Polis zibil qablarını yığışdırdı, ərazini isə nəzarətə götürdü
Iyunun 28-də bir qrup naməlum şəxs Yeni və Köhnə Günəşlidə küçələrin divarlarına “Ilham istefa” şüarları yazıblar. Bu barədə “Azadlıq”a məlumatı divar yazılarının müəllifləri veriblər. Onlar adlarının açıqlanmamasını xahiş edir və bu tipli aksiyaların davamlı olacağını bildirirlər: “Qərara aldıq ki, bu tip aksiyalara start verək. Ona görə də Yeni və Köhnə Günəşlidə küçələrin divarlarına şüarlar yazmaq qərarına gəldik. Şüarları divara gecə saatlarında yazırıq ki, polis bunun qarşısını ala bilməsin”.
Onların sözlərinə görə, polis hadisə yerində keşik çəkir: “Bu tip aksiyaların effekti güclüdür. Çünki ”Istefa”, “Azadlıq” şüarları qışqıran insanları həbs edirlər. Onlar bir neçə dəqiqə qışqıra bilir. Bir neçə dəqiqə ərzində həmin insanları eşidən də olmur. Ancaq bizim divarlara yazdığımız şüarları səhər tezdən işə gedən insanlar görürlər. Hətta polis də bu şüarların qarşısında aciz qalıb. Səhərdən şüarları silməyə cəhd edirlər, ancaq bacarmırlar. Divara yazılan şüarların üzərinə rəng vururlar. Bu da böyük ləkə yaradır. Əksinə, ətrafdan baxanların diqqətini daha da cəlb edir. Bundan əlavə, zibil qablarının üzərinə də şüar yazmışdıq. Polis həmin zibil qabını ərazidən aparıb, özləri də keşik çəkirlər. Bizi axtarırlar, şüarları kimlərin yazdığını aşkarlamaq istəyirlər”.
Bu işi görənlər Günəşlidə 20-dən çox küçənin divarlarına gecə saatlarında “Ilham istefa!” şüarlarını yazıblar. Onlar deyirlər ki, getdikcə bu şüarlar paytaxtı bürüyəcək.
Ramin DEKO