Yenə ortaya “ziyalı” söyləmələri çıxıb. “Ziyalı” olmasaq da, bizim də bu yöndə söz deməyimizə gərək var. “Ziyalı” ərəbcədir, bu AYDIN deməkdir. Görünür, ortada hansısa aydınlıq olmadığından, bizdə “ziyalı” faktoru ilə bağlı ortaya tez-tez polemik söyləmələr çıxır. Indi də elə.
Özləri adlarına “ziyalı” deyirlər, biz də deyək: ziyalı. Ziyalılar ziyalı sözünün eşidilməməsindən gileylənir, “ölkədə ziyalıya, dəyərlərə münasibətdə ucuzlaşma prosesi getdiyini, ziyalılara olan münasibətin onları dərindən sarsıtdığını” bildirirlər. Bunlar hamısı doğrudur – “dərindən sarsılmayadək”- çox-çox doğrudur. Bu hakimiyyət bu ziyalıları eşitmir. Açıq deyirəm: bu hakimiyyətin yerinə olsaydım, mən də bu ziyalıları eşitməzdim. Başqa cür desək, mən də bu ölkədə diktatura rejiminin başında dururkən, ziyalıları hər an pula, görəvə, mandata satılmaq üçün sinov gedən görüb, öz kefimə, hansısa işlərimi aşırmağa görə indi bu hakimiyyətin etdiklərini edərdim.
Baxın, görün: son 18 ildə ata-oğul əliyevlər nə çox özünə ziyalı deyəni millət üçün ziyanlıya çevirib. Hansı yolla? Pul, görəv, mandat verməklə! Görün ötən 18 ildə onlar neçə “xalq şairini”, neçə “xalq yazıçısını”, alimi, akdemiki əl quzusuna çeviriblər – pul, görəv, mandat verməklə! Müxalifətin içindəki diliuzun bir “xalq şairinə” iki yol mandat verib, biryolluq susdurdular. Müxalifətə yaxın olan diliuzun “xalq yazıçısına” bir mandat verib, 5 il susdurdular. Yadımdadır, iki qəzetin baş redaktoru Eynulla Fətullayev tutulanda jurnalistlər o yazıçı-deputatı danışdırmaq istəmişdilər. O da hər seçkidə bölgə-bölgə gəzib “müsəlman bacı-qardaşlarımızı” Əliyevlər rejiminə səs verməyə çağıran şeyxülislamın belə yerdə dediyini demişdi: “Məni siyasətə qatmayın!”.
Bəlli olduğu kimi, deputat mandatı öz-özlüyündə siyasi faktordur. Bizdə bir çox ziyalılar, tanınmışlar rejim qarşısında “po plastunski” gedişlərinə görə mandat aldıqlarından, xalqa gərəkən yerdə danışmaqdan, hansısa işdən yayınmaqdan ötrü mütləq belə deyirlər: məni siyasətə qatmayın! Rejim ölkəni rüşvətə, korrupsiyaya bürüyürkən, xalqı tapdayıb-əzirkən bu adamlar susurlar, özü də illərlə susurlar – pul, görəv, mandat alıb susurlar, bütün bunlar olmayanda danışmağa başlayırlar: hakimiyyət bizi eşitmir! Düz eləyir…
Alim Rafiq Əliyev sovet dönəmindən akademik Saxarovla, Sov.IKP MK-nın ideologiya üzrə katibi Suslovun kürəkəni ilə bağlı çox gözəl, yaddaqalan ziyalılıq örnəyi gətirir, sonra da bildirir: “ziyalının ziyalı statusu var idi”. R.Əliyev ziyalılıq örnəyini, göründüyü kimi, Azərbaycandan deyil, Moskvadan, indiki Rusiyadan gətirir. Buna görə onu qınaya bilmərik: istər sovetlər, istərsə də Əliyevlər dönəmi Azərbaycanında belə örnək tapmaq çətindir. Bizdə A.Saxarov kimi dissident akademikləri, A.Soljenitsın kimi dissident yazıçıları satqınlıqda, dönüklükdə suçlayan “ziyalı məktublarından” çox danışmaq olar. Bununla bağlı təkcə bizim “Milli” Elmlər Akademiyasında son illər akademik Əli Insanovla bağlı akademiklikdən qovma faktı nəyə desən dəyər! Prezident Administrasiyasından göstəriş gəldi, bütün akademiklər yığışıb bir akademiki akademiklikdən qovdu. Nə olar: belə göstərişlərdən tez-tez ola; bütün akademiklər tez-tez yığışıb bir akademiki akademiklikdən qovalar. Sonra da bizim “Milli” Elmlər Akademiyamız belə üzüyola, sözəbaxan akademiklərdən biryolluq qurtula!
“Ziyalının ziyalı statusu vardı” deməyə gəlincə, burası yanlış düşüncədir. Dünyanın hansı ölkəsində ziyalıya ayrıca status verilir? Ziyalılıq özü bir statusdur, bu isə böyük biliklə əyilməz-yenilməz, alınıb-satılmaz xarakter görsənişləri ilə qazanılır! Hər hansı antidemokratik hakimiyyətə, şər rejiminə boyun əyənləri, tapdanan insan hüquqları qarşısında dilsiz-ağızsız heyvan kimi susanları ziyalı adlandırmaq olarmı?!