Kafedə silahlı insident – 1 nəfər güllələndi

«Azadlıq»ın əməkdaşı silahlı insident baş verən kafedə oldu

Bakıda ötən gün silahlı insident baş verib. Bu barədə APA-ya Nəsimi Rayon Polis Idarəsindən bildirilib. Hadisə səhər saatlarında 1-ci mikrorayon, 20 Yanvar küçəsində yerləşən “Arzular” kafesində qeydə alınıb. Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Ruslan Ələkbərov döş qəfəsindən güllələnib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisə barədə polisə məlumat daxil olan kimi əraziyə əməliyyat qrupu gəlib. Hadisə yeri müayinə olunub, ərazidən bir neçə giliz götürülüb. Araşdırmalar zamanı hadisəni Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Ilqar Əbdürrəhmanovun törətdiyi məlum olub. Hazırda polis həmin şəxsin tutulamsı istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Polisdən bildirilib ki, hadisəni törədən I.Əbdürrəhmanov Bakıdakı hərbi şəhərciklərdən birində yaşayır. Məhz buna görə də onun hərbçi olduğu ehtimal olunur.
Faktla bağlı cinayət işi başlanıb, hadisənin motivi araşdırılır.
Ötən gün biz sözügedən ünvanda olduq. “Arzular”da təxminən saat 15 radələrində olsaq da, kafedə işçilərdən başqa heç kim gözə dəymirdi. Halbuki həmin saatlarda yaxınlıqdakı bütün kafelərdə “qızğın” iş gedirdi. Hadisə ilə bağlı kafenin işçilərindən məlumat almaq istəsək də, heç nə demədilər. “Burada heç nə olmayıb. Ilk dəfədir sizdən eşidirik” dedilər.
Ancaq ətrafdakı dükan sahibləri və kafenin yaxınlığındakı taksi sürücülərindən hadisə ilə bağlı məlumat əldə edə bildik. “Azadlıq”a danışan şəxslər böyük ehtimalla olayın pul üstündə baş verdiyini söylədilər: “Səhər saatları idi. Birdən xəbər aldıq ki, içəridə atışma olub. Yaralanan şəxsin vəziyyəti çox ağır idi. Çox güman ki, hadisə pul üstündə olub. Çünki olayın şahidlərindən biri bizə dedi ki, mübahisə zamanı tez-tez ”mənə filan qədər verməlisən” deyilirmiş”.

Ramin DEKO