Suriya diktatoru isə etirazçıları qırdirmaqda davam edir
Bəşər Əsəd rejiminin amansız tədbirləri və qanlı əməliyyatlarına baxmayaraq hakimiyyət əleyhdarları etriazlarını davam etdirir. Suriya diktatorunun bəzi müxaliflərlə görüşməsini və islahat vədlərini məqbul saymayan hakimiyyət əleyhdarları iyunun 28-dən 29-na keçən gecə ölkənin müxtəlif bölgələrində etiraz aksiyaları keçiriblər.
“Newlebonan” xəbər saytınının məlumatlna görə, Həma şəhərində keçirilən etiraz aksiyası zamanı Bəşər Əsəd ilə qardaşı Mahir Əsəd əleyhinə şüarlar səsləndirilib.
İdlib bölgəsinin kəndlərində də Əsəd rejiminə qarşı minlərlə insanın qatıldığı etiraz aksiyası keçirilib. Hökumət qüvvələri etirazları yatırmaq və bundan sonra gözlənilən aksiyaların qarşısını almaq üçün kəndlərdə əməliyyatlara başlayıb.
Təhlükəsizlik əməkdaşlarının İdlibin Rama və Orun əl Joz kəndlərində silahlı əməliyyatı zamanı 4 nəfər dünyasını dəyişib. Tank və zirehli texnikanın müşaiyyəti ilə kəndlərə daxil olan əsgərlər müxalifət tərəfdarlarını gülləboran edib. Evlərə soxularaq mitinqlərə qatılan və qatılmaqda şübhəli bilinən şəxsləri həbs ediblər. “Reuters” agentliyinə açıqlama verən Suriya İnsan Haqqları Təşkilatının sədri Əmmar Kurabi İdlibin Rama və Orun əl Joz kəndlərində ağır silah səslərinin eşidildiyini bildirib.
Bu arada İsrail hökuməti Suriya diktatoru Bəşər Əsədə xəbərdarlıq məktubu ünvanlayıb. İsraildə yayımlanan “The Jerusalem Post” qəzetinin yazdığına görə, xəbərdarlıq məktubu türk vasitəçilərlə Bəşər Əsədə çatdırılıb. Məktubda Bəşər Əsədə xəbərdarlıq edilib ki, İsrailə qarşı hərbi əməliyyata başlasa o özü şəxsən İsrailin hədəfinə çevriləcək.
Xatırladaq ki, Suriya diktatoruna xəbərdarlıq məktubu göndərilməsinin səbəbi İsrail kəşfiyyatının sərhəddə Suriya qoşunlarının yüksək hazırlıq vəziyyətinə gətirilməsini aşkara çıxarmasıdır. Bu ərəfədə Suriya “Yer-yer” tipli raketlərin dislokasiya yerlərini dəyişdirməyə başlayıb. Bununla əlaqədar İsrail ordusu da döyüş hazırlığı vəziyyətinə gətirilib.
İnformasiya şöbəsi



