eldar-ezizov

“Bazarkom” icra başçısını da “tapdalayır”

Rəşid Babayev Eldar Əzizovun fəaliyyətinə son qoyduğu bazarı yenidən işlədir

Sumqayıtda “Şərq bazarı” qalmaqalı yeni məcraya yönəlir. 66 sahibkarın dükanını əlindən almaq üçün hərəkətə keçən bazarın direktoru Rəşid Babayev, hətta şəhərin icra başçısı Eldar Əzizovun tapşırıqlarına belə, məhəl qoymur.
“Azadlıq”a məlumat verən qaynağın sözlərinə görə, Rəşid Babayevin bu qədər arxayın olmasının səbəbi arxasında dayanan fiqurların güclü olmasıdır. Həmin fiqurların verdiyi dəstək hesabına əminliklə hərəkət edən Babayev artıq yeni bir planını icra etməyə başlayıb.
Məlumatda bildirilir ki, bir müddət əvvəl Sumqayıtda maşın yolunun üzərində yerləşən, antisanitariya şəraitində fəaliyyət göstərən bazar var idi. Böyük əksəriyyətin narazılıq etdiyi və çirkab içində itib-batan həmin “bazar”ın fəaliyyətinə isə icra başçısı Eldar Əzizovun əraziyə gəlməsindən sonra “son” qoyuldu. Təsadüf nəticəsində həmin “bazar”a baş çəkən Əzizov Babayevdən narazılığını belə gizlətməyib.
Bu işdən sonra Eldar Əzizov həmin bazarın sökülməsinə start verib. Daha doğrusu, bu söküntü müvəqqəti xarakter alıb. Hətta Rəşid Babayev onun yerinə asfalt belə, çəkdirib. Bunun ardından isə işə icra başçısının müavini Akif Quliyev qarışıb. Asfalt döşənmiş əraziyə vaxtaşırı baş çəkən Quliyev açıq-aşkar yeni piştaxtaların harada və necə qurulması barədə göstəriş verib. Hazırda isə həmin yerdə bazar yenidən fəaliyyətə başlayıb. Böyük əksəriyyət elə zənn edirdi ki, bəlkə də bu yeni bazar əvvəlki kimi olmayacaq. Ancaq tamam əksi baş verib. Indi burada vəziyyət belədir ki, əvvəlkindən daha dəhşətli antisanitariya yaranıb.
Məlumatda deyilir ki, açıq havada yerləşən və heç bir sənədi olmadan fəaliyyət göstərən “bazar”da hər piştaxtadan polis 10 manat, “bazarkom” 10 manat haqq alır. Bundan başqa, “Sanepidstansiya”nın həkimi Əkbər müəllim meyvə-tərəvəzi gözü ilə “analiz” etməsinə görə 2 manat alır. Qaravoluçu isə 1 manata bazarı yola verir.
Maraqlı məqam odur ki, bazarın yerləşdiyi ərazinin Rəşid Babayevə heç bir aidiyyəti yoxdur. Sənəd üzərində həmin ərazi Sumqayıt şəhər Icra Hakimiyyətinin balansındadır. Eyni zamanda, bazarın yerləşdiyi ərazinin adından böyük kanalizasiya boruları keçir. Ancaq buna baxmayaraq, “Şərq bazarı”nın “şefi” oradan pul yığır. Hərəkətlərinə isə belə haqq qazandırır ki, aldıqlarından yuxarılara da çatdırır.
Sahibkarlar deyirlər ki, hər halda belə olmasaydı, şəhərin mərkəzindəki çirkabın təmizlənməsi üçün tədbir görülərdi: “Rəşid Babayevə aidiyyəti olmayan bir ərazidə ticarət piştaxtaları qurmasına isə qəti imkan verilməzdi. Aydın məsələdir ki, Rəşid Babayevin bu qədər arxayınlığı onun söykəndiyi adamlara bağlıdır. O adamlara ki, onlar hətta qanunsuz fəaliyyətlərə hökmən bir don geyindirməyi bacarırlar”.

Ramin DEKO