Milyonları mənimsəyən hakimiyyət mətbuata ayrılan bir neçə min manata xəsislik edir
Bir neçə ildir ki, dövlət başçısının sərəncamıyla Milli Mətbuat Günündə mətbuat orqanlarına birdəfəlik yardımlar ayrılırdı. Amma bu il iyulun 22-də – Milli Mətbuat Günündə həmin ənənənin pozulacağı gözlənilir.
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov APA-ya müsahibəsində deyib ki, bu il üçün dövlət tərəfindən qəzetlərə birdəfəlik yardım ayrılması nəzərdə tutulmayıb. Hökumət rəsmisi bu addımı belə izah edib: “Bu cür yardımlar bir qayda olaraq Milli Mətbuat Gününün yubiley illərində ayrılır”.
Əli Həsənovun bu izahatının şərhə ehtiyacı var. Çünki PA-nın şöbə müdiri bilərəkdən, ya da bilməyərəkdən yanlışlığa yol verir. Məsələ burasındadır ki, mətbuata birdəfəlik yardımlar üç ildir ayrılır ki, bunların da yalnız biri – ötənilki yubiley ilinə təsadüf edib.
Görünür, milyonları mənimsəyən hakimiyyət mətbuata ayrılan bir neçə min manata da xəsislik edir. Ölkədə hakimiyyətin nəzarəti altında olan mətbu orqanların (medianın təxminən 95 faizi) maliyyə sarıdan problem yaşamadığını nəzərə alsaq, belə nəticə çıxır ki, iqtidar onsuz da maddi sıxıntı yaşayan müstəqil və müxalifyönlü medianın durumunun ağırlaşmasında maraqlıdır.



