Ingilisdilli Novruzəlilər…

Son zamanlar Azərbaycanda özünü xüsusiləşdirmiş, az qala, ali irq elan etmiş bir qrup var ki, özlərini “ingilisdillilər” adlandırmaqla sanki ətrafdakılara daha üstün olduqlarını nümayiş etdirməyə çalışırlar. Təbii ki, xarici ölkədə təhsil almaq, müxtəlif dillərə yiyələnmək gözəl şeydir. Amma indiyi halda, müəyyən istisnalarla Azərbaycanda bunun hansısa formada gözəl olduğunu söyləmək mümkün deyil. Özünü “qara camaat”dan saymayan, sanki Aydan gəlmiş kimi, üstünlük havasında olan “ingilisdillilər” bu gün heç bir sosial mahiyyət daşımır. Müəyyən istisnalarla, xaricdə oxuyub gəlmiş, müxtəlif dilləri bilən gənclərimizi, ictimai fəallığı ilə seçilən, yaxud da ölkədə gedən demokratikləşmə uğrunda mübarizə aparanların sırasında görmürük.

Misir, Tunis, hətta Yəməndə baş verən inqilablarda da məhz xarici ölkələrdə təhsil alan, müasir dövrün texniki imkanlarını gözəl bilən gənclər böyük rol oynadılar. Bu gün Misir gəncliyi bütün dünyaya örnək göstəriləcək hala gəlib. Onlar mədəni dünyada gördüklərini məhz öz ölkələrində tətbiq etmək, müasir dünyanın parçası ola bilmək üçün mübarizəyə qalxdılar və “Şərq demokratikləşməyə hazır deyil” kimi düşüncəni də darmadağın etdilər.

Bəs Azərbaycanda hər il xaricə təhsil almağa gedən, sonra ölkəyə qayıdıb hər hansı şirkətdə yüksək məvacibə çalışıb, elitarlığı sayılıb-seçilən restoranlarda əyləşmək çərçivəsində anlayanlar heç bir ictimai fəaliyyəti olmayan Novruzəlidən, Fatmanisədən nə dərəcədə daha faydalıdır? Savadlı ilə savadsızın diktatura rejimilə barışıb sakit oturmasındakı fərqi müqayisə edəndə görürük ki, birincilərin susması, barbar rejimin hökmranlığı altında yaşamağı rahatca qəbul etməsi daha çox ikrah doğurur.

Təbii ki, bu deyilənləri hamıya aid etmək olmaz. Bu gün ölkədə gedən proseslərdə yaxından iştirak edən xaricdə təhsil almış gənclər var, amma onlar azlıq təşkil edir. Dünya görüşünün geniş olması, fərqli düşüncə tərzi real həyatda özünü fəaliyyət olaraq göstərmirsə, deməli, onlar savadsız sayıb da bəyənmədiklərindən də aşağıdadırlar. Çünki bilənlə bilməyənin məsuliyyəti eyni deyil. Bilmədən fəaliyyətsizlik başqa, bilib buna laqeyd qalmaq bambaşqadır.Muğamı bəyənməyib aşağılayan, xarici müğənnilərə qulaq asıb onların albomlarının adlarını əzbərdən bilən, bunları da fərəhlə deyib, özünü göylərdə görüb, sonra da ölkədəki diktatura rejiminin yaratdığı vəziyyətə laqeyd qalanla, piştaxta arxasında durub bir toy mahnısına qulaq asan, bayağı müğənnilərimizin mahnılarının adları əzbərdən bilib də eyni laqeydliyi nümayiş etdirən biri arasında hansı fərqin olduğunu müəyyənləşdirə bilmədim.

Insanın dəyəri onun sosial mahiyyəti, ictimai fəaliyyəti, baş verən haqsılığa qarşı dik duruşu ilə dəyərləndirilir. Bu bəlkə də öz düzənini qurmuş, rahat həyat tərzini yaşayan ölkənin gəncliyi üçün aktual deyil. Onların əvəzinə ataları bu işi görüb. Amma diktatura rejimində yaşayan, özünü mədəni dünyanın bir parçası sayan gənclik üçün belə bir komfort ola bilməz. Diktatura barbarlıqdırsa, onunla barışıb “sülh şəraitində” yaşaya bilmək, heç bir narahatlıq hiss etmədən, təkcə yaxşı maaşla istədiyin kimi yaşamaq heç də mədəni insan olmaq deyil. Barbarlığı paylaşırsansa, ən azı, sən də barbar kimisən…

Misir, Tunis, Yəmən gəncliyi qədər ola bilməyən bugünkü “ingilisdillilərimiz”in heç bir sosial mahiyyəti yoxdursa, hər hansı xarici dili bilməsələr də ölkəsinin azad olması üçün hər cür möhnətə dözən adamlara “qara camaat” rişxəndi etməyə nə mənəvi haqqı var? Yaxud sabah bu ölkədə mütləq baş verəcək bir dəyişiklik həyata keçiriləndən sonra onlar hansı mənəvi haqla daha yaxşı yaşamaq üçün iddialar irəli sürəcəklər?

Bu gün dəyişiklik istəyən, mübarizə aparan gəncin “mən mübarizə apararkən sən hansı restoranda əylənirdin?” sualına nə cavab verəcəklər? Bax, bu mənim üçün çox maraqlıdır.