kiv-df

Klassikləri bizə yaxından tanıdan ədəbiyyatçı alim

Füzuli və Nizaminin yorulmaz araşdırıcısı

 

Azərbaycan ədəbiyyat tarixində mühüm rol oynamış simalardan biri də Həmid Araslıdır. Onun klassik irsin öyrənilməsi ilə bağlı fəaliyyətinin mühüm hissəsi Nizami və Füzuli yaradıcılığının tədqiqi istiqamətində olmuşdur. SSRI və dünya ədəbiyyatşünaslığında yanlış konsepsiyaların geniş yayıldığı bir zamanda Nizami sənətinin milli ruhuna xüsusi həssaslıqla yanaşmış, “Şairin həyatı”, “Nizami Gəncəvi əsərləri” və ayrı-ayrı tədqiqatlarında şairin öz irsinə əsaslanaraq onun türkcə düşünüb farsca yazdığını elmi dəlillərlə sübut etmişdir. Alim Nizami sənətinin XII əsr Azərbaycanında təsadüfi hadisə olmadığını, şairi ictimai-mədəni yüksəlişlə səciyyələnən əlamətdar bir dövr, mərhələnin yetirdiyini söyləyir. H.Araslı Nizaminin Qumdan olması haqqındakı əfsanəni alt-üst etmişdir.
O, Məhəmməd Füzulinin də ardıcıl tədqiqatçısı və Azərbaycandan uzaqlarda tanınan naşiri olmuşdur. Şairin həyat və yaradıcılığının müxtəlif problemlərinə həsr etdiyi 20-dən artıq məqaləsi və çoxillik araşdırmalarının yekunu – rus və Azərbaycan dillərində nəşr edilən “Böyük Azərbaycan şairi Füzuli” monoqrafiyası var.
Həmid Araslı 1909-cu ildə fevral ayının 23-də Gəncədə dünyaya göz açmışdır. Atası Hacı Məhəmmədtağı Ərəszadə zəmanəsinin mükəmməl təhsilli alim-ruhanilərindən olmuşdur. Atası qəzetlərdə çıxış edər, şəriət məsələləri ilə bağlı mülahizələr söylərdi. Ərəb dilindən etdiyi bəzi tərcümələri və yazdığı “Vəşrihi-fəraiz” adlı kitab alimin kitabxanasında saxlanılır. H.Araslı iki yaşına çatmamış atası vəfat etmişdir. Anası Dürrübəyim xanım savadlı qadın olmuş, oğlunda xalq yaradıcılığına dərin maraq aşılaya bilmişdi.
H.Araslı 1915-ci ildə Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə təhsil almağa başlayır. Çox keçmir ki, o, anasını da itirir və qohumlarının himayəsində yaşamalı olur. 1922-ci ildə Gəncə Darülmüəllimi Seminariyasında təhsilini davam etdirir. 1926-cı ildə seminariyanı bitirib Nəbiağalı kənd məktəbində əvvəlcə müəllim, sonra isə direktor vəzifəsində işləyir. O, bu illərdə folklor nümunələrini toplamaqla məşğul olur, tələbələrini də bu işə cəlb edir. 1929-cu ildə Bakıya gəlib Azərbaycan Dövlət Pedaqoji Institutunun dil və ədəbiyyat fakültəsinə daxil olur. Institutu vaxtından əvvəl bitirib 1931-ci ildə Gəncəyə qayıdaraq maarif şöbəsində müdir müavini vəzifəsinə təyin olunur. 1932-ci ildə Bakıya gəlib aspiranturada təhsil almaqla yanaşı, keçmiş SSRI EA-nın Azərbaycan filialının nəzdində təşkil olunmuş kitabxananın şərq şöbəsində müdir işləyir. Həmin illərdə Şərq əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu yaratmaq kimi mühüm bir işə başlayır və tezliklə yaratdığı fondun direktoru olur.
1935-ci ildən elmi yaradıcılığa başlayır. Bir il sonra (1936) Azərbaycan Yazıçılar Ittifaqına üzv qəbul edilir.
1938-ci ildə fondda saxlanılan əlyazmalar içərisində sovet ideologiyasına uyğun olmayan nümunələr aşkar edib onu işdən azad edirlər. 1938-39-cu illərdə “Azərnəşr”in Bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsinə qəbul olunur. 1938-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində orta əsrlər Azərbaycan ədəbiyyatı tarixindən dərs deməyə başlayır.

 

Təzyiq və hücumlar qarşısında

1939-cu ildə Nizami adına Azərbaycan Ədəbiyyatı və Dili Institutunda orta əsrlər ədəbiyyatı, 1957-ci ildə isə mətnşünaslıq şöbələrinə rəhbərlik edir. 1943-cü ildə “XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi adını alır. 1944-cü ildə Azərbaycan Dövlət Universitetində Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunur. 1954-cü ildə “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bir il sonra ona professor adı verilir. H.Araslı 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilir. 1968-ci ildə Özbəkistanın, 1979-cu ildə Azərbaycanın əməkdar elm xadimi adına layiq görülüb. H.Araslı XX əsr Azərbaycanının elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyi olan şəxsiyyətlərdən biri idi. Şərq xalqlarının ədəbi-bədii fikir tarixinə, qədim türk, fars, ərəb dillərinə yaxşı bələd olan alim tədqiqatlarında olduğu kimi, dərsliklərində də klassik şeirimizin incəliklərinin elmi-nəzəri şərhinə xüsusi diqqət yetirmiş, nəsilləri milli türkçülük ruhunda tərbiyələndirmək, soykökümüzlə bağlı məsələləri doğru-düzgün şərh etmək üçün əlindən gələni əsirgəməmişdir.
Alimin yaradıcılığının mühüm bir dövrü repressiyanın baş alıb getdiyi ağır illərə təsadüf edir. Dəfələrlə haqsız tənqidlərə, xüsusilə də “Kitabi-Dədə Qorqud”un nəşri ilə bağlı təzyiq və hücumlara məruz qalır. Ancaq prinsipiallıq göstərərək yad təsirlərə uymur, öz mövqeyini sona qədər qətiyyətlə müdafiə edir. “Kitabi-Dədə Qorqud”la bağlı deyilənlərin müqabilində nə öz “günahını” boynuna aldı, nə də abidə ilə bağlı deyilən sözlərlə razılaşdığını dilinə gətirdi. “Dədə Qorqud” eposu ilə yanaşı, Xaqani, Xətai, Hadi, Səməd Vurğun yaradıcılıqlarının yanlış mövqedən qiymətləndirildiyi zamanlarda da öz mövqeyini dəyişmədi.
Onun ədəbiyyat tariximizlə bağlı mühüm xidmətlərindən biri də 1960-cı ildə nəşr olunan üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi ”dir.        
Ana dilli ədəbiyyatımızın təşəkkülündə mühüm rol oynamış Qazi Bürhanəddin, Nəsimi, Kişvəri, Xətai, Füzuli kimi sənətkarların da ədəbiyyat tariximizdəki yerini müəyyənləşdirərək onların bədii-ictimai fikir tariximizə təsirini aydınlaşdırır.

Klassik irsimizin tədqiqatı

Şairlərimizdən I.Həsənoğlu, Q.Bürhanəddin, I.Nəsimi, Ş.I.Xətai, Kişvəri, Həbibi, Füzuli, Qövsi, Saib, Məsihi, Fədai, Vidadi, Vaqif və başqaları haqqında ilkin mötəbər tədqiqat, dəyərli elmi-nəzəri ümumiləşdirmələr də H.Araslıya məxsusdur.
H.Araslının nəşr etdirdiyi beş cildlik füzulişünaslığın inkişafında mühüm əhəmiyyət daşımışdır, dünya füzulişünas alimlərinin bu gün də müraciət etdikləri mötəbər mənbədir. H.Araslı Nəsiminin də ilk araşdırıcılarından sayılır, “Fədakar şair” oçerki, elmi məqalələr və Nəsimi əsərlərinin nəşrlərinə müqəddimələr yazmışdır. Nəsiminin 600 illik yubileyi ərəfəsində nəşr olunan -“Imadəddin Nəsimi” kitabçasında şairin həyatının bəzi qaranlıq məqamlarına aydınlıq gətirmiş, Nəsimi şeirinin dil və poetik ifadə gözəlliklərindən söz açmışdır.
H.Araslı mətnşünas alim kimi də çox məhsuldar olmuşdur. Onun bu sahədəki fəaliyyəti mətnşünaslıq elmimizdə ayrıca bir mərhələ təşkil edir. Alim müxtəlif illərdə Məhsəti, Nəsimi, Xətai, Füzuli, Saib, Qövsi, Vidadi, Vaqif və başqa görkəmli şairlərin əsərlərini dəfələrlə nəşr etdirmişdir.
H.Araslı müasir Azərbaycan folklorşünaslığını yaradan alimlərdən biri kimi də tanınır. O, şifahi xalq ədəbiyyatı və folklorumuzun tədqiqi sahəsində də böyük əmək sərf etmişdir. “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi” kitabı və “Aşıq yaradıcılığı” əsərlərində Qurbani, Sarı Aşıq, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər və başqa klassik aşıqların həyat və yaradıcılığı, XVII əsrdə yaranan “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah Ismayıl” və “Koroğlu” eposu haqqında oricinal elmi mülahizələr söyləmişdir.
Alim digər Şərq xalqlarının ədəbi irsinə də geniş maraq göstərmiş, Azərbaycan ədəbiyyatı və klassiklərimizlə bağlı olan Şərq şairləri Firdovsi, Cami, Hafiz, xüsusilə böyük özbək şairi Əlişir Nəvai irsini də tədqiq etmiş, orta əsrlər Azərbaycan ədəbiyyatının əlaqələrinə dair ilkin araşdırmaların müəllifi kimi də məşhurlaşmışdır.
H.Araslı elmi-tədqiqat işləri ilə təşkilatçılıq fəaliyyətini özündə birləşdirən elm adamlarından idi. Respublikanın mədəni-ictimai həyatında yaxından iştirak edirdi. Nizami adına Ədəbiyyat Muzeyinin yaranmasında onun böyük zəhməti olmuşdur.
H.Araslı həyatı boyu yüksək ixtisaslı kadrların hazırlanması üçün də fədakarlıqla çalışmış, təkcə Azərbaycanda deyil, Özbəkistanda, Türkmənistanda və Tatarıstanda aspirant, dissertant və doktorantlara rəhbərlik etmiş, onlarca elmlər doktoru, 50-yə qədər elmlər namizədi yetişdirmişdir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir