Mitinqlər Hələbə çatdı; ABŞ Suriya ordusunu hədələdi
Mart ayından bu yana Suriyanın müxtəlif şəhərlərində davam edən Bəşər Əsəd əleyhinə etirazlar ölkənin ikinci böyük və strateji şəhəri Hələbə yaxınlaşıb. “Newlebonan” qəzetinin verdiyi məlumata görə, Hələb şəhərinin müxtəlif bölgələrində Suriya diktatoru Bəşər Əsədin istefası tələbiylə mitinqlər keçirilib.
Suriya Insan Haqları Ictimai Birliyinin sədri Əbdül Kərim Rihavi Hələbin mərkəzində və ətrafındakı Səlahəddin, Səif əl-Davla və Bab əl-Fərac bölgələrində antihökumət aksiyalarının keçirildiyini bildirib. Rihavi bölgəsində keçirilən mitinqə hökumət qüvvələrinin sərt müdaxiləsi nəticəsində 2 etirazçı ağır yaralanıb.
Suriya müxalifəti bu gün Cümə namazından sonra Əsəd rejiminin əleyhinə başda Hələb şəhəri olmaqla ölkənin müxtəlif bölgələrində mitinqlər keçirilməsi üçün hazırlıqlara başlayıb. Hələb şəhərində baş tutmuş aksiyada etirazçılar xalqı cümə namazından sonra küçələrə axışaraq hakimiyyətə qarşı dinc mübarizə aparmağa çağırıb.
Bu arada Suriyanın mərkəzindəki Həma şəhərinin Əsəd əleyhdarlarının nəzarətinə keçməsi haqda məlumat yayılıb. “The Guardian” qəzetinin yazdığına görə, yerli sakinlər artıq bir neçə həftədir şəhərdə nə polis, nə hərbçi, nə də hakimiyyət təmsilçisinin olduğunu bildirib. Əsəd ailəsinin nümayəndələrinin portretləri məhv edilib. Xalq küçələrdə qələbəni qeyd edir. Ölkənin şərqindəki Deyr-az-Zaur şəhərində də oxşar vəziyyət yaranıb. Səhra qəbilələrinin məskunlaşdığı şəhəri hökumət qüvvələri tərk edib.
ABŞ administrasiyası isə Suriyada keçirilən antihakimiyyət nümayişlərini zorakılıqla dağıdan ordu və təhlükəsizlik qüvvələrinə qarşı sanksiyalar tətbiq olunacağını açıqlayıb.
Elxan



