Ayrıca araşdırmaları ilə tanınan ünlü jurnalistlərimiz – Xədicə Ismayılova ilə Şahvələd Çobanoğlunun bir-birinə bağlı iki araşdırması yayılıb. Birinci: “Azərfon” Ilham Əliyevin qızlarına məxsusdur”; ikinci: “Prezident övladlarının holdinqi – ”AtaHoldinq”. Mənim belə bir statusum olduğuna görə hər iki jurnalistimizə bu araşdırmalarla bağlı bütün xalqımızın alqışını, sağollarını yetirirəm! Tutduğunuz düzgün yolda Tanrı sizə yar olsun!!!Sözü gedən iki araşdırmadan çıxış edərək inamla bildirmək olar: ortada böyük, Yerə-Göyə sığmaz cinayət var – başında qabaqca ata, sonra oğul Əliyevin durduğu, belə desək, qlobal, Azərbaycanın sınırlarını aşan bir CINAYƏT!
Ş.Çobanoğlu uzun-uzadı araşdırma sonrası ortaya belə bir soru çıxarır: “Bəs birinci ailənin övladlarına məxsus ”AtaHoldinq” nə ilə məşğuldur? Bu haqda sualı bəlkə də belə qoymalıyıq nə ilə məşğul olmur? Bank işi, turizm, inşaat, sənaye, qida, lizinq, sığorta, texnologiya, telekommunikasiya, kənd təsərrüfatı, neft-qaz, alqı-satğı, bir sözlə, hər şey…”. Bəs, plovda ZƏFƏRAN kimi dərman biznesi? Görünür, burası dostumuzun yadından çıxıb. Şahvələd bəy sonra “birinci” ailənin biznes strukturlarının sıralamasını verir: adamın gözləri kəlləsinə çıxır – sən demə, bu ailədə baba, ata, arvad-uşaq… hamı biznes üzrə VUNDERKIND imiş! Ancaq burada ayrıca vurğulanası bir incəlik var: bu biznes OĞURLUQ, SOYĞUNÇULUQ, KORRUPSIYA biznesidir. Başqa cür desək, Afrika piratlarının – Somali dəniz quldurlarının biznesindəndir bu biznes!
Şahvələd bəy ortaya olduqca dəyərli, belə desək, fenomenal bir bəlit-sənəd çıxarıb. Bu bəlitə görə, Əliyevlər ailəsinin Azərbaycandan Güney Amerikayadək uzanan biznes imperiyasının başında 2008-ci ildə də… Heydər Əliyev dururmuş! Şahvələd bəy bu daşdan keçən bəlitə inamsızlıqla yanaşır. Niyəsi, sizi bilmirəm, mənə bəlli deyil. Burası bu gün də belədir, qardaşım, biz bu gün də Heydər Əliyev adlı xalqımıza yad bir imperialistin Azərbaycan adlanan ucqarında – əyalətində yaşamırıqmı? Biz hər hansı ölkə, xalq duyğusundan çox-çox uzaq bir “birinci” ailənin sonsuz hakimiyyəti altında hüquqsuzca yaşayan kimsələr deyilikmi? Bizə, mənliyini uca tutan, gerçəkləri yazan kimsələrə bunlar hələ də Elmar Hüseynova çıxarılan hökmü çıxarmayıblarsa, bizlər buna da sevinməli deyilikmi? Sözsüz, sevinirik, sevinə-sevinə də mənliyimizi uca tutur, çoxlarının satılıb susduğu bu ölkədə gerçəkləri dilə gətirməklə, yazmaqla Ölkəmizin, Xalqımızın, Dövlətimizin mənliyini qorumağa çalışırıq!
SSRI Prokurorluğunun müstəntiqi Koliniçenko yazır: “Respublika rəhbəri təyin olunan Heydər Əliyev vicdanlı, namuslu adamlardan qisas alırdı”. Görürsənmi, Şahvələd bəy (eləcə də Xədicə xanım!), Əliyevlərin bugünkü sınırsız biznes imperiyalarının kökü haralara gedib çıxır! Bu sınırsız imperiya bizim xalqımıza qarşı 40-50 illik qanlı repressiyalar üzərində qurulub! Istər hakimiyyətdə olsun, istər müxalifətdə: dünən də, bu gün də bu qanlı imperiyaya qulluq eləyənlərin adlarını yadda saxlamaq hamıya borc olmalıdır! Bütün kriminal rejimlərin böyüklü-balacalı kriminal qulluqçuları olur. Onların can qurtarmaq üçün yararlanmağa çalışdıqları sonrakı “bilməmişəm”lərinə indidən inanmayın! Axı, indiyədək açılmayan cinayətləri də siz açdınız…
“Holdinq” ingilis sözüdür, bizim dildə bir çox ortaqların, ortaqlıqların pay sənədlərinə yiyələnməyə, onları kontrolda saxlamağa deyilir. Başqa cür desək, holdinq baş ortaqlıq deməkdir. Əliyevlər ailəsinin dünyanın bu başından o başınadək uzanıb gedən “AtaHoldinqi” bu deməkdir. Azərbaycan belə bir HOLDINQ ailəsinin kontrolu altındadır.
Şahvələd bəyin yazısında “birinci” ailənin çox ilginc bir şəkli verilib. O şəkildə ata Əliyev başda olmaqla hamı gülür, bircə Ilham Əliyev gülmür. Ərəb ölkələrində bu günlər ortaya çıxanları sezməkmi bu?!