Rayon prokuroru polis rəisinin müavinini hadisə yerinə buraxmayıb, ancaq öz sürücüsü «iş» başında olub
Biznesmenin övladları «Azadlıq»a nələri danışdılar?
Xaçmazda yerləşən “Arzu” Ticarət Mərkəzinin (Xaçmaz Mərkəzi Bazarı) direktoru Nəcimə Babayevanın qətlindən 9 ay (hadisə 2010-cu ilin sentybarın 15-də olub – R.D) ötməsinə baxmayaraq, istintaq işində hələ də heç bir yenilik yoxdur. Övladları analarının sifarişlə qətlə yetirildiyini iddia edirlər: “Bu günə kimi qətli kimin törətdiyi müəyyənləşməyib. Qətlin üstünü açmaq üçün onun motivini müəyyən etmək lazımdır. Motiv isə çoxdan bəllidir. Çünki anamız sifariş nəticəsində qətlə yetirilib”.
“Rasim Məlikov qanlı barmaqları dəlil kimi saymayıb”
Olayın təfərrüatlarını öyrənmək üçün ötən gün Xaçmazda olduq. Mərhumun övladları Gülnarə və Fuad Həbibovlar analarının ticarət mərkəzini özəlləşdirdiyini, yerli məmurların indi həmin mərkəzi onlardan almağa çalışdığını bildirib: “Anamız sağlığında o insanlarla mübarizə apara bilirdi. Bütün məhkəmə çəkişmələrini də udmuşdu. Gördülər ki, bazarı ondan ala bilmirlər, anamı öldürdülər. Dəfələrlə onu da, bizi də hədələmişdilər. Lakin anam geri çəkilmirdi”.
Ailə üzvlərinin sözlərinə görə, qətldən sonra hadisə yerinə gələn Xaçmaz rayon prokurorunun səlahiyyətlərini icra edən Rasim Məlikov bir sıra müəmmalı hərəkətlərə yol verib. Prokuror qətl baş verən mənzildə əl və ayaq izlərini, ümumiyyətlə, götürməyib.ÿ Hətta mərhumun qızı Gülnarə Babayeva qatilin hamamın qapısındakı qanlı barmaq izlərini prokurora göstərsə də, o, bunu dəlil kimi saymayıb. Məlumatı G.Babayeva da təsdiqləyir. Bizimlə söhbətdə o qeyd etdi ki, həqiqətən də qatilin əl və ayaq izləri olan yerləri R.Məlikova göstərib. Lakin prokuror buna əhəmiyyət verməyib.
Bundan başqa, prokurorun sürücüsünün də hadisə yerində göstərdiyi xüsusi “canfəşanlıq” ÿkifayət qədər maraqlıdır. Prokurorun qohumu olan həmin şəxs qətldən sonra N.Babayevanın həyətinə toplaşmış şəxslərə bir-bir yaxınlaşaraq, onlara qətlin ailə üzvlərindən birinin törətdiyini deyirmiş. Bu azmış kimi, başqalarını da bu işə cəlb edərək, onların da belə bir şayiə yaymalarına cəhd edirmiş.
Digər bir məsələ də odur ki, hadisə yerinə baxış keçirilən zaman prokuror Xaçmaz rayon Polis Şöbəsinin rəis müavininə orada araşdırma aparmağa imkan verməyib.ÿ Rəis müavininə hətta otaqlara girməyi yasaqlayan prokuror R.Məlikov buna rəğmən öz sürücüsü ilə bütün evi gəzib. Yəni rəis müavininə imkan verməyən prokuror sürücüsünə ondan daha üstün bir şəxs kimi yanaşıb.
Işin ikinci qaranlıq tərəfi ondan ibarətdir ki, qətldən sonra prokuror R.Məlikov N.Babayevanın ailə üzvlərini təhdid etməyə başlayıb.ÿ Adıçəkilən şəxsÿ əvvəlcə mərhumun qızı G.Babayevanı rayon prokurorluğuna çağıraraq, ondan ifadə almaq yerinə, təhdidə baş vurub. Belə ki, R.Məlikov əvvəlcə G.Babayevadan qətllə bağlı şikayətlərini geri götürməsini istəyib. Buna rədd cavabı aldıqdan sonra isə, ona başına oyun açacağını, rayonda biabır edəcəyini və digər hədələyici sözlər deməyə başlayıb.
Prokuror 9 ayda hansı işləri görüb?
Hazırda bazarın direktoru olan Gülnarə xanım deyir ki, prokuror Məlikov onu ifadə vermək üçün rayon prokurorluğuna dəvət etdikdən sonra orada təhdid olunub: “Rasim Məlikov mənimlə söhbət zamanı əvvəlcə işi ört-basdır edəcəyinə işarə vuraraq danışırdı.ÿ Daha sonra mənim israrlarımı görüb, dolayı təhdidlərə başladı. Bildirdi ki, əgər ailə üzvlərimiz anamızın qətli ilə bağlı cinayətin araşdırılmasını Baş Prokurorluğa göndərilməsi və işi onların araşdırmasını tələb edərsə, bu işin axırı yaxşı olmayacaq. Daha sonra isə bildirib ki, bu baş verəcəyi təqdirdə məni bütün rayonda biabır etdirəcək. Yəni, adıma əxlaqsız sözü yapışdıracaq. Həm də bir yol tapıb qardaşlarımı həbs etdirəcək”.
Maraq üçün qeyd edək ki, Rasim Məlikov mətbuata açıqlamasında ÿhəmin cinayət işinin baş prokuror Zakir Qaralovun nəzarətində olduğunu bildirib: “Zakir Qaralovun göstərişi ilə həmin cinayət işinin araşdırılması prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə istintaq Idarəsinə tapşırılıb. Prokurorluq cinayət işinin açılması üçün əlindən gələni edir”.
“Icra başçısı Şəmsəddin Xanbabayevlə rayon prokuroru bu işdə maraqlıdır. Davamlı şikayətlərimizdən sonra Soltanhəmid Ismayılovu guya cəzalandırdılar, onu Tovuza prokuror göndərdilər. Rasim Məlikov özü isə bu gün də Xaçmazın prokuroru olmaqla bizə qarşı hər cür qanunsuzluğa gedir. Xanbabayevin birinci müavini Akif Mərdanov isə sıravi vətəndaş kimi Məlikova müraciət yazıb, anamın direktoru olduğu ticarət mərkəzinin fəaliyyətinin dayandırılmasını, əvəzində isə yeni ticarət mərkəzinin yaradılmasını tələb edib. Bu faktlar bazarı anamın əlindən kimlərin almaq istəməsini açıq-aşkar ortaya qoyur” – deyir mərhumun oğlu Fuad Həbibov.
***
Xaçmazda olan zaman rayon sakinləri ilə də söhbət etdik. Onlar Nəcimə Babayevanın qətlə yetirilməsi və bu cinayətin hələ də açılmamasından narahat olduqlarını dilə gətirdilər. Fikirlərini “bu cür olaya ögey münasibət bəslənirsə, o deməkdir ki, sabah başqa bir adamı öldürüb qanını asanlıqla batıracaqlar” kimi izah edirlər…
Ramin DEKO,
Bakı-Xaçmaz-Bakı