Rəqibindən Cavid Qurbanova daha bir ittiham

İmamverdi Cəfərov: «Cavid Qurbanov sabah indi təmsil olunduğu YAP-ı da dana bilər»

Bir neçə gün əvvəl telekanalların birində Aşıq Şəmşirlə düzənlənən tədbirdən görüntülər yayımlandı. Tədbirdə diqqət çəkən məqamlardan biri Göygöl rayonunda Aşıq Şəmşirə ucaldılmış büstə və rayonun mərkəzi küçələrindən birinə onun ad verilməsinə görə indiki hakimiyyətə təşəkkür çıxışları oldu. Halbuki rayon mərkəzində Aşıq Şəmşirin büstünün qoyulması və onun adına küçə verilməsi parlament seçkilərində el sənətkarının nəvəsi “Azəryolservis”in şefi, deputat Cavid Qurbanovun rəqibi olmuş Imamverdi Cəfərovun əməyidir. Bunu Imamverdi Cəfərovun özü hələ seçki kampaniyası dövründə Cavid Qurbanovun ittihamlarına cavab verərkən “Yeni Müsavat” qəzetinə açıqlamışdı.
Lakin Aşıq Şəmşirlə bağlı keçirilən tədbirdə Imamverdi Cəfərovun adı, ümumiyyətlə, çəkilmədi. Tədbirdə iştirak edən tanınmış kəlbəcərlilərdən birinin verdiyi məlumata görə, bu haqsızlıq onların da narazılığına səbəb olub. “Hətta buna görə tədbiri tərk etmək istəyənlər var idi. Sadəcə Aşıq Şəmşirin ruhuna hörmət olaraq bu fikirlərindən daşındılar”,- deyə həmin kəlbəcərli bildirib.
Məsələ ilə bağlı Imamverdi Cəfərovun da mövqeyini öyrənmək istədik. Bu məqsədlə onun mobil telefonuna zəng vurduq. Imamverdi Cəfərov əvvəlcə məsələyə münasibət bildirmək istəmədi. Lakin sonradan “fikirlərim olduğu kimi veriləcəksə, danışa bilərəm” deyə razılaşdı. Imamverdi Cəfərovun dediklərini olduğu kimi təqdim edirik: “Aşıq Şəmşirin büstü və onun adına küçə verilməsi 1990-cı ildə  mənim sərəncamımla baş tutub. O zaman mən Xanlar (Göygöl) şəhər Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin sədri işləyirdim. O dövrdə prezident Ayaz Mütəllibov idi. Heç o dövrdə Cavid Qurbanov adlı birinin də kim olduğu bəlli deyildi.
Yeri gəlmişkən, Cavid Qurbanov həmişə məclislərdə mənim sağlığıma badə qaldıranda deyirdi ki, Imamverdi Cəfərov babamın xatirəsini yad edən ilk və yeganə adamdı.
Lakin həmin tədbirdə mənim adımın çəkilməməsi məni təəccübləndirmir və bunu əhəmiyyətsiz məsələ hesab edirəm. Çünki Cavid Qurbanov keçmişini danmağa vərdiş edib. “Bozqurdçu”, “cəbhəçi”, hətta “lazım gələndə” kəlbəcərli olduğunu danaraq özünü Göyçəli Aşıq Abdalın nəticəsi kimi qələmə verən Cavid Qurbanov kimi insandan bu gözlənilən idi. O, sabah indi təmsil olunduğu YAP-ı da dana bilər”.
Imamverdi Cəfərov daha sonra Aşıq Şəmşirin büstünün qoyulması və adına küçə verilməsinin tarixçəsini danışdı: “Mən Xanların mərkəzi küçələrindən birinə Aşıq Şəmşirin və böyük alim Xudu Məmmədovun adının verilməsi barədə sərəncam vermişəm. Bundan sonra yerli əhali məndən şikayət edib. Rayon partiya komitəsinin birinci katibi mənə dedi ki, guya büdcəyə ayrılan vəsaiti təyinatı üzrə xərcləməmişəm və buna görə ərizə yazıb işdən çıxmalıyam. Həmçinin bu barədə rayon prokurorluğuna da göstəriş verildi ki, məsələ araşdırılsın. Vəziyyətin gərgin olduğunu görüb o zamankı prezident Ayaz Mütəllibova teleqram vurdum ki, məni qəbul etsin. Onun köməkçisi rəhmətlik Gürşad Zərbəliyevlə yaxın münasibətlərim var idi. Ona dedim ki, Ayaz Mütəllibovla görüşümü təşkil etsin. Bir qədər sonra cavab verdi ki, səninlə o zamankı şöbə müdiri Səbuhi Abdinov görüşəcək. Səbuhi müəllim hazırda sağdı və dediklərimi təsdiq edə bilər. O, məni qəbul elədi. Xanların birinci katibi Aşıq Şəmşiri tanımasa da, Səbuhi müəllim tanıdı. Və gördü ki, mən hansısa yerlimə və qohumuma büst qoymamışam. O, birinci katibə zəng vuraraq bu məsələdə hər hansı qaranlıq məqsədi olmadığını bildirdi. Bundan sonra Aşıq Şəmşirlə bağlı mənə qarşı hücumlar səngidi.
Mən başa düşürəm, Cavid Qurbanov mənə verilən səslərlə mandat alıb. O, haqqı ayaq altına atan, mən isə haqqı müdafiə edənəm. Vaxt gələcək ki, haqqı ayaq altına atanlar öz cəzasını alacaq. Onu da deyim ki, Aşıq Şəmşirin adının əbədiləşdirilməsinə peşman deyiləm. Biz onu Cavid Qurbanovun babası kimi yox, bütün kəlbəcərlilərin Şəmşiri kimi tanıyırıq və sevirik”.