3,5 milyon manatlıq plagiat!


Ramiz Mehdiyev, bu qrantdır, yoxsa korrupsiya?

 

Əslində oğurluq, soyğunçuluq dövlət səviyyəsində adi hal olduğundan, normaya çevrildiyindən indi yazacaqlarım bəlkə də çoxlarını təəccübləndirməyəcək. Amma haqqında bəhs edəcəyim göz- görəti bir korrupsiya faktını, adi haldır deyib görməzlikdən gəlmək də doğru olmazdı. Bəs məsələnin canı nədir?

Söhbət ondan gedir ki, Azərbaycan Respublikası Prezidenti yanında Elmin Inkişafı Fondu AMEA- nın Fizika Institutuna birinci bəndi plagiat işə əsaslanan layihəyə görə 3,5 milyon manat qrant verib. Bu işin plagiat olduğunu başa düşmək üçün nə fizik, nə elmlər doktoru, nə də akademik olmaq lazımdır. Orijinal elmi iş ABŞ-ın Milli Bərpa Olunan Enerji laboratoriyasında 2004-cü ildə yerinə  yetirilib.

Mənbə belədir:

X.Wu, Y.Yan, R.G. Dhere, Y.Zhang, Y.Zhou, C.Perkins, and B.To//Nanostructured CdS:O film: preparation and application//Phys.stat. sol.(c)1.No.4,1062-1066(2004)

Bu işin canı olan annotasiyada göstərilir: “The CdS:O film has a higher optical bandgap (2,5-3,1 eV) than the poly-CdS film and a nanostructure; the bandgap increases with an increase of oxygen content(from~4at.% to~23 at.%) and a decrease of grain size)”.

Oxşar iş aradan 6 il keçdikdən sonra – AMEA Fizika Institutunun 2010-cu ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatıdır. Hesabatın 152-ci səhifəsində Nazik Təbəqəli Strukturlar laboratoriyasının əsas nəticəsi olaraq yazılıb: “Göstərilmişdir ki, oksigen iştirakı alınan CdS:O təbəqələrinin şəffaflıq oblastını 2,4 eV-dan 3,2 eV-a qədər artırır ki, bu da CdS/CdTe günəş elementlərinin effektivliyinin nəzərə çarpacaq dərəcədə yüksəldilməsinə imkan verə bilər”.

Burada göstərilən nəticə ABŞ-da görülən işdən quraşdırılıb, yəni plagiat olunub. Bu nəticə qrafik formasında Fizika Institutunun hesabat kitabının əsas nəticələr bölməsində 12-ci səhifədə və AMEA-nın 2010-cu il üçün hesabat kitabının 37-38-ci səhifələrində də təkrarlanıb, daha doğrusu, oğurlanıb. Əvəzində isə 3,5 milyon manatı – yəni bir “Nobel” mükafatçısının aldığı 1 milyon dollardan, az qala dörd dəfə çox pulu biriləri bizdə sakitcə qatlayıb ciblərinə qoyublar. Camaat gözünün nurunu axıtsın, gecə-gündüz yatmasın, əlləşsin, vuruşsun, elmdə yeniliyə imza atsın, əvəzində 1 milyon dollar alsın, sən get 6 il əvvəlki elmi nəticəni gətir “kopyala”, əvəzində 3,5 milyon manat al! Bərəkallah ustadınıza!

Işin içində kimlər var?

Bildiyim qədər ilə AMEA-nın və AMEA Fizika Institutunun əsas nəticələr kitabına daxil olan bu plagiat nəticənin müəlliflərindən biri Fizika Institutunun direktor müavini, digəri Fizika Institutunda fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiə şurasının sədr müavini, üçüncüsü isə institutun laboratoriya rəhbəridir.

Öyrəndiyim qədəri ilə Elmin Inkişafı Fondunun (EIF) başçısı qrantların verilməsində əsas söz sahibi deyil, o, formal olaraq EIF-in icraçı direktorudur, əslində isə qrantların verilməsində həlledici söz sahibləri Elmin Inkişafı Fondunun (EIF) Himayədarları Şurasının üzvləridirlər. Onların da arasında Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev, PA-nın Humanitar siyasət şöbəsinin rəhbəri Fatma Abdullazadə, Baş Nazirin müavini Elçin Əfəndiyev, AMEA prezidenti Mahmud Kərimov kimi möhtərəmlər var.

Zatən adlar hər şeyi deyir, demək ki, plagiat bir işə milyonlarca manatın şıtır-şıtır sayılmasının hesabı da onlardan soruşulmalıdır. Onlar cavab verməlidirlər ki, plagiat işə 3,5 milyon manat məbləğində qrant niyə, hansı məntiqlə verilib?

Kim təminat verə bilər ki, bu qrant gələcəkdə yeni plagiat işlərin yaranması və Azərbaycan elminin plagiatlaşdırılmasına stimul yaratmayacaq? Üstəlik, nəyə görə 3,5 milyon manat Elm Fondunun Azərbaycandakı bütün elmi işlərə ayırdığı məbləğin yarısından çox olsa da, bu qrant təkcə bir və ya bir-iki laboratoriyaya verilib? Ən əsası, nə qədər komik səslənsə də, hər halda, Prezident yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin sədri, eyni zamanda elmə qrantların ayrılmasında həlledici söz sahiblərindən biri və birincisi olan Ramiz Mehdiyev əlini ürəyinin üstünə qoyaraq, bütün vicdanı ilə cavab verməlidir: bu qrantdır, yoxsa korrupsiya?

Ən sonda:

Xatırladım ki, üç ay öncə Almaniyanın müdafiə naziri Karl Teodor Quttenberq dissertasiyasındakı plagiata görə istefa verməyə məcbur edildi. Üstəlik, o, bu plagiat əməlinə görə dövlətdən qrant-filan da almamışdı.