddia etmək olar. Asəf Məmmədov özünün əziz saydığı heyvanların hamısına heykəl qoya bilər, amma bunu Şamaxının girişinə qoydurmalı deyildi. Eşşəyə heykəl qoymaq üçün min dənə yer var. Əgər Asəf müəllim eşşəkləri (və ya öz eşşəyini) çox sevirsə, onun heykəlini də öz həyətində qoya bilərdi. Hər səhər də üzünü həmin heykələ tutub gərnəşər, gün ərzində görəcəyi işləri uğurla başa çatdırmaq üçün yüksək əhval-ruhiyyə enerjisi yığardı. Şamaxıda Eşşək sözünü ifadə etməmişdən qabaq hökmən, “üzdən iraq” sözünü deyərlər.

Asəf Məmmədovun bu “eşşək ideyası” haradan, necə doğub o qədər də sirrli deyil. Azərbaycan insan məntiqi ilə idarə edilmir. Şamaxı, Azərbaycan ərazisində tam 800 il mövcud olan bir dövlətin paytaxtı olub. Bu dövlət Azərbaycanın dövlətçilik və diplomatiya tarixinə, mədəniyyət dünyasına böyük töhfələr verib. Mənim yadımdadır ki, dünya fəlsəfi fikrinin, sufi ədəbiyyatının korifeylərindən olan Nəsimiyə heykəlin qoyulması prosesi 15 ildən artıq çəkdi.

Amma Asəf Məmmədov Şamaxıda Eşşək heykəlini bir neçə ayın ərzində smetalaşdırıb maliyyə mənbəyini də aşkar etdi. Yəqin ki, həmin eşşəyin pulunu da yerli sahibkarlara ödətdiriblər. Bu, təkcə Asəf Məmmədovun deyil, Azərbaycan iqtidarının iş üslubudur: büdcədən pul ayırırlar, onu yerli-dibli mənimsəyirlər, amma smeta üzrə nəzərdə tutulan işi görmək üçün müəllimlərdən, həkimlərdən, sahibkarlardan pul qoparırlar. Eşşək heykəli də belə ərsəyə gəlib. Bu heykəlin orada ucaldılmasında Şamaxının “bərk gedən” adamlarının hamısı iştirak eləyib, pul qoyublar. Kampaniyanın rəsmi adı da “Asəf müəllimin Eşşəyinə abidə” adlana bilərdi.

Azərbaycanda adamları belə zəlil edirlər. Bu ölkədə tarixi şəxsiyyətlər yoxmuş kimi, tarixin özü də 1969-cu ildən başlayırmış kimi təbliğat aparıb adamları Eşşək yerinə qoyurlar. Bir azdan itlərinə, qoyunlarına, küçüklərinə də heykəl qoyacaqlar və bu abidələrə də baş əyməyə məcbur edəcəklər. Nədi? Baş əyməyəcəksiz? Hər dəfə Pirsaat çayını keçib üzü Şamaxıya gedən Şamaxılılar bu heykəlin altından keçəndə ürəklərində hansı hisslər baş qaldıracaq. Deyək ki, bir qismi, ideyanı “Başçının eşşək məhəbbəti” kimi izah edəcəklər. O biri qismi heç nə başa düşməyəcək. Amma bir qismi, hətta özünü cıracaq ki, bu, möhtəşəm sənət əsəridir və Allah Asəf müəllimin canını sağ eləsin ki, Eşşəyin bədii məziyyətlərini bizə agah etdi.Azərbaycanda heykəl qoymağa adam yoxdur. Azərbaycanın böyük hərflərlə yazılacaq bütün adamları bunlar üçün tarixi şəxsiyyət sayılmaz. Bunlar yalnız bircə nəfəri “tarix” sayarlar.

Amma Azərbaycanın faunasıdamı bu qədər kasıbdır?! Bəyəm, Şamaxıda heykəli ucaldılası başqa heyvan yoxdur?! 
Bir neçə il əvvəl hansısa peyvənd ağıllı birisi belə hesab etmişdi ki, Tovuz rayonunun adı tovuz quşu ilə bağlıdır. Götürüb bir tovuz quşunun arxasının heykəlini Tovuzun girişinə qoydular. Tovuz ziyalıları hay-küy saldılar ki, bu quşun Tovuz etimologiyası ilə heç bir əlaqəsi yoxdur, amma o quşun arxasının heykəli orada qaldı.

Indi də Şamaxıya Eşşək heykəli gətirdilər. Indi nə baş verməlidir? Ya Eşşək getməlidir, ya Asif Məmmədov, ya da hər ikisi. Ya da heç kim getməsin. Elə hamı sülh və əmin-amanlıq içində yaşasın: Asif müəllim də, Eşşək heykəli də, Şamaxılılar da. 

Bir azdan sonra, Şamaxı avtovağzalının böyründə bir Qoyun heykəli də qoyacaqlar.

Inanmırsız, gözləyin. Onsuz da Eşşək heykəlinin sonunu gözləyəcəksiz.

Burada Eşşək sözünü ona görə böyük hərflə yazıram ki, bu, elə-belə eşşək deyil. Sıradan bir eşşəyə heykəl qoyulmaz ki…