«Bakıda nə qədər vurulmuş, əzilmiş polis maşını varsa, hamısını işə qoşublar»
AXCP sədrinin müşaviri Sahib Kərimovun iş materialları ilə tanışlıq başa çatıb. Vəkil Yavər Hüseynin sözlərinə görə, artıq iş məhkəməyə göndərilib: “Istintaqın mövqeyi tamamilə əsassızdır. Işdə ittihamı təsdiq edən əhəmiyyətli sübutlar yoxdur. Yalnız polis ifadələrinə əsaslanıblar.
Maddi sübut kimi polis maşınlarını göstəriblər. Bakı şəhərində nə qədər vurulmuş, əzilmiş, qəzaya düşmüş polis maşını varsa, hamısını bu işə qoşublar. Qəzalı maşınların sayı-hesabı yoxdur. Zədələrdən görünür ki, onları əllə-ayaqla yetirmək mümkün deyil. Ya toqquşma olub, ya sürətli toxunma, ya da küt alətlə zərbə dəyib. Hətta onların arasında güllə yerləri olan maşın da var. Bundan başqa, işə bir neçə zəhmətkeş ifadəsini də daxil ediblər ki, guya, mitinqə görə onların istirahəti pozulub”.
«Hansı cinayəti törədiblər ki, hələ istintaqı da olsun?»
Istintaqı davam edən AXCP ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəmməd Məcidlinin qardaşı Əli Məcidlinin sözlərinə görə, iş üzrə hər hansı istintaq hərəkətlərinin aparılmasından söhbət gedə bilməz: “Bunlar hansı cinayət əməlinə yol veriblər ki, hələ bir istintaq da aparılsın? Məlum məsələdir ki, bu həbslər siyasi sifarişdir”.
Ə.Məcidli qardaşının səhhətindən və saxlanma şəraitindən narazılıq etmədiyini deyir: “Iki dəfə görüşmüşəm. Elə bir şikayəti yoxdur. Amma həbsxanaya düşən adamın təbii ki, psixoloji problemləri olur. Əsas narahatlığı istintaqın əsassız yerə uzanmasıdır”.
Gültəkin


