Mingəçevir SES-in ətrafı sürətlə oyulur
2007-ci ildə baş vermiş torpaq sürüşməsinin təkrarlanması qaçılmazdır
Ötən ilin mayında respublikanın dağlıq ərazilərinə yağan güclü yağışlar nəticəsində kiçik çaylarda, o cümlədən onların qovuşduğu Kür çayında suyun səviyyəsinin tədricən qalxmağa başladığı bir vaxtda hamının gözü ölkənin ən iri strateji obyektlərindən sayılan Mingəçevir SES-də idi. Aran zonasına xas olmayan aramsız yağışlar və Kürdə suyun həddən artıq bollaşması bölgədə çox kritik vəziyyətə səbəb olmuşdu. Vəziyyətin bu cür davam etməsi Mingəçevir su anbarının tam dolması, təzyiq nəticəsində bəndləri dağıtması, bunun isə bütövlükdə respublika üçün ağlasığmaz fəsadlara yol açmasıyla sonuclana bilərdi.
Əslində bu gün Mingəçevirin və ətraf bölgələrin sakinləri sel fəlakətindən də acınacaqlı fəsadlara səbəb ola biləcək bir təhlükəylə üz-üzədirlər. Buna səbəb gecə-gündüz şəhərin altını sovuran qum-çınqıl karxanalarının fəaliyyətidir.
Məlumat üçün bildirək ki, hazırda Mingəçevir şəhəri ərazisində 10-dan artıq (bəzi məlumatlara görə, təxminən 15 – Z.) karxana fəaliyyət göstərir. Karxanalar faktiki olaraq şəhəri üzük qaşı kimi əhatəyə alıb. Bura şəhərin Mingəçevir kəndi adlanan ərazisindəki əhalinin otlaq sahəsi kimi istifadə etdiyi torpaqlardan tutmuş, Kür çayının sahili boyunca uzanan onlarla hektar torpaq sahəsi aiddir. Bəzi sahibkarların sənədlərində icarələrində olan torpaq sahələrinin təyinatı fermer təsərrüfatı və ya heyvandarlığın inkişafı kimi göstərilsə də, həmin torpaqlar qum karxanası kimi istifadə edilir. Yeni-yeni karxanaların açılması bu gün də davam etdirilir.
Xatırladaq ki, 2007-ci ilin payızında Bozdağın ətəyində, Mingəçevir SES-in yaxınlığında baş vermiş torpaq sürüşməsindən sonra Fövqəladə Hallar Nazirliyi şəhər ərazisindəki bütün qum-çınqıl karxanalarının fəaliyyətinin dayandırılması barədə göstəriş vermişdi. O zaman hadisə yerinə nazir Kəmaləddin Heydərov da gəlmişdi. Həmin vaxt ekspertlər şəhərin altından qum-çınqılın sovrulmasının süxurların tərpənməsi, Mingəçevir su anbarının hövzəsindən çıxması, yekunda ölkənin 22 rayonunun su altında qalmasına gətirib çıxara bilməsi barədə proqnoz vermişdilər. Lakin qısa zaman kəsiyindən sonra bu xəbərdarlıq da bir qədər yumşaq desək, qulaqardına vuruldu. Hətta belə bir məlumat yayıldı ki, əslində karxanaların fəaliyyətlərinin qısa müddətdə “dondurulması”na səbəb bölgələrin gələcəyi üçün əndişədən çox, “yuxarıların” Mingəçevirdəki qum-çınqıl karxanalarından daxil olan vəsaiti öz aralarında bölməkdə razılığa gələ bilməməsi səbəb olubmuş.
Yazıda diqqəti heç də az əhəmiyyət kəsb etməyən bir məsələyə yönəltmək istərdik. Məlum olduğu kimi, qum-çınqıl karxanaları mədən vergisi ödəyiciləridir. Qazanılan milyonların fonunda karxanaların il ərzində ödədiyi mədən vergisinin məbləği yəqin oxucular üçün də maraqlı olar. Mingəçevir Bələdiyyəsinin 2010-cu ilin yekunu üzrə hesabatında il ərzində bələdiyyə büdcəsinə 344025,31 manat vəsait daxil olduğu göstərilib. Məlumat üçün bildirək ki, həmin vəsaitin 150 min manatı dövlət büdcəsindən ayrılmış dotasiyadır. Bələdiyyənin əsas gəlir mənbəyini təşkil edən yerli əhəmiyyətli tikinti materialları üzrə topladığı mədən vergisi il ərzində cəmi 16816,48 manat (?) təşkil etmişdir. Bu rəqəm ilk baxışda böyük görünə bilər. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, Mingəçevir şəhəri ərazisində 10-dan artıq karxana fəaliyyət göstərir. Həmin karxanalardan yalnız bir neçəsi (onlardan da bəziləri aylıq hesabatlarda kiçildilmiş rəqəmlər əks etdirməklə) mədən vergisi ödəyir. Mədən vergisindən yayınma isə bu karxanaların hansısa məmur-oliqarxın inhisarında olmasını sübut edən faktdır. Çünki bu gün ölkədə güclənən monopoliyalaşma prosesində karxana kimi gəlirli biznesin diqqətdən kənar qalması inandırıcı deyil.
Zeyd