Biz ruslara bənzəyirik, yoxsa amerikalılara?

Maraq üçün son günlər Rusiyada və ABŞ-da gedən ən qaynar vətəndaş müzakirələrini ayırd etməyə çalışdım. Təbii ki, müqayisə də etməli və Azərbaycan üçün bəzi nəticələr çıxarmalı idim…

Hitlerin yıxa bilmədiyi SSRI-ni Qorbaçovun dağıtması

Son günlər Rusiyanın ən ciddi vətəndaş müzakirəsi tam güman edilən mövzudadır: Rusiyanı dağılmaqdan kim xilas edəcək? Keçirilən rəy sorğularında fərqli baxışlar var. Putinə də ümid edənlər var, Rusiyanı vətəndaş cəmiyyəti institutlarının xilas edəcəyinə inananlar da. Amma əksəriyyət o fikirdədir ki, Rusiyanı xilas etmək lazımdır, yəni, onun dağılmağa doğru getdiyini, az qala hamı qəbul edir.

Görünür, mövcud vəziyyət o qədər qəbuledilməzdir ki, ruslar hələ də SSRI-nin xiffətini çəkir, onun dağılmasını sinirə bilmirlər və bu zaman heç də hamı imperializm duyğularından çıxış etmir. Rusiya sosial, demoqrafik aşınma yaşayır, burada mənən sağlam cəmiyyətin varlığından danışmaq olmaz. Böyük resurslara baxmayaraq, ölkə iqtisadi cəhətdən də ürəkaçan durumda deyil. Rusiyanın, hətta silah istehsalında geri qaldığını Medvedev etiraf edir. Rusiya əksər gərəkli sahələrdə həqiqətən də geridə qalır və öndə olanlarla arasındakı məsafə getdikcə artır. Bu, rusları narahat edir. Üstəlik, insan haqları qorunmur, ədalətli məhkəmə yoxdur, mülki hüquq cəmiyyətinin yaranmasından söz belə, gedə bilməz.

Ruslar narahatdır ki, Hitlerin yıxa bilmədiyi SSRI necə dağıldısa, Rusiya da eləcə dağıla bilər, odur ki, onu xilas etmək lazımdır…

 Bəs ABŞ-da nəyi dartışırlar?

Mətbuatdan sizə elə görünə bilər ki, ABŞ-da vətəndaşlar Əfqanıstan, Fələstin, Iraq, Belarus, Iran məsələlərini müzakirə edirlər. Yox, yanılırsınız. Son günlər burada ən geniş əks-səda yaradan məsələlərdən biri belədir: nəyə görə hakimiyyət orqanları veteran Fred Kuiqliyə ABŞ bayrağını evinin önündə beş metrlik dirəkdən asmağa icazə verməyib. Amerikalılar qəzəblənib: qoy cürət edib o bayrağı çıxarsınlar! Amerikalılar narazıdır: insanın azadlığına bu cür müdaxilə dözülməzdir, hamı ayağa qalxmalıdır! Bu addımı atanların ölkədən qovulmasını tələb edənlər belə, tapılıb…

Azərbaycan isə Rusiyaya da bənzəyir, ABŞ-a da…

Bizdəki vətəndaş müzakirələrini ümumiləşdirdikdə maraqlı bir nəticə ortaya çıxır. Biz öz narahatçılıqlarımıza görə həm Rusiyaya bənzəyirik, həm də ABŞ-a. Ruslar da ölkənin xilasını düşünür, biz də. Amma ruslar xilasın insan azadlıqları ilə bağlı olduğuna köklənməyib. Onların xilas axtarışı aydın deyil, hələ də Rusiya cəmiyyəti demokratiyanın yeganə xilas yolu olduğunu qəbul etmir. Hitlerin yıxa bilmədiyi Rusiyanın özü ruslar üçün cəhənnəm idi, üstəlik, SSRI-nin yıxılması Qorbaçovun adı ilə bağlı olsa da, bu qurum dağılmağa yaxınlaşan bir sistem idi. Ən başlıcası, SSRI-ni dağıdan azadlıq ideyaları uzun müddət məğlub ola bilər, amma o, Hitlerin hərb maşınından və ideologiyasından güclüdür. Açıq görünür ki, Rusiya cəmiyyəti xilasın vətəndaş azadlıqlarına bağlı olduğunu qəbul etmədiyi üçün, məhv olacaq bir keçmişə nostalji yaşayır…

Bizim cəmiyyət də ruslar kimi xilas üzərində düşünür, amma vətəndaş azadlıqlarının, demokratiyanın bunun üçün yeganə yol olması ən populyar ideyadır. Biz azadlıq istəyirik və bu cəhətdən veterana qarşı qadağaya etiraz edən amerikalılara daha yaxınıq. Yəni, həm ruslara bənzəyirik, həm amerikalılara…