“Eurovision”la bağlı Azərbaycandan zəmanət istənildi

Avropa Yayım Birliyi Bakıdan söz azadlığının təmin edilməsinə zəmanət istəyir

Yarışmanın hansı arenada keçiriləcəyi avqustda bəlli olmalıdır

 

İyunun 29-da Avropa Yayım Birliyi (EBU) və Azərbaycan İctimai Televiziyasının Bakıda keçiriləcək 57-ci «Eurovision» mahnı yarışması ilə əlaqədar ilk toplantısı olub. Görüş Cenevrədə baş tutub.

Bu barədə «Eurovision TV» məlumat yayıb (“Azadlıq” radiosu).

Görüşdə Avropa Yayım Birliyi müsabiqənin Azərbaycan üzrə yayımçısı olan İctimai Televiziyanı qaydalarla tanış edib.

Təşkilat standart tələblərlə yanaşı, Azərbaycandan müsabiqə zamanı təhlükəsizliyin qorunmasına, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə əsasən, iştirakçılar, azarkeşlər, akkreditə olunan jurnalistlər və ayrı-ayrı ölkələrin vətəndaşları üçün söz azadlığının təmin edilməsinə zəmanət istəyir. Bundan başqa, “Eurovision” müsabiqəsinə akkreditə olunan bütün jurnalistlərə müddətsiz viza verilməlidir.
Görüşdə həmçinin, bu müsabiqənin Azərbaycanda keçirilmə vaxtı da təsdiqlənib. Mayın 22-si və 24-ü yarışmanın yarımfinal, 26-da isə final mərhələsinin keçirilməsi qərara alınıb.

“Eurovision”-nın keçiriləcəyi yerə gəldikdə, İTV həm mövcud, həm də bu yaxınlarda tikilən yerlərin müxtəlif variantlarını nəzərdən keçirir. Gözlənildiyinə görə, müsabiqənin keçiriləcəyi yer haqqında qərar avqustda Təşkilat Komitəsinin iclasında qəbul ediləcək.
EBU “Eurovision-2012” yarışmasında səsvermə qaydasında dəyişiklik edəcəyini də açıqlayıb. Təşkilatın rəsmi saytında yer alan xəbərə görə, növbəti yarışmadan etibarən əvvəlki, yəni 2010-cu ilə qədər istifadə olunan səsvermə sisteminə qayıdılacaq. Səsvermə ancaq şou bitəndən sonra 10 dəqiqə ərzində həyata keçiriləcək.

Bu arada rasmi Bakı müsabiqədə Ermənistan da daxil olmaqla bütün ölkələrin nümayəndə heyətləri üçün lazımi şərait yaratmağa hazır olduğunu bildirib. Hökumətin mövqeyini Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov ifadə edib. “Müsabiqənin şərtlərinə uyğun olaraq Azərbaycan Bakıda keçiriləcək “Eurovision-2012”-nin bütün iştirakçılarının iştirakını təmin etməyə hazırdır”, – deyə Poluxov bildirib.

Yeri gəlmişkən, Ermənistanı “Eurovision 2012” müsabiqəsində kimin təmsil edəcəyinin artıq bəlli olduğu haqda da xəbərlər yayılıb. Erməni mənbələri xəbər yayıb ki, bu ölkəni Bakıdakı yarışda təmsil edəcək ifaçının adı tezliklə açıqlanacaq. Məlumatlara görə, hazırda bir sual müzakirə olunur – ölkənin müsabiqədə təmsilçisi Ermənistandan, yoxsa xaricdən olacaq?
Ermənistanı xaricdən təmsil edəcək ən real namizəd yeni yaradılmış “System of a down” qrupu hesab olunur. Hazırda müsabiqədə iştiraklarının şərtləri ilə bağlı qrupla danışıqlar aparılır.

Erməni mənbələrinə görə, əgər təmsilçinin ölkənin özündən olmasına qərar verilsə, onda bu, Razmik Amyan olacaq.

İnformasiya şöbəsi