Üsyançılar Qəzzafinin silahlarını ələ keçirdi

Fransanın isə müxaliflərə gizli silah yardımı etməsinə dair xəbərlər yayıldı

Haaqa Tribunalının Liviya diktatoru Müəmmər Qəzzafi, onun oğlu və kəşfiyyat xidmətinin rəhbərinin həbsinə order verməsi barədə qərarına NATO öz münasibətini bildirib.
Alyansın nümayəndəsi Oana Lunqesku Beynəlxalq Cəza Məhkəməsinin qərarını alqışlasa da, diktatorun həbs edilməsinin NATO-nun mandatına uyğun olmadığını söyləyib: “Bu, Liviya hökumətinin səlahiyyətindədir. NATO Qəzzafi rejiminə qarşı hərbi əməliyyatları davam etdirməklə ona təzyiqlərini artıracaq”.
Xatırladaq ki, bazar ertəsi Beynəlxalq Cinayət Məhkəməsi Müəmmər Qəzzafinin, onun oğlu Seyfülislamın və Liviya kəşfiyyat idarəsinin rəhbəri Abdullah əs Sanusinin həbsinə order verib. Onlar hərbi cinayətlər törətməkdə ittiham olunurlar.
Qəzzafi rejiminə qarşı vuruşan üsyançılar isə diktatora bağlı ordunun iri yeraltı silah-sursat kompleksini ələ keçirib. “BBC”nin üsyançılara istinadən verdiyi məlumata görə, ölkənin qərbindəki Zintan şəhəri yaxınlığında yerləşən silah anbarlarının yanında Qəzzafiyə sadiq heç bir hərbi qüvvə qalmayıb. NATO aviasiyası bu silah bunkerlərinə bir neçə gün əvvəl zərbə endirmişdi, alyans təyyarələri isə Zintan şəhəri yaxınlığında 3 tank və 6 zirehli transportyoru hədəf almışdı.
Intensiv hava hücumlarına baxmayaraq, Liviya üsyançıları bu bunkerlərə daxil ola biliblər. Üsyançıların komandanlığı hərbi avtomobil karvanını da məhv etdiklərini bildirir. Silah bunkerlərində aşkar edilmiş raket, pulemyot və digər döyüş sursatı üsyançılar tərəfindən daşınıb. Üsyançılar silah-sursatın ələ keçirilməsini paytaxt Tripoliyə yaxınlaşmaq üçün kömək hesab edirlər.
Fransada yayımlanan “Le Figaro” qəzeti isə Fransanın NATO-dakı müttəfiqlərinə xəbər vermədən üsyançılara hərbi sursat göndərdiyi haqda məlumat verib. Fransa Liviyada birlikdə hərəkət etdiyi müttəfiq qüvvələrlə məsləhətləşmədən, Qəzzafiyə qarşı vuruşan üsyançılara hərbi sursat köməkliyi göstərib.
“Le Figaro” məlumatı Fransa Müdafiə Nazirliyi tərəfindən sızdırılan gizli sənədlərə istinadən yayıb.
“Fransanın silah yardımı paytaxt Tripolinin cənubundakı Qəzzafi tərəfdarları ilə üsyançılar arasında gedən döyüşlərdə vəziyyətin müxaliflərin xeyrinə dəyişməsinə səbəb olub. Nəticədə üsyançılar diktatora sadiq silahlıları geri çəkilməyə məcbur edib. Fransa hava yolu vasitəsilə Liviyanın qərbindəki qəsəbələrdə sığınan üsyançılara raket, pulemyot və ağır lüləli hücum silahları paylayıb”, – deyə “Le Figaro”nun xəbərində bildirilir.

Tural